"Azərbaycan dünyada inflyasiyanın ən aşağı olduğu ölkələrdən biridir"

19:31 | 02.02.2015

"Azərbaycan dünyada inflyasiyanın ən aşağı olduğu ölkələrdən biridir"

Mərkəzi Bankın İdarə Heyətinin 2014-cü ilin yekunlarına həsr olunan geniş iclası keçirilib.

ANN.Az Modern.az-a istinadən xəbərə verir ki, Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov deyib ki, dünyanın ən mötəbər iqtisadi qurumu olan Davos Ümumdünya İqtisadi Forumu rəqabət qabiliyyətinə görə Azərbaycanı 38-ci yerə layiq görüb: "Artıq bir neçə ildir Azərbaycan makroiqtisadi stabillik səviyyəsinə görə 144 ölkə arasında bu reytinqdə birinci onluqdadır. O cümlədən, Azərbaycan dünyada inflyasiyanın ən aşağı olduğu ölkələrdən biridir.
 
 
Son 10 ildə milli iqtisadiyyatımızın qlobal iqtisadiyyata inteqrasiyası əhəmiyyətli dərinləşib. Hazırda ÜDM-in təxminən 76 faizini i təşkil edən, həcmi 54 milyard dollara çatan mal və xidmətlər üzrə xarici ticarət dövriyyəsi son 10 ildə 7 dəfə artıb. 2014-cü ildə tədiyyə balansının cari hesabında 11 milyard dollardan çox profisit gözlənilir. Ölkənin strateji valyuta ehtiyatları ÜDM-in 70 faizinə çatır. Bu göstərici üzrə ölkə dünyada ilk iyirmilikdəki yerini qoruyur. Strateji ehtiyatlar xarici dövlət borcunu 8 dəfədən çox üstələyir və 3 illik əmtəə və xidmət idxalını örtür. Azərbaycanın beynəlxalq kreditor mövqeyi daha da güclənib. Qiymətləndirmələrə görə ölkənin məcmu xarici aktivləri öhdəliklərini 2,7 dəfə üstələyir”.  

Elman Rüstəmov qeyd edib ki, 2014-cü ildə ölkədə ümumi iqtisadi artım 2,2 faiz təşkil edib, iqtisadi artımın başlıca drayverinə çevrilən qeyri-neft sektoru 7 faiz artıb. Ötən ildə son 10 ilin ən aşağı inflyasiyası müşahidə olnub.  

Əhalinin pul gəlirlərinin artımı inflyasiya tempini üstələyib. İnflyasiya cəmi 1,5 faiz təşkil edib ki, bu da ticarət tərəfdaşı ölkələrindəki orta inflyasiyadan əhəmiyyətli səviyyədə aşağıdır.   Kapitalizasiya qərarının qəbulundan ötən dövr ərzində bankların məcmu kapitalı təxminən 2 dəfə artıb. Hazırda kapital adekvatlığı 8 faizlik beynəlxalq normaya qarşı 19 faiz təşkil edir”.  

O bildirib ki, bank aktivlərinin keyfiyyət göstəriciləri qənaətbəxş səviyyədədir: "2014-cü ildə bank sektorunun aktivləri 21 faiz artıb. Bank kreditləri 18, o cümlədən, uzunmüddətli kreditlər 19 faiz artıb. 2014-cü ildə biznes kreditləşməsinin genişlənməsi davam edib. Biznes kreditlərinin cəmi kredit portfelində xüsusi çəkisi 73 faiz olub. Biznes kreditləri 18, o cümlədən, sənayeyə 36 faiz artıb. Regionlara kredit qoyuluşlarında isə 39 faiz artım olub.    

2014-cü ildə yüksək maliyyə risklərinin qarşısını almaq üçün istehlak kreditləşməsinin artımı Mərkəzi Bank tərəfindən tənzimlənib. Nəticədə, istehlak kreditlərinin artım tempi ötən illə müqayisədə 1,9 dəfə azalaraq 19 faizə, ipoteka kreditləri istisna olmaqla isə 13 faizə enib. Avtomobil kreditlərinin mütləq həcmi 31 faiz azalıb.  

2014-cü ildə faiz dərəcələrinin azalması prosesi davam edib. Son illərdə kreditlər üzrə orta faiz dərəcələri 18 faizdən hazırda 14 faizə, o cümlədən, biznes kreditləri üzrə 10 faizə düşüb”.  

İclasda qeyd edilib ki, Mərkəzi Bankın valyuta ehtiyatları hesabat ilinin sonunda 13,8 milyard dollar təşkil edib.   

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM