ABŞ-ın bombardmanları İŞİD-ə mesajdır

12:19 | 11.08.2014
ABŞ-ın bombardmanları İŞİD-ə mesajdır

ABŞ-ın bombardmanları İŞİD-ə mesajdır

Ekspertə görə, Ağ Ev bununla eyni zamanda kürdlərə göstərmək istədi ki, Vaşinqton xaricində heç bir region ölkəsi onların təhlükəsizliyinin qarantı ola bilməz...İraq və Suriyanın bir hissəsini işğal edərək “İslam dövləti” qurduğunu elan edən İŞİD-ə qarşı savaşa ABŞ ordusu da qatılıb. Avqustun 8-dən başlayaraq ABŞ prezidenti Barak Obamanın qəfil göstərişinin ardınca Amerika hərbi aviasiyası İŞİD silahlılarının mövqelərini bombalamağa başlayıb. Artıq 3 gündür ki, ABŞ və İraq aviasiyası ölkənin şimalında kürd peşmərgələri və hökumət qüvvələri ilə döyüşən hökumət qüvvələrinə dəstək məqsədilə İŞİD mövqelərini bombalayır. İraq Milli Məlumat Mərkəzinin avqustun 10-da yaydığı məlumatda qeyd olunur ki, İraq hava qüvvələrinin Ninyeva və Şenqal ətrafında apardığı bombardmanlar nəticəsində İŞİD-dən 280 ölü və yaralı var.Qeyd edək ki, iyun ayının əvvəllərində İraqın ikinci böyük şəhəri Mosulu tutan İŞİD dövlət yaratdığını bəyan edib və eləcə də bölgənin digər şəhərlərini təhdid etməyə başlayıb. Həmin vaxt əsas türkmənlərin yaşadığı Telafer, Tuz Xurmatı kimi şəhərlər ələ keçirilib, Samirə, Tiqrit şəhərləri uğrunda isə savaşlar olub. Ancaq sonradan daha da irəliləyən İŞİD qüvvələri İraqın şimalında yerləşən kürd muxtariyyətini təhdid etməyə başlayıb. Eyni zamanda İraqın şimal ərazilərində yaşayan xristianlar, assurilər, yezidi kürdləri də təhlükə altına düşüb. Son məlumatlara görə, İŞİD-dən qaçan minlərlə yezidi kürdü dağlara qaçıb və burda onların çoxu susuzluqdan, istidən dünyalarını dəyişiblər. Ələ keçənlər isə “kafir” adı altında iŞİD silahlıları tərəfindən qətlə yetirilib, qadınlar isə əsir götürülüb. ABŞ-ın məhz kürd muxtariyyətinə təhlükə yarandıqdan sonra hərəkətə keçməsi dünyada Vaşinqtona qarşı tənqidlərə səbəb olub. Türkiyə hökuməti də ABŞ-ın addımının İraqda vəziyyəti daha da pisləşdirəcəyini bəyan edib. Amerika hökuməti isə İraqda İŞİD-in bombalanmasını ABŞ səfirliklərinin qorunması ilə əsaslandırıb. Çünki İŞİD qüvvələrinin kürd administrasiyasının yerləşdiyi Ərbildə Amerika konsulluğu fəaliyyət göstərir. Öz növbəsində Obama  İŞİD-ə qarşı müharibənin “bir az zaman alacağını” bildirib. O, İraqda “xilafət” qurulmasına imkan verməyəcəklərini söyləyib. Qeyd edək ki, Amerikanın yalnız indiki mərhələdə İŞİD-ə qarşı hərəkətə keçməsi tənqidlərə səbəb olmaqla yanaşı, bir sıra suallar doğurub. Məsələn, nədən Vaşinqton məhz bu günü gözlədi? Ortada kürd amili varmı? Yoxsa Vaşinqton məhz Papanın çağırışından sonra xristianları qorumaq üçünmü hərəkətə keçib? Ankara Universitetinin doktorantı, təhlilçi Orxan Qafarlı deyir ki, ABŞ-ın İŞİD-ə qarşı hərbi əməliyyatları başlatmasının bir sıra səbəbləri var. Bunlardan birincisi İŞİD-in İraqın şimalında kürd bölgəsinə irəliləməsi, eyni zamanda neft-qaz regionunu ələ keçirməsi təhlükəsi və su anbarının partladılması təhlükəsi idi: “Neft və qaz yataqları ilə yanaşı, İraqın ən böyük su anbarı da terrorçu qrupun əlinə keçib. Əgər İŞİD bu anbarı partlatmağa qərar versə İraq ərazisinin böyük hissəsi su altında qala bilər. Digər tərəfdən nəzərə almaq lazımdır ki, İraq kürdləri İsraildən sonra bölgədə ən çox güvəndiyi müttəfiqidir. Şimali İraqda kürdlərin bu vəziyyətə düşməsi Amerikanın maraqlarına ziddir. Bundan başqa, bu günlərdə məlum oldu ki, 500-ə yaxın yezidi kürdü İŞİD tərəfindən kütləvi şəkildə qətlə yetirilib, yüzlərlə yezidi qadın isə cariyə olaraq götürülüb. Mosuldakı xristian ərəblərin kütləvi şəkildə qətlə yetirilməsi təhlükəsi var”.O.Qafarlı deyir ki, ABŞ belə bir təhlükədən dolayı müttəfiqi olan Şimali İraq kürdlərinə kömək etməkdə maraqlı olub: “Ancaq yardım müəyyən qədər gecikdirildi, Vaşinqton bununla eyni zamanda mesaj verdi, kürdlərə göstərmək istədi ki, Vaşinqton xaricində heç bir region ölkəsi onların təhlükəsizliyinin qarantı ola bilməz. Eyni zamanda Türkiyənin İraq kürdlərinə qarant durmaq istəyinin də əsassız olduğunu nümayiş etdirdilər. Bu əməliyyatı şərtləndirən daha bir məqam isə iqtisadi səbəblər, daha doğrusu neft qiymətlərinin bahalaşması idi. Amerikanın ”Chevron" və “Exxon Mobil” kimi şirkətlərin qiymətli kağızları sürətlə ucuzlaşırdı. Bunun səbəbi isə İŞİD-in neft yataqlarını ələ keçirməsidir. “Exxon Mobil”   mühafizəkar elitaya yaxın şirkətdir. Hərbi əməliyyatlarda bu şirkətin də payı olmamış deyil". 

O.Qafarlı deyir ki, ABŞ İŞİD problemini yaxın zamanlarda həll etmək fikrində deyil. Ekspertin fikrincə, daha qabarıq hiss olunan məqamlar var: “Diqqət etsəniz, Pentaqon çox məhdud miqyasda hərbi əməliyyatlar keçirir. 3 ədəd F18 (gözə görünməz) qırıcı təyyarə hərbi əməliyyatlarda iştirak edir. Amerikada anlayırlar ki, İŞİD bir terror təşkilatıdır, onun daha çox quruda savaşmaq üçün gücü var. Nizami ordusu yoxdur. Mənə görə, ABŞ İŞİD-ə ”qırmızı xətti keçmə" siqnalı verir. Yəni “bizim müttəfiqlərin üzərinə gedərsən, bizi qarşında görəcəksən”. Görünən odur ki, ABŞ və AB-dəki müəyyən dairələr Birinci Dünya müharibəsindən sonra formalaşmış sərhədləri dəyişmək istəyirlər. Bu güclər üçün İŞİD bir vasitədir. Bu sərhədlər dəyişdikdən sonra ABŞ İŞİD-i qısa zamanda məhv edəcək. Yaxın Şərq o vəziyyətə gətiriləcək ki, dövlətlər ABŞ-ı özləri dəvət edəcəklər. Ağ ev bunu gözləyir".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM