2015-ci il ali təhsil sahəsində ciddi islahatlar və yeniliklər ili olub.
Bu baxımdan başa çatmaqda olan ilimizdə görülmüş işlərə nəzər salanda gözlərimiz önündə məzmunlu bir mənzərə canlanır.
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın 2015-ci il 30 aprel tarixli qərarı ilə 2015-2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat, magistratura, rezidentura səviyyələrinə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planları təsdiq edilib. Ötən tədris ilinin faktiki qəbuluna nisbətən növbəti tədris ili üçün bakalavriat səviyyəsinə qəbul planı 4,6 faiz artırılaraq, 39 497 yer (onlardan 11 799 dövlət sifarişli) müəyyən olunub. Qiyabi təhsil forması üzrə plan yerləri 77 faiz azaldılıb və bu yerlərin hesabına əyani təhsil üzrə tələbə qəbulu artırılıb. Müəllimlik ixtisasları üzrə qiyabi təhsil forması üzrə qəbul planlaşdırılmayıb.
Pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində "Gələcəyin müəllimi” təqaüdü verilib. Bununla da "Gələcəyin müəllimi” təqaüdü alan tələbələrin sayı 600 nəfərə çatıb.
2015-2016-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul zamanı minimal keçid balı 200 bal həddində müəyyən edilib. İlk dəfə olaraq Təhsil Nazirliyinin təşəbbüsü ilə bir sıra ixtisaslara minimal keçid balları müəyyənləşdirilib və imtahanlardan sonra keçid balları aşağı salınmayıb. Nəticə etibarı ilə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin keyfiyyəti artıb, qəbul planı 85% yerinə yetirilib və ya 32 849 nəfər tələbə adı qazanıb.
Ötən tədris ilindən fəaliyyətə başlamış SABAH qruplarında 45 ixtisas üzrə 1629 tələbə təhsil alır. Elmi-pedaqoji potensialı, tədris laboratoriyası və maddi-texniki bazası yüksək olan 11 ali məktəbdə fəaliyyət göstərən bu qruplarda 500-dək müəllim dərs deyir. SABAH qruplarında tədris fərqli proqram əsasında keçirilir və tələbələrə xüsusi təqaüd verilir. Aztəminatlı ailələrdən olan tələbələr yataqxana ilə təmin olunub.
SABAH qruplarının yeni tədris auditoriyaları istifadəyə verilib. Auditoriyalarda yaradılan şərait tələbələrlə həm fərdi, həm də qrup halında tədris aparmağa imkan verir. Yeni tədris mühitində tələbənin və müəllimin mobilliyi təmin edilir ki, bu da müasir informasiya-kommunikasiya texnologiyalarından, dərs vəsaitlərindən daha səmərəli istifadəyə yönəlib. Auditoriyanın yeni tərtibatının əsas hədəflərindən biri də müəllim-tələbə ünsiyyətini yaradıcı məcraya yönəltmək və hər bir tələbənin tədris prosesində fəal iştirakını təmin etməkdir.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə II SABAH Forumu keçirilib. Azərbaycan Tələbə Könüllülərinin I Forumu da yaddaqalan və əhəmiyyətli tədbirlərdən olub.
Azərbaycan Dövlət İqtsadi Univeristeti ilə Oxbridge Educational Services (OES) təşkilatı arasında imzalanmış razılaşma memorandumuna əsasən, ADİU-da təhsil alan tələbələr bu ali məktəblə London İqtisadiyyat Məktəbinin ikili diplom proqramına qoşulmaq imkanı qazanıblar.
2015-2016-cı tədris ilindən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı fəaliyyətə başlayıb.
Azərbaycanın tələbələrdən ibarət komandası ABŞ-ın Redmond şəhərində keçirilən "Microsoft Imagine Cup 2015” müsabiqəsində uğur qazanıb.
Ökəmizin ali məktəb və kolleclərinin 17 859 tələbəsi "Bakı 2015” Birinci Avropa Oyunlarında könüllü kimi iştirak edib.
Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrində imtahan sessiyalarının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə "Thomson Reuters” şirkəti arasında əməkdaşlıq haqqında sənəd imzalanıb. Bu əməkdaşlıq Azərbaycanda elmi fəaliyyətin inkişafına, onun keyfiyyət səviyyəsinin yüksəlməsinə və ölkəmizin elmi nüfuzunun dünyada gücləndirilməsinə zəmin yaradır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !