Sentyabrın 1-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı vurğulayıb ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəkləməkdə davam etdiyi qondarma separatist rejim Ağdam-Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan vermir və bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaradır, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yol ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Azərbaycan Prezidenti qeyd edib ki, Ağdam-Xankəndi yolundan istifadədən bu formada imtina etmək siyasi manipulyasiyadır və həmin ərazidə guya humanitar, yaxud qida böhranının yaşandığını iddia etmək üçün məqsədyönlü yalandır. Ağdam-Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolu açıla bilər. Prezident İlham Əliyev vurğulayıb ki, dövlətimiz tərəfindən separatizmin bütün təzahürləri qəbulolunmazdır.
Dövlətimizin başçısı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırıldığını, lakin qanunsuz separatist rejimin bundan imtina etdiyini bildirib.
ABŞ Dövlət katibi Antoni Blinken sülh müqaviləsinin imzalanması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildirib, Bakı ilə Xankəndi arasında birbaşa təmasları dəstəklədiklərini vurğulayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !