Anar, hər şeyə görə çox sağ ol...

11:36 | 01.06.2015
Anar, hər şeyə görə çox sağ ol...

Anar, hər şeyə görə çox sağ ol...

Moskvada "Anar, hər şeyə görə çox sağ ol...” – "Bakılı oğlanlar” ŞHK komandasının əfsanəvi kapitanı və ictimai xadim Anar Məmmədxanova həsr olunmuş gecəni dostları məhz belə adlandırıb.

Emmanuil Vitorqan mədəniyyət mərkəzində təşkil olunmuş gecə çərçivəsində A.Məmmədxanovun müsahibə və məqalələrinin toplandığı "Özünə sadiqlik” və "Heç nə üçün peşman deyiləm” adlı kitabların təqdimatı olub.

"Anarın sayəsində gör nə qədər adam Bakını sevib. Anarın yanına, Azərbaycana gələnlərin hamısı bu ölkəyə vurulub. O, öz Vətəninin qeyri-rəsmi səfiri idi” – Anarın dostu, "VayT Media” şirkətinin baş prodüseri Timur Vaynşteyn gecəni bu sözlərlə açıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Bakılı oğlanlar” komandasının yaranmasından danışıb. O bildirib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev komandanın üzvlərini çox sevirdi və dəyərləndirirdi, onların çıxışlarına böyük yumorla yanaşırdı. Səfir qeyd edib ki, Anar Məmmədxanovun iki kitabda toplanmış fəlsəfi fikirləri, yığcam, qeyri-adi müsahibələri və esseləri onun xarakterini əks etdirir. P.Bülbüloğlu deyib: "Axı dinlənilmək üçün insanların səni dinləmək istəməsi lazımdır. Cəmiyyətdə elə bir mövqe tutmalısan ki, səni eşitsinlər. Anar belə bir mövqe tutmuşdu”.

Kitaba yazılmış ön sözün müəllifi və redaktoru, Əməkdar Jurnalist, Milli Məclisin deputatı Elmira Axundova Anarı bir siyasətçi, ictimai xadim, öz ölkəsinin əsl vətənpərvəri kimi səciyyələndirib. Deputat deyib: "Anar qısa, lakin çox parlaq və yaddaqalan ömür yaşadı. Anar həyatdan getdi, lakin kitablarda, filmlərdə, onun haqqında çəkilmiş "Kapitan” filmində, öz gözəl övladlarının həyatında yaşayır və yenidən bizə dönür”.

Gecənin təşkilatçıları Anar Məmmədxanov haqqında xatirələrini ekrandan bölüşən tanınmış adamlarla bir neçə videomüsahibə hazırlayıblar. Onlardan biri ŞHK-nın yaradıcısı və dəyişməz aparıcısı Aleksandr Maslyakovdur. O qeyd edib ki, Anar qeyd-şərtsiz lider idi və buna heç bir şübhə ola bilməz. A.Maslyakov deyib: "Mən Anar haqqında tez-tez düşünürəm. O, mənə hamıdan çox zəng vururdu. Söhbət etməyə söz tapırdıq. Ona hörmətim vardı. İstərdim ki, Anar kimi hər bir insanın özündən sonra belə işıqlı xatirəsi qalsın. Əlbəttə, bunu qazanmaq lazımdır. Anar bu hörməti qazanmışdı. O, ŞHK-da da, həyatda da əsl kapitan olub və xatirəmizdə belə də qalacaq”.

Kitabın tərtibçisi, Anar Məmmədxanovun bacısı, professor Naidə Məmmədxanovanın sözlərinə görə, Anar ürəkdən sevən, etibarlı, cəsarətli, daxilən zəngin bir insan və öz ölkəsinin əsl vətəndaşı idi. O deyib: "Anar nə edirdisə, Vətən üçün edirdi, Azərbaycanın nüfuzunu yüksəltmək üçün çalışırdı”. N.Məmmədxanova bildirib ki, hələ qardaşının sağlığında uzun illər onun məqalələrini və müsahibələrini toplayıb və indi həmin yazılar bu nəşrlərə daxil edilib.

Layihənin müəllifi – A.Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanova ailəsi adından təşəkkür edərək bildirib ki, Bakıda artıq bu kitabların təqdimatı keçirilib. O deyib: "Biz – onun əzizləri və dostları Anarın bütün esselərini, məqalələrini və müsahibələrini nəşr etdirmək təklifi ilə Dövlət Mükafatı laureatı, Azərbaycanın Əməkdar Jurnalisti Elmira Axundovaya müraciət etdik və o, ideyamızı dəstəklədi. Buna görə ona çox minnətdarıq”. İ.Məmmədxanovanın sözlərinə görə, Anarın ömrünün böyük bir hissəsi Moskva ilə bağlı olub, bu şəhərdə onun çox dostları var. O deyib: "Həmyerlimiz, Rusiyanın Xalq Artisti Emmanuil Vitorqan Anar Məmmədxanovun xatirə gecəsini təşkil etməyi öz öhdəsinə götürdü”.

Rusiyanın Xalq Artisti Larisa Dolina, "Nə? Harada? Nə vaxt?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərov, Azərbaycanda "Nə? Harada? Nə vaxt?” teleoyununun aparıcısı və baş prodüseri Balaş Qasımov, Böyük Teatrın solisti Elçin Əzizov, jurnalist və teleaparıcı Aleksandr Dibrov, müğənni, televiziya və radio aparıcısı Timur Rodrigez və başqaları Anar Məmmədxanov haqqında xatirələrini bölüşüblər.//AZƏRTAC









www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti