Azərbaycanda ali təhsil müəssisələrinə (I, II, III və IV ixtisas qrupları üzrə) ərizə qəbulunun vaxtı mayın 1-dək uzadılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər ərizələrinin təsdiqini mayın 1-i saat 17:00-dək, elektron ərizələrini özləri təsdiq etməli olan abituriyentlər isə mayın 1-i saat 23:59-dək başa çatdırmalıdırlar.
30 aprel saat 14:30 -a olan məlumata görə 85 min 256 abituriyent öz elektron ərizəsini dolduraraq, təsdiqini təmin edib. 4 min 873 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsə də, həmin ərizələr təsdiqlənməyib.
Elektron ərizə təqdim etmiş abituriyentlərdən öz elektron ərizələrinə daxil olub baxmaq və təsdiq olunub-olunmadığını müəyyənləşdirmək tövsiyə olunur.
Məlumat üçün bildiririk ki, elektron ərizəsi təsdiq olunmayan abituriyentlərin ərizəsində "Elektron ərizə sənəd qəbulunun sonunadək təsdiq olunmalıdır” məlumatı göstərilir.
Ərizələri təsdiq olunmayan, həmçinin ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !