Ali məktəblərdə iki yeni fənn tədris olunacaq

14:20 | 29.12.2014
Ali məktəblərdə iki yeni fənn tədris olunacaq

Ali məktəblərdə iki yeni fənn tədris olunacaq

"Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri Xidməti tərəfindən iki tədris proqramı hazırlanıb”. Bunu dövlət müşaviri Kamal Abdulla AzərTAc-a müsahibəsində bildirib. Müşavir vurğulayıb ki, onlardan biri bakalavr səviyyəsi üçün "Multikulturalizmə giriş”, digəri magistratura səviyyəsi üçün "Azərbaycan multikulturalizmi” proqramıdır: "Bu proqramlar həm Azərbaycan, həm də xarici ölkə universitetlərinin tələbələri üçün nəzərdə tutulur. Təsəvvür edin, müxtəlif xarici ölkələrdə bu istiqamətdə çoxlu tədbirlər – konfranslar, dəyirmi masalar, sərgilər, konsertlər təşkil edilir, xeyriyyəçilik aksiyaları həyata keçirilir. Bunlar çox yaxşıdır. Eyni zamanda, bəzi əlavələrə də ehtiyac var. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu istiqamətdə öz missiyasına uyğun konkret addımlar atmağa hazırlaşır. Qarşıdakı semestrdən etibarən Avropanın bir neçə universitetində həm də "Azərbaycan multikulturalizmi” fənni tədris olunacaq. Artıq Rusiyanın, Litvanın, İtaliyanın, Gürcüstanın, İsveçrənin, Türkiyənin, Bolqarıstanın bəzi tanınmış universitetləri onlara təklif edilən bu fənnin tədrisinə razılıq veriblər”.
 
K. Abdullanın sözlərinə görə, fənn yeni olduğundan onu tədris edəcək mütəxəssislər üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi hazırda hazırlıq məşğələləri keçirir. "Azərbaycan multikulturalizmi” fənni ya xarici ölkə universitetlərinin mütəxəssisləri tərəfindən tədris ediləcək, ya da həmin fənn üzrə müəllim buradan göndəriləcək. İndi bu böyük işin hazırlığı gedir. İnanıram ki, ildən-ilə həm xaricdə, həm də ölkə daxilində bu tədris ocaqlarının sayı artacaq və daha çox xarici ölkə gənci Azərbaycan barədə məlumat alacaq, onun dostuna çevriləcək”.

Dövlət müşaviri onu da vurğulayıb ki, belə bir universal fənnin Azərbaycan gəncliyinə də təqdim edilməsinə ehtiyac var. "Multikulturalizm xalqın tarixi, mədəniyyəti, psixologiyası, dünyagörüşü, dili, ədəbiyyatı, siyasi baxışları, durumu, gələcək inkişaf istiqamətləri, hədəfləri, bəşəri dəyərlər sisteminə verdiyi töhfələr barədə ümumiləşdirici elmi təlimdir. Tutalım, bu saydıqlarımız humanitar yönlü universitetlərdə bu və ya başqa şəkildə (dil, ədəbiyyat, tarix, mədəniyyət yönlərindən) tədris edilir. Bəs texniki istiqamətli universitetlərimizin tələbələri təhsili boyunca belə fənlərin heç qoxusunu belə almırlar – bu, necə olsun?! Niyə bizim texniki, tibb, iqtisadi, neft universitetlərimizin tələbələri Azərbaycanla bağlı bu dərəcədə vacib mətləblərdən xəbərsiz olsunlar?! Xəbərdar olsalar, bu gənclərin həyata atıldığı zaman vətənpərvərlik, azərbaycançılıq, dinlə bağlı təsəvvürləri daha möhkəm və səbatlı olmazmı?”

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM