ABŞ Dövlət katibi Azərbaycan Prezidentinə zəng edib

18:40 | 16.09.2024
ABŞ Dövlət katibi Azərbaycan Prezidentinə zəng edib

ABŞ Dövlət katibi Azərbaycan Prezidentinə zəng edib

Sentyabrın 16-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
 
Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayıb,Amerika Birləşmiş Ştatlarının bu məqsədlə bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib. O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilən nailiyyətləri müsbət qiymətləndirib.

Regionda artıq sülhün mövcudluğunu deyən dövlət başçısı bildirib ki, məhz Azərbaycanın səyləri nəticəsində bölgədə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb.
 
Prezident Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktlarda Azərbaycana qarşı olan ərazi iddialarının ləğv olunmasının,həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb.
 
Sərhədlərin delimitasiyası ilə bağlı  İlham Əliyev ikitərəfli əsasda əldə olunan müsbət nəticələri qeyd edib və bu prosesin davam etdiriləcəyini bildirib. 

Tərəflər COP29-un Azərbaycanda keçirilməsi məsələsinə də  toxunub.Blinken COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana dəstək göstərdiyini qeyd edərək Azərbaycan ilə ABŞ-ın COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.

Bu əməkdaşlıqdan məmnunluğunu ifadə edən Əliyev COP çərçivəsində iqlim maliyyələşdirilməsi ilə əlaqədar mühüm qərarların qəbul edilməsi ilə bağlı xüsusilə inkişaf etmiş dövlətlər tərəfindən konsensusun əldə ediləcəyinə ümidvar olduğunu deyib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM