Dekabrın 22-də Bakı şəhəri 47 nömrəli tam orta məktəbin texniki fənlər təmayüllü 10-cu sinif şagirdlərinə kimya fənni üzrə "Hallogenlərin müqayisəli xarakteristikası” mövzusunda nümunəvi dərs tədris edilib.
Təhsil Nazirliyindən ANN.Az-a verilən məlumata görə, nümunəvi dərs Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov tərəfindən keçirilib.
Qeyd edək ki, nümunəvi dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində "Elmdən Təhsilə” adlı məqsədli proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında əldə olunmuş razılaşmaya əsasən, AMEA-da çalışan tanınmış alimlər tərəfindən tədris edilir.
Nümunəvi dərsdə V.Abbasov bildirib ki, elm və təhsilin inteqrasiyası yüksək elmi biliyə malik kadrların yetişməsində mühüm rol oynayır. Ölkə iqtisadiyyatında kimya sənayesinin rolundan danışan akademik bu sahədə baş verən mühüm yeniliklərdən söz açıb, şagirdlərə hallogenlərin insan həyatında əhəmiyyəti barədə geniş və əhatəli məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Nümunəvi dərsdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, məktəbin kimya müəllimləri və KİV nümayəndələri iştirak edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !