Rüstəm Qasımov
Azərbaycanın parlaq yaradıcı gənclərindən biri, "DJ Stasy” psevdonimi ilə çıxış edən DJ Anastasiya Tolstova ilə müsahibəni təqdim edirik.
- Anastasiya gəlin belə başlayaq, sizin əsliniz haralıdır?
- Mən Rusiyada, Kursk şəhərində doğulmuşam. Sonra biz Ukraynanın Xarkov şəhərinə köçdük, orda 10 il yaşadım. Demək olar ki, mən Rusiyada sadəcə doğulmuşam, Ukraynada isə yaşamışam. Sonra isə Azərbaycana köçdüm.
- Necə uşaq olmusunuz, nə ilə məşğul olurdunuz?
- Ta uşaqlıqdan musiqiylə maraqlanmışam. Uşaq olanda şən, həyatsevər, aktiv, hətta hədsiz aktiv uşaq olmuşam.
Məşğuliyyətə gəldikdə isə, musiqiyə uşaqlıqdan həvəsim olub. Bizim dövrümüzdə kompüter, DVD, CD yoxuydu, ancaq adi magnitofon kassetinə də nəsə yazmağa çalışır, ortaya maraqlı bir şey çıxarmağa çalışırdım. Dünya musiqisindən xəbərdar olmaq, trendi tutmaq üçün həmişə təzə mahnılar tapırdım.
- Bəs sizin ixtisasınız nədir?
- Mənim baytarlıq üzrə natamam ali təhsilim var, o vaxtı buna məcbur qaldım. Heyvanları hədsiz çox sevirəm, ona görə bu peşəni seçmək qərarına gəlmişdim.
- DJ kimi fəaliyyət göstərmək sizin seçiminiz idi, yoxsa belə alındı?
- Bu şəraitdən yaranan ağlasığımaz bir təsadüf idi. DJ olandan sonra mənim arzum necəsə reallaşdı. Əlbəttə, bu, mənim uşaqlıqda təsəvvür etdiyim kimi olmadı, ancaq hər halda mən səhnədə fəaliyyət göstərirəm.
- Bu təsadüf barədə ətraflı danışa bilərsinizmi?
- Bir dəfə mən klubda DJ-in necə çaldığını gördüm. Bu proses çox xoşuma gəldi və həmin an fikirləşdim ki, nəyə görə mən də cəhd etməyim (gülür).
- Bundan sonra siz seçdiyiniz peşədə təkbaşına addımlamaq qərarına gəldiniz...
- Birinci, mən bizim azərbaycanlı DJ-lərə müraciət etdim ki, kobud ifadə etsəm, məni relsə qoysunlar. Ancaq heç kim kömək etmək istəmədi. Hər kəs vaxt azlığını bəhanə gətirirdi. Ola bilsin, onlar mənim timsalımda özlərinə rəqib görürdülər, baxmayaraq ki, mən Azərbaycanda yeganə DJ-qızam. Ona görə də burada rəqabətə ehtiyac görmürəm. Nəticədə, nəyə nail oldumsa, özüm nail oldum. Bir sözlə, heç kimin köməyi olmadan, öz zəhmətimlə DJ olmağa müvəffəq oldum.
- Öyrənmə prosesi necə keçdi?
- 21-ci əsrin bizə verdiyi imkanlardan, elmi-texniki tərəqqidən yararlananda, insanın qarşısına hədsiz geniş fürsətlər dünyası açılır, bundan sadəcə düzgün yararlanmaq lazımdır. Mən internet vasitəsilə öyərnirdim, "Youtube”-a daxil olurdum, onlayn dərslərin sayəsində DJ-liyin əlifbasını öyərnirdim. Yeri gəlmişkən, DJ üçün ən vacib məsələ təcrübədir. Əgər sən nəzəriyyəni, nəyi necə edəcəyini yaxşı bilirsənsə, amma bunu praktikada həyata keçirə bilmirsənsə, onda səndə heç nə alınmayacaq.
- Sizdə aktiv praktika nə vaxt başladı?
- Bu, mən ilk dəfə publika qarşısına çıxandan başladı. Ancaq mən özüm apparat əldə edəndən sonra daha çox çalmağa başladım. Onu da qeyd edim ki, keyfiyyətli iş ortaya qoyması üçün DJ-in keyfiyyətli təchizatı olmalıdır. Təchizat mənə daha çox işləməyə, daim repetisiya etməyə, evdə işləməyə imkan verdi, qərəz, mənim qarşımda yeni imkanlar açdı.
- Bu işlə nə qədər müddətdir məşğul olursuz?
- Artıq 4 ildən çoxdur.
- Bə musiqi alətlərində ifa edə bilirsinizmi?
- Yaxşı musiqi duyumum olsa da, təəssüf ki, heç bir musiqi alətində çala bilmirəm, təkcə apparatda.
- Dediniz ki, Azərbaycanda DJ-liklə məşğul olan yeganə qızsınız, ona görə də zərif cins arasında rəqibiniz yoxdur. Bəs kişilərə gəldikdə?
- Mən şəxsən özümə rəqib görmürəm. İndi izah edəcəm. Əlbəttə, məndən yaxşı DJ-lər var. Bu təbiidir. Mən bunu normal qəbul edirəm. Ancaq mən öz yolumla gedirəm və qarşıma qoyduğum məqsədlərə çatmaq istəyirəm. Rəqiblər hər zaman olacaq, sənin nə edib-etməyindən asılı olmayaraq, onlar hər zaman olacaqlar. Ona görə də rəqiblərə vaxt itirmək əbəsdir, məncə, bu, lazımsız məşğuliyyətdir.
- Dünya DJ-lərindən kimlərə qulaq asır, kimləri bəyənirsiz?
- Bu sualı mənə tez-tez verirlər. Hətta dünya DJ-ləri arasında heyran olduğum, oxşama çalışdığım kəslər yoxdur. Əlbəttə, onların ifalarını dinləyirəm. Məsələn, «Tiësto», «Hardwell», «Armin van Buuren» və s. Dünyadakı son musiqi trendlərindən xəbər tutmaq üçün DJ hər şeyə qulaq asmalıdır. Ancaq mənim kumirim yoxdur (gülür).
- Anastasiya, hansı üslublar daha çox ürəyinizcədir?
- Əsasən, "Deep House” və "Trap”. Ancaq xoşun gəlməyinlə, ifa etmək tamam başqa şeylərdir. Əgər məni toya, banketə və ya doğum günü şənliyinə dəvət ediblərsə, mən orda "Deep House” çala bilmərəm. Sən auditoriyanın istəyinə uyğun mahnılar çalmalısan. İnsanların zövqünü mütləq nəzərə almalısan. DJ-yin qabiliyyəti odur ki, istənilən vasitəylə publikanı ələ ala bilir.
- Sizi tədbirlərə, şənliklərə, yığıncaqlara tez-tez çağırırlar?
- Bəli, tez-tez (gülür).
- Belə müxtəlif mərasimlər xoşunuza gəlir?
- Əlbəttə. Bu, təcrübədir və həm də maraqlıdır. Şərəatin dəyişməsi də sənin xeyrinədir. Axı hər gün klubda çala bilməzsən. Yeni tanışlıqlar, insanlarla, musiqiçilərlə ünsiyyət və s. lazımdır. Təbiətcə mən çox ünsiyyətcil insanam, tanımadığım adamlarla tezcə ünsiyyətə girə bilirəm.
- Bəs siz özünüzü daha çox harda görürsünüz, klubda, yoxsa özəl korporotivlərdə?
- Əlbəttə, klub daha ürəyimcədir. Ancaq klubda da sən auditoriyanı unutmadan öz sevdiyin musiqini çalırsan. İnsanları, onların reaksiyalarını daim güdmək lazımdır.
- Belə çıxır ki, musiqi çaldığınız zaman gözünüzü auditoriyadan çəkmirsiniz?
- Mən auditoriyanın bu və ya digər musiqi trekinə necə reaksiya verdiyinə daim nəzər salıram. Publikayla düzgün əlaqə - DJ üçün ən vacib keyfiyyətlərdən biridir. Əgər bunu etməyi bacarmırsansa, onda çətin ki, siz karyera qura biləsiz.
- DJ arasında tez-tez betl adlanan mübarizələr baş tutur, onlar bu yolla özlərinin istedad və bacarıqlarını nümayiş elətdirirlər. Karyeranız ərzində belə betllarda iştirak etmisinizmi?
- Bəli, etmişəm. 2013-cü ildə "chat box” kanalında baş tutan betlı deyə bilərəm. Mən finala yüksəlmişdim, amma texniki səbəblərdən müsabiqə dayandırıldı. Ola bilsin, bu mənim bəxtimdən idi (gülür).
- Nəyə görə, bəlkə də siz qalib gələ, birinci yeri tuta bilərdiniz...
- Əlbəttə, mən optimistəm, həmişə yaxşıya köklənirəm. Qalib gələ də bilərdim.
- Bəs dünya miqyasındakı analoji betllarda necə?
- Şübhəsiz ki, mən hər zaman gücü sınamağın tərəfindəyəm, axı hər iştirak təcrübədir və bu faydalıdır. İndi iştirak etmirəm, amma gələcəkdə planlaşdırıram. Keçən il "Red Bull” turnirinə müraciət etmişdim, ancaq çatdırmadım, dürüst desəm, biraz qorxmuşdum.
- Ancaq indi belə müsabiqələr üçün lazım olan təcrübəyə maliksiniz.
- İş burasındadır ki, mən hər zaman öz gücümü düzgün qiymətləndirirəm, məsələlərə praqmatik yanaşıram. Əgər müəyyən müddət ərzində hazırlaşmadan, təcrübə yığmadan getmək və kobud ifadə etsəm, biabır olmaq sadəcə olaraq mənə lazım deyil. Nəyisə kor-koranə etmək olmaz, ayıq başla situasiyanı analiz etmək və düzgün qərar qəbul etmək lazımdır.
- Bizim paytaxtın klub həyatını necə xarakterizə edərdiniz?
- Əlbəttə, inkişaf gedir, xüsusilə əvvəlki illərlə müqayisə etsək inkişaf var. Ancaq bizim şəhərdə klub sistemi yoxdur. Bakı böyük meqapolisdir, bir layihə digərini kölgədə qoya bilir, bura Şərqlə Qərbin sintezidir. Xüsusilə son dövrlərdə şəhərin görkəminin dəyişməsi çox sevindirici haldır, o özünün Şərq şarmını itirmədən, Qərb şəhərlərinə oxşayır. Belə gözəl şəhər üçün daha inkişaf etmiş klub sistemi lazımdır, indiki ona qətiyyə uyğun gəlmir. Hətta təəssüf edirsən ki, proqres nəyə görəsə onun böyründən keçib gedir. Ancaq mən gələcəyə olan inamımı itirmək istəmirəm, ümid edirəm tərəqqi bura da gəlib çatacaq və Bakının klub həyatı canlanacaq.
- Bizdə klub auditoriyası necədir, o yeniliklərə və dəyişikliklərə hazırdırmı?
- Yerli publika həmişə iki hissəyə ayrılır. Bir hissəsi yeniliklərə hazır olmaqdan daha qabaqdadır, çünki o, xaricdəki klubları görüb, onun necə olduğunu bilir. İkinci auditoriya isə hazır deyil, o yalnız yerli klubları görüb, səviyyə onu qane edir. Ona görə də Azərbaycan klub auditoriyasında belə fərqlilik mövcuddur.
- "DJ Stasy”-nin uğur formulu necədir?
- Ən vacibi – daim öz üzərində işləməkdir. Nə olmasından asılı olmayaraq, əllərini sallayıb oturmaq olmaz. İnsanların sənə dediklərinə hər zaman qulaq asmaq lazımdır. Onları dedikləri kimi hərəkət etməyə borclu deyilsən, ancaq dinləmək və qərarlar qəbul etmək mütləqdir.
- Belə çıxır ki, siz tənqidə normal baxırsınız?
- Bəli, özü də olduqca təmkinli şəkildə. Mən onu heç vaxt görməzdən gəlmirəm. Əgər mənə səhvlər buraxdığımı desələr, mən səhvlərim üzərində işləməyə başlayıram. Əgər məni tərifləyirlərsə, gələn dəfə daha yaxşısını ortaya qoymağa çalışıram. Məncə, tənqidi qəbul etmək və ona adekvat reaksiya vermək hər bir insan üçün vacib olmalıdır. Əgər kimsə tənqidi ümumiyyətlə qəbul etməsə, o heç vaxt uğur qazanmayacaq və yerində sayacaq. DJ publikayla işləyən kəsdir, ona görə də başqalarının fikri zənnimcə, onun üçün əhəmiyyətli olmalıdır.
- Musiqidən başqa məşğuliyyətiniz var?
- Həyatımın 80-90%-ni musiqi tutur. Bu mənim işim və hobbimdir. Həmişə, hətta boş vaxtlarımda da treklər yazmağa, maraqlı musiqi kompozisiyalarına qulaq asmağa, mikslər və s. etməyə çalışıram. Dostlarımla istirahət etməyi, ancaq klubda yox, sakit məkanda istirahət etməyi sevirəm, çünki insanın istirahətə ehtiyacı var. Daim fasiləsiz işləmək olmaz, bu sənin işinin keyfiyyətinə və məhsuldarlığına təsir edəcək. Aktiv həyat tərzi keçirmək lazımdır. Məsələn, mən şəhərdən kənara səfərləri, balıq tutmağı sevirəm.
- Hansı layihəni reallaşdırmağı və paytaxt gəncliyini təəccübləndirmək istərdiniz?
- Mənim çoxlu plan və layihələrim var. Allah qoysa, yaxın gələcəkdə bunları görəcək və hər şeydən xəbər tutacaqsız (gülür).
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !