3 dekabr - Beynəlxalq Əlillər günü kimi qeyd olunur. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.
Bəziləri əlilliyi "alın yazısı” sayır və hesab edirlər ki, fiziki qüsurlu insanlar həyatda ciddi uğur qazana bilməzlər. Lakin onları yanıldan, milyonlarla insana örnək olan, "uğur hekayəsi” yazan fiziki qüsurlu insanlar var.
azxeber.com belə insanlardan birindən – ikiqat dünya, yeddiqat Avropa çemiponu, Avropa Olimpiya oyunlarının qalibi – İlham Zəkiyevdən bəhs edəcək.
İlham Zəkiyev kimdir?
Qəhrəmanımız 3 mart 1980-ci ildə anadan olub. Orta maddi imkanlara malik ailədə dünyaya göz açan İlham hələ uşaq yaşlarından prinsipiallığı ilə həmyaşdırlarından fərqlənir. Sumqayıt məktəbliləri arasında xüsusi ad-sana malik gələcək çempion 15 yaşında peşəkar idmanla məşğul olmağa başlayır. Çox qısa müddətə fərqlənməyi bacarır. Sumqayıtda cüdo üzrə keçirilən yarışlarda qalib gəlir, sambo üzrə yeniyetmələr arasında Azərbaycan çempionu olur.
"Ana mənə soyuqdur, üstümü ört”…
İlham Zəkiyev 1996-cı ildə cüdo üzrə təsnifatı keçə bilməyən İlham yığmaya düşə bilmir və əsgər gedir. Orada, cəbhədə snayper gülləsi onun sol gicgahından girib, sağ gicgahından çıxır. Beş gün komada qalır və həkimlər onun öləcəyini bildirirlər. Beləcə gözləyirlər… Beş gün sonra möcüzə baş verir. İlham ayılır… Anasının "İlham, oğlum ayıl” çağırışa "Ana mənə soyuqdur, üstümü ört” deyə reaksiya verir. Beləcə kəfəni yırtır. Anası öz jaketini onun üstünə sərir. Ayılanda başa düşür ki, daha görməyəcək, çünki gözləri kor olub. İlham yenə döyüşür və…
Sağlamlığını itirir, ümidini isə əsla…
19 yaşında görmə qabiliyyətini itirməsi onu çətin vəziyyətə salır. Ailəsinin və yaxın dostlarının bu müddət ərzində ona dəstək olması İlhama belə çətin dövrü arxada qoymağa kömək edir. Belə bir vəziyyətdə onun böyük idmana qayıtması böyük bir fantaziya sayılırdı. Buna baxmayaraq İlham idmana yenidən qayıtmaq üçün yollar arayır. Rusiyaya gedən İlhama orada həkimlər bildirirlər ki, belə ağır zədə almış insanlara görmə qabiliyyətini qaytarmağa müasir təbabət hələlik qadir deyil. Moskvadan Azərbaycana qayıdan İlham yenidən Gənclər və İdman Nazirliyinə müraciət edərək hansı idman növü ilə məşğul olaraq yarışmalara çıxa biləcəyi barədə sorğu göndərir. Burada ona paralimpiya üzrə cüdo yarışlarında iştirak etməyi təklif edirlər.
Hər şey yenidən başlayır və bu dəfə O…
Görmə qabiliyyətini itirməsinə, aldığı bu ağır yaraya baxmayaraq, İlham idmana qayıtmaq üçün özündə güc tapır və ikiqat Paralimpiya Oyunlarında böyük nailiyyətlər qazanır. Prezident İlham Əliyev tərəfindən Azərbaycan idmanındakı uğurlarına görə "Şöhrət" ordeni ilə təltif edilir. 2009-cu ildə isə ona Əməkdar İdman Ustası fəxri adı verilib. 2 dəfə paralimpiya oyunları, 2 dəfə dünya, 5 dəfə Avropa çempionu, Avropa Oyunlarının qalibi olur.
Sonunu düşünən qəhrəman olmaz…
Hamının onun yaşayacağına möcüzə kimi baxdığı qəhrəmanın bu gün çox gözəl ailəsi var. 2005-ci ildə əsgərlik xidmətindən qabaq gördüyü və tanıdığı qızla Azərbaycan ənənələrinə uyğun olaraq ailə həyatı qurur. Onların toy günündə ölkə prezidenti də öz təbrik məktubunu göndərir. Hazırda onun 2 oğlu var. Özünün dediyinə görə "Oğlu İlkin harada Azərbaycan bayrağı görsə, tez bərkdən deyir: "Ata çempion".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !