Son günlər Bakı Şəhər İcra Hakimiyyətinin(BŞİH) başçısı Hacıbala Abutalıbovun tezliklə istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yenidən intensivləşib.
"Qafqazinfo” xəbər verir ki, "Yeni Müsavat”ın yazdığına görə, gələn ilin yanvarında icra başçısı təyinatının 18 ili tamam olacaq Abutalıbovun səhhətinin pisləşməsi, iflic olduğu üçün gecə ilə Almaniyaya aparılması haqda xəbərlər də bu baxımdan diqqət çəkir.
Qəzet yazır ki, bir neçə ildir ki, Abutalıbovunun da vəzifə ilə vidalaşmış Ziya Məmmədov kimi səlahiyyətlərinin "iflici” prosesi gedir. Ən son olaraq Dövlət Reklam Agentliyinin yaradılması və BŞİH-nin milyonların dövr etdiyi reklam bazarından çıxarılması buna sübut ola bilər. Abutalıbov reklam biznesini itirənədək də bir çox ciddi gəlir qaynaqlarından faktiki, məhrum edilmişdi. Abutalıbovun səlahiyyətləri "budandıqca” onun hakimiyyətin rəsmi media orqanlarında tənqid edilməsi faktları artıb. H.Abutalıbovun bu qədər tənqidlərə rəğmən vəzifədə qalması, iddialara görə, onun yerinə uyğun namizədin hələ ki olmamasıdır.
Xəbərdə bildirilir: "İddia olunur ki, Abutalıbovun səhhətinin gözlənilmədən gündəmə gətirilməsi iqtidarının onunla yollarını ayıracağına işarədir. Mümkündür ki, Abutalıbovun işdən uzaqlaşdırılmasını tezləşdirmək istəyənlər, onun postuna can atanlar da bu xəbərin yayılmasında maraqlı olsunlar. Ancaq reallıq budur ki, Abutalıbov artıq Bakını əvvəlki kimi idarəetmə gücündə deyil və onun təqaüdə göndərəcəklər”.
"Qafqazinfo” onu da qeyd edir ki, H. Abutalıbov bu posta təyin olunandan bu günə qədər onun vəzifədən uzaqlaşdırılacağı haqda dəfələrlə xəbər yayılsa da, bu özünü doğrultmayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !