Azərbaycan hökuməti 2024-cü ildə ölkədə qaz hasilatını 49 milyard 63,6 milyon kubmetr səviyyəsində proqnozlaşdırır. Bu barədə Hesablama Palatası məlumat verib.
Ölkənin 2023-cü il üçün qaz hasilatı ilə bağlı faktiki məlumatlar hələ dərc edilməyib. Bununla belə, energetika naziri Pərviz Şahbazov ötən ilin oktyabrında bildirib ki, 2023-cü ildə Azərbaycanda qaz hasilatı 48,7 milyard kubmetr proqnozlaşdırılır.
Beləliklə, 2024-cü ildə qaz hasilat 2023-cü illə müqayisədə 0,7% arta bilər.
"2024-cü ildə Azərbaycanda əmtəəlik qaz hasilatı 36 milyard 779,6 milyon kubmetr proqnozlaşdırılır", - mənbə qeyd edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin 11 ayı ərzində Azərbaycanda 44 milyard 221,1 milyon kubmetr (artım 4,1 faiz) qaz hasil edilib. Eyni zamanda, əmtəəlik qaz hasilatı 33 milyard 146,8 milyon kubmetr (artım 4,3 faiz) təşkil edib.
2022-ci ildə Azərbaycanda qaz hasilatı 46 milyard 743,3 milyon kubmetr (artım 6,6 faiz) təşkil edib. Bununla yanaşı, əmtəəlik qaz hasilatı 34 milyard 958,3 milyon kubmetr (artım 7,3%) təşkil edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !