ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Türkiyə hərbi birlikləri Suriya ərazisində əməliyyat gerçəkləşdirib.
Dünya mediasının gündəmini zəbt edən bu hadisə bir çox ölkələr tərəfindən bimənalı qarşılanmayıb. İran bu əməliyyatın həyata keçirilməsinə qarşı çıxıb və bunu dövlət sərhədinin pozuntusu kimi qiymətləndirib.
Eyni zamanda bu hərbi əməliyyatın gerçəkləşdirilməsi üçün Türkiyə hərbi qüvvələrinə ABŞ kəşfiyyatının da yardım etdiyi deyilir. Türkiyə mediasının yazdığına görə, bu barədə ABŞ-ın yüksək səviyyəli rəsmisi məlumat verib. Onun sözlərinə görə, hər iki ölkənin xarici işlər nazirlərinin telefon danışığının mövzusu bu əməliyyat və ona yardım mövzusu olub.
Türkiyənin dövlət sərhədlərindən kənarda yerləşən yeganə ərazi vahidi (eksklav) olan, Suriya ərazisində yerləşən Süleyman Şah Türbəsini qoruyan hərbi birlik ötən gün xüsusi bir əməliyyatla Türkiyəyə gətirilib.
Türkiyə baş Qərargahının şərti olaraq "Şah Fırat” adı verdiyi əməliyyat nəticəsində türbədə xidmət edən, onu qoruyan 40 nəfərlik hərbçi qrup və Süleyman Şahın nəşi Türkiyə ərazisinə çatdırılıb.
Müdafiə naziri İsmət Yılmz və baş qərargah rəisi Necdət Özəl də əməliyyat barədə ictimaiyyəti məlumatlandırıb. Məlum olub ki, fevralın 21-i, gecə saat 21 radələrində "Şah Fırat” şərti əməliyyat başladılıb. 39 tank, 57 zirehli maşın, 100 avtomobil və 572 hərbçinin iştirak etdiyi xilasetmə əməliyyatı 3,5 saat davam edib və gecə saat 00.30-da hərbçilər türbəyə çatıb.
Türbədə qəbrin köçürülməsi üçün lazımı dini ritual həyata keçirilib və hərbçilərlə birlikdə Şahın nəşi Mürşidpınar sərhəd-keçid məntəqəsinə doğru köçürülüb. 22 fevral, gecə saat 04.45-də sonuncu Türkiyə hərbçisi türbəni tərk etdikdən sonra türbə və yardımçı tikililər partladılıb.
Səhər saat 6-da Türkiyə hərbçiləri ölkə ərazisinə daxil olub və bununla da əməliyyat başa çatıb. Əməliyyat zamanı yalnız bir əsgər qəza nəticəsində həlak olub.
Süleyman Şah türbəsi növbəti dəfə Suriya ərazisində, bu dəfə Türkiyə sərhədlərinə yaxın yerə köçürülüb.
Fevralın 22-i, səhər saat 9 radələrində Türkiyə ordusu tankların müşayiəti ilə Suriya ərazisinə daxil olub və Eşmə bölgəsi ərazisinə yaxın yerdə türbənin köçürülməsi üçün müvafiq ərazini nəzarətə götürüb və yeni eksklav ərazisində Türkiyə bayrağı dalğalanıb.
Əməliyyat zamanı Türkiyə tərəfi Suriya hökumətini və ərazidəki qüvvələri məlumatlandırıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !