"Ali təhsil haqqında" qanun nə vaxt müzakirəyə çıxarılacaq? - Nazirlikdən açıqlama

14:02 | 09.02.2024

"Ali təhsil haqqında" qanun nə vaxt müzakirəyə çıxarılacaq? - Nazirlikdən açıqlama

"Ali təhsil haqqında” qanun Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. Bu barədə Elm və Təhsil Nazirliyindən anews.az-ın sorğusuna cavab  olaraq bildirilib.
 
"Azərbaycan Respublikasının Qanun layihəsi ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən təkliflər 2023-cü ilin may ayında Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilib. Eyni zamanda, məlumat üçün qeyd edirik ki, sözügedən Qanun layihəsi "Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı”na daxil edilib", - nazirliyin açıqlamasında deyilir. 
 
Bundan əvvəl deputat Əziz Ələkbərli çıxışı zamanı bildirib ki, "Ali Təhsil haqqında" qanunun müzakirəsi gecikir. 
 
"Qanun layihəsi ilə tanışam. Müzakirələr də olunub. Bu məsələni hər dəfə müzakirə edirik, amma Milli Məclisin plenar iclasına çıxara bilmirik. Sessiyadan sessiyaya ötürürük. Əgər bu qanun müzakirəyə çıxarılma səviyyəsində deyilsə birdəfəlik gündəlikdən çıxarılsın”, - deputat fevralın 1-də Milli Məclisin plenar iclasında bildirib. 

Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev cavab olaraq qeyd edib hazırda bu qanunun üzərində iş gedir. 

"Burada deputatların təklifləri aiddiyatı qurumlara təqdim olunub. Təkliflər üzərində iş gedir. Qanun layihəsi hələlik bizim komitənin də birinci oxunuşuna çıxarılmayıb. Səbəb odur ki, bir sıra məsələlər razılaşdırılmalıdır. Bunlar öz əlllini tapdıqdan sonra biz dinləmələr keçirilməliyik. Dinləmələr keçirtmək üçün heç bir qanun yoxdur”, - deputat əlavə edib.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM