3 neftçinin ölümü ilə bağlı 326 min manat sığorta ödənildi

13:15 | 17.02.2015
3 neftçinin ölümü ilə bağlı 326 min manat sığorta ödənildi

3 neftçinin ölümü ilə bağlı 326 min manat sığorta ödənildi


"PAŞA Həyat Sığorta” şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə 326 min manata yaxın ödəniş həyata keçirib.


"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, ödəniş neft istehsalı ilə məşğul olan şirkətin üç işçisinin eyni vaxtda baş vermiş bədbəxt hadisə nəticəsində həyatını itirməsi ilə bağlı olub.

Zərərçəkmiş şəxslərin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası” tətbiq edilməklə vəfat etmiş şəxslərin ailəsinə müvafiq olaraq 129,194 min manat, 115,003 min manat və 81,532 min manat həcmində sığorta ödənişi verilib.

"PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin fevral ayının 1-nə şirkətin nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib.

Xatırladaq ki, 2014-cü il oktyabrın 23-də saat 12.00 radələrində "Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib, nəticədə itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda ARDNŞ-nin və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq, sahilə çıxarlıb. Həlak olanlar "Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsinin böyük iş icraçısı, 1971-ci il təvəllüdlü Bədəlov Faiq Yengibar oğlu, Nəqliyyat İdarəsinin təmirçi-çilingəri, 1969-cu il təvəllüdlü Nəbizadə İlkin Əliəfsər oğlu və kran maşinisti, 1956-cı il təvəllüdlü İbrahimxəlilov Rövşən Yəhya oğludur.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM