Dünya liderləri İlham Əliyevi təbrik edirlər - Yenilənir

14:25 | 26.05.2024
Dünya liderləri İlham Əliyevi təbrik edirlər - Yenilənir

Dünya liderləri İlham Əliyevi təbrik edirlər - Yenilənir


Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsux Prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

Zati-aliləri, cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
Monqolustan ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığın davamlı şəkildə genişlənməsindən məmnunluğumu bildirirəm.
Bu xoş fürsətdən istifadə edərək, bu il Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə səmimi təbriklərimizi çatdırır və tədbirin uğurlu olmasını arzulayıram.
Zati-aliləri, Monqolustanın COP29-a töhfə verəcəyinə əmin ola bilərsiniz.
Cənab Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, firavanlıq, dost Azərbaycan xalqına isə rifah diləyirəm”.

***

Mərakeşin Kralı VI Məhəmməd Prezident İlham Əliyevi təbrik edib.

"Zati-aliləri, əziz Qardaşım.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Mərakeş xalqı adından ən səmimi təbriklərimizi, möhkəm cansağlığı və xoşbəxtlik arzularımızı çatdırmaqdan böyük məmnunluq duyuram. Həmçinin Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqına daha böyük inkişaf və tərəqqi arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, ölkələrimiz arasındakı sıx dostluq əlaqələri əsasında mövcud olan xüsusi münasibətlərimizə böyük dəyər verirəm. Əminəm ki, xalqlarımızın qarşılıqlı rifahı naminə ölkələrimiz arasında bütün sahələrdə əlaqələri genişləndirməkdə və şaxələndirməkdə Siz də mənim qədər maraqlısınız”.

***

Malta Prezidenti Miriam Spiteri Debono Prezident İlham Əliyevi təbrik edib.

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Malta xalqı adından və şəxsən öz adımdan Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm.
Diplomatik əlaqələrin qurulduğu 1995-ci ildən bəri ölkələrimiz arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan davamlı dostluq münasibətləri daha da möhkəmlənib. Ölkələrimiz arasında çox böyük coğrafi məsafənin olmasına baxmayaraq, əminəm ki, Malta Respublikası və Azərbaycan Respublikası bundan sonra da ikitərəfli əməkdaşlığın möhkəmlənməsini dəstəkləyəcək. Bu, ölkələrimiz arasında münasibətlərin 30-cu ildönümünə doğru irəlilədiyimiz bir zamanda daha böyük əhəmiyyət kəsb edir.
Malta Şərq Tərəfdaşlığı kimi regional dialoq çərçivələri vasitəsilə Azərbaycanla əməkdaşlığı davam etməyi səbirsizliklə gözləyir. Bu, Avropa İttifaqı və onun Şərq tərəfdaşları, o cümlədən Azərbaycan Respublikası arasında daha sıx konstruktiv əməkdaşlıq istiqamətində nadir struktur olaraq qalır.
Beynəlxalq ictimaiyyətin bütün dünyaya öz təsirini göstərən mühüm çağırışlarla üzləşdiyi bir vaxtda Malta Respublikası çoxtərəfli və qlobal həlləri qəti şəkildə dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının 2023-2024-cü illər üçün seçilmiş üzvü kimi Malta çoxtərəflilik dəyərlərini qoruyub saxlamaq məqsədilə beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına sadiq qalır. Buna görə də ortaq maraq doğuran məsələlərin həlli məqsədilə ölkələr arasında siyasi etimadın və iradənin həyata keçirilməsi üçün fəal şəkildə səylərimizi davam etdirməyimiz vacibdir. Belə bir dönəmdə Malta qlobal çağırışların qlobal həllərə ehtiyacı olduğuna inanır.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və əmin-amanlıq, ölkənizə isə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”

 ***

Çin Xalq Respublikasının Sədri Si Cinpin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.
Sizə və Sizin simanızda dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Hazırda Çin-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərində dinamik inkişaf tendensiyası müşahidə olunur. İki ölkə arasında siyasi etimad möhkəmlənir, "Bir kəmər, bir yol”un birgə tikintisi çərçivəsində əməkdaşlıq dərinləşir və beynəlxalq arenada sıx qarşılıqlı fəaliyyət həyata keçirilir. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına yüksək diqqət yetirirəm və iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə dərinləşdirilməsi və ikitərəfli əlaqələrin yeni səviyyəyə yüksəldilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Azərbaycana tərəqqi və qüdrət, onun xalqına isə xoşbəxtlik və firavanlıq arzulayıram".

 ***
 
ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Amerika xalqı adından Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərinə dəyər verir. Diplomatik əlaqələrimizin 30 ildən artıq bir dövründə biz enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdaşlıq qurmuşuq. Hər iki ölkəmiz Əfqanıstanda çiyin-çiyinə döyüşmüş və birlikdə Cənub Qaz Dəhlizini inkişaf etdirməklə regional enerji təhlükəsizliyi ilə bağlı çağırışlara sinə gərmişdir. Biz həmçinin Rusiyanın davam edən qəddar müharibəsi fonunda Azərbaycanın Ukraynaya göstərdiyi həyat əhəmiyyətli humanitar yardımı da yüksək qiymətləndiririk.
Prezidentliyinizin beşinci müddətinin başladığı bir vaxtda, Amerika Birləşmiş Ştatları regional və qlobal məsələlərdə, o cümlədən iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid sahəsində qarşılıqlı əməkdaşlığımızı dərinləşdirməyə səy göstərəcəkdir. Biz Azərbaycanı demokratik idarəetməni gücləndirilməsi və bütün azərbaycanlıların insan hüquqları və fundamental azadlıqlarının qorunması üçün əsaslı addımlar atmağa dəvət edirik. Biz noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində iqlimlə bağlı birgə məqsədlərimizin irəlilədilməsini arzulayırıq və tədbirin uğurla keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq.
Azərbaycanın müstəqilliyinin qeyd edildiyi bu bayramda Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiq edir. Biz Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq və bu səyləri dəstəkləməyə hazırıq. Ən əsası isə, biz Azərbaycan xalqı ilə tərəfdaşlığımızı inkişaf etdirməyi və əlaqələri möhkəmləndirməyi arzulayırıq.
Sizə və Azərbaycan xalqına ən xoş arzularımı yetirirəm".

 ***

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi təbrik edirəm.
Bu gün müstəqil Azərbaycanın özünün müasir tarixində həm əhalinin rifah halının yüksəldilməsində, həm də güclü dövlətin qurulmasında əldə etdiyi böyük uğurların şahidi oluruq. Azərbaycan hazırda beynəlxalq arenada sanballı yerə malikdir. Azərbaycanlı qardaşlarımızın uğurlarına həmişə şadıq.
Əminəm ki, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri iki xalqın rifahı naminə gələcəkdə də ardıcıl inkişaf edəcəkdir.
İcazə verin Sizə möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayım".
 
 ***

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov və Türkmən xalqının Milli lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik ediblər.

Təbrikdə deyilir:

Sərdar Berdiməhəmmədov:

"Hörmətli İlham Heydər oğlu.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə və Sizin simanızda bütün qardaş Azərbaycan xalqına səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Bu gün Azərbaycan Respublikası tərəqqi və dinamik inkişaf yolu ilə inamla addımlayır, regional və beynəlxalq proseslərdə mühüm rol oynayır.
Əminik ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluğa, dostluğa və qarşılıqlı anlaşmaya əsaslanan qardaşlıq münasibətləri xalqlarımızın işıqlı gələcəyi naminə bundan sonra da dinamik şəkildə inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".

Qurbanqulu Berdiməhəmmədov:

"Hörmətli İlham Heydər oğlu.
Sizi və qardaş Azərbaycan xalqını milli bayramınız - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Hazırda Azərbaycan malik olduğu böyük potensialdan bəhrələnərək müxtəlif istiqamətlər üzrə sürətlə inkişaf edir. Ölkənin bütün dünyada getdikcə artan nüfuzu bunun sübutudur.
Türkmənistanda Azərbaycan Respublikası ilə çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət veririk. Əminəm ki, xalqlarımızın dostluğu və qardaşlığı gələcəkdə də Türkmənistan-Azərbaycan məhsuldar münasibətlərinin təkmilləşdirilməsinə kömək edəcəkdir.
Bu fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".
 
 ***

Ukraynanın Prezidenti Volodimir Zelenski də Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Sizi Ukrayna xalqı adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Bu gün Azərbaycan inkişaf yolu ilə inamla addımlayır, qlobal arenada mövqelərini möhkəmləndirir və beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytarıb. Rusiya Federasiyası ilə müharibə məcburiyyətində qalan Ukrayna da buna can atır.
Ukrayna və Azərbaycanın bir-birinin müstəqilliyi və ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəkləməsi son dərəcə vacibdir. Fürsətdən istifadə edərək Ukrayna üçün həlledici məqamda göstərilən köməyə görə, cənab Prezident, Sizə və Azərbaycan xalqına minnətdarlığımı bildirirəm.
Qarşılıqlı maraq doğuran bütün sahələrdə Ukrayna-Azərbaycan tərəfdaşlığının möhkəmlənməsinə töhfə verən şəxsi konstruktiv dialoqumuzu yüksək qiymətləndirirəm. Ona görə də mən Sizin cari ilin iyun ayında İsveçrədə keçiriləcək birinci Sülh Sammitində iştirakınıza, eləcə də Azərbaycanın Ukraynanın Sülh Formuluna fəal şəkildə qoşulacağına ümid edirəm.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər, dost Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm”.
 
 ***

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.
Qazaxıstan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Respublikanızın suveren inkişafı tarixində əlamətdar olan bu gün azərbaycanlıların xüsusi qürur mənbəyidir, ölkənin birliyini və həmrəyliyini, davamlı inkişaf və tərəqqi yolu ilə inamlı irəliləyişini təcəssüm etdirir.
Azərbaycanın dövlətçilik əsaslarının və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi üzrə böyük nailiyyətlər bu tarixi günü xüsusi rəmzlə tamamlayır.
Qazaxıstanda qardaş Azərbaycanın uğurlarını böyük ruh yüksəkliyi ilə qarşılayır, dostluq və qarşılıqlı dəstək ruhunda çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə böyük diqqət yetirirlər. Əminəm ki, Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığı və müttəfiqliyi bir-birinə yaxın olan xalqlarımızın tərəqqisi naminə bundan sonra da möhkəmlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə milli lider kimi fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".
 
 ***

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Azərbaycan sosial-iqtisadi inkişaf istiqamətində hamı tərəfindən qəbul edilən uğurlar qazanıb, dünya arenasında layiqli nüfuza malikdir və beynəlxalq gündəlikdəki mühüm məsələlərin həllində fəal iştirak edir.
Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, gələcəkdə də bütün sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığı, o cümlədən regional məsələlərdə səylərin əlaqələndirilməsini planlı şəkildə artırmağa birgə davam edəcəyik. Bu, şübhəsiz ki, dost xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər dənizində təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məcrasında davam edir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən cansağlığı və uğurlar, bütün Azərbaycan vətəndaşlarına isə xoşbəxtlik və tərəqqi arzulayıram".

 ***

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.
Siz və Azərbaycan xalqı Müstəqillik Gününüzü qeyd edərkən mən və həyat yoldaşım Zati-alinizə və xalqınıza səmimi təbriklərimizi çatdırmaqdan böyük məmnunluq duyuruq.
Mən xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndirirəm və ümid edirəm ki, ölkələrimiz gələcək nəsillərimizə fayda verəcək mühüm qlobal məsələlərdə, istər sülh və rifah, istərsə də ətraf mühit və iqlim dəyişikliyi məsələlərində sıx əməkdaşlığı davam etdirəcəklər.
Mən və həyat yoldaşım fürsətdən istifadə edərək milli bayramınız münasibətilə Sizə və bütün azərbaycanlılara ən xoş arzularımızı çatdırırıq".
 
 ***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli Prezident, Əziz Qardaşım.
Zati-alinizi və can Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan indiyə qədər keçdiyi yol bizi qürurlandırır.
Türkiyə olaraq kədərdə də, sevincdə də bir olduğumuz qardaş Azərbaycanın 2023-cü ilin sentyabr ayında ərazi bütövlüyünü uğurla bərpa etməsindən sonrakı ilk Müstəqillik Günündə duyduğu haqlı qürur və sevincini ürəkdən bölüşürük. Azərbaycanın həm regionda, həm də yaxın coğrafiyada nail olduğu irəliləyişlərlə daim fəxr edir və yüksək səviyyəli strateji əlaqələrimizi "Bir millət, iki dövlət" ruhu ilə daha da gücləndirmək istiqamətindəki birgə iradədən böyük məmnunluq hissi keçiririk.
Fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik diləyir, qardaş Azərbaycan xalqının xoş günləri və rifahı üçün ən səmimi arzularımı bir daha ifadə edirəm”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM