Vahid Mustafayev: "İndiyədək xalqımıza, dövlətimizə necə xidmət etmişiksə, eyni qaydada davam edəcəyik”
"Yeni Müsavat" SSRİ-nin ilk müstəqil televiziyası ANS-in 26 illiyi münasibəti ilə məqalə dərc edib. İstiPress məqaləni olduğu kimi təqdim edir:
Noyabrın 26-sı fəaliyyəti dayandırılmış ANS kanalının "Xəbərçi” proqramının ilk dəfə efirə çıxdığı gündür. Kanalın keçmiş əməkdaşlarının əksəriyyəti müxtəlif media quruluşlarında işləsələr də, bu gün münasibətilə sosial şəbəkələrdə bir-birlərini təbrik ediblər.
Yada salaq ki, ANS-in bağlanmasından artıq 1 il 4 aydan çox vaxt keçir. Kanalın qapadılmasından sonra ötən bu müddət ərzində keçirilən məhkəmə prosesləri nəticə verməyib və telekanal rəhbərliyinin iddiaları təmin edilməyib. Şirkətin yerləşdiyi ünvanın qapısı hüquq-mühafizə orqanları tərəfindən möhürlənib və möhürün nə vaxt götürüləcəyi bəlli deyil.
Ötən aylar ərzində ANS-in əməkdaşlarının bir qismi digər kanallarda işə düzəliblər. Lakin bildirilir ki, kanalın fəaliyyəti bərpa olunarsa, onlar yenidən öz şirkətlərinə geri dönəcəklər. Məsələn, ANS telekanalının keçmiş aparıcısı Rita Ömərova fəaliyyətini PR şirkətində davam etdirir.
"İç xəbər” verilişinin layihə rəhbəri olmuş Zənurə Talıbova İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində fəaliyyət göstərir. O, burada PR menecer kimi fəaliyyət göstərir.
ANS-in keçmiş aparıcıları Rəşad Abbasov İnteraz TV-də, Əfsanə Mehdiyeva, Natavan Babayeva AZTV-də, Röya Bənənyarlı isə İTV-də çalışır. Aparıcı Vəfa Şəhlayi peyklə yayımlanan CBC telekanalında işləməyə başlayıb. Xatırladaq ki, o, ANS-də "Hesab vaxtı” verilişinin aparıcısı və növbə rəhbəri olub. ANS TV-nin "Şəbəkə” verilişinin aparıcısı Rahil Sayadoğlu xeyli vaxtdır ARB TV-də çalışır. ANS-çilərindən Sevda Həsənova, Turab Səftərov, Eldəniz Elgün və digərləri ANS-in açılmasını gözləməklə yanaşı, İstipress.com saytında fəaliyyət göstərirlər. Əməkdaşlar Qənirə Ataşova və Tünzalə Rafiqqızı isə emiqrasiya ediblər.
ANS kanalının prezidenti, rejissor Vahid Mustafayev hazırda BALANS Milli Animasiya Studiyasında uşaqlar üçün animasiyalar, cizgi filmləri çəkməklə məşğuldur.
"Yeni Müsavat”a açıqlamasında V. Mustafayev bildirdi ki, ANS iş yeri yox, həyat tərzi olub: "26 il ərzində necə işləyib, insanlarımızı maarifləndirib, məlumatlandırmışıqsa, bundan sonra da öz layihələrimizlə bu missiyamızı davam etdirəcəyik və etdiririk. Yeni proyektlər üzərində çalışırıq. Xalqımız üçün bundan öncə necə çalışmışıqsa, bundan sonra da belə davam edəcəyik. Üzərində çalışdığımız animasiyalarda uşaqları maarifləndirmək üçün hər bir şey nəzərdə tutulub. Uşaqların məntiqi, zehni baxımından inkişafından tutmuş, davranış qaydalarına qədər hər şey nəzərə alınıb. Bundan əlavə iri proyektlər üzərində də çalışırıq. ANS barəsində isə onu söyləyim ki, ANS Azərbaycanın milli sərvətidir. ANS xəbər çatdırma operativliyi baxımından ölkədə birinci idi. Qeyd etdiyim kimi, indiyə qədər xalqımıza, dövlətimizə necə xidmət etmişiksə, bundan sonra da eyni qaydada davam edəcəyik”.
"Yeni Müsavat”a danışan ANS-ÇM Yayım və Media Şirkətinin baş direktoru olmuş Sevda Həsənova isə bildirdi ki, ANS fəaliyyətinin bərpası və digər bu kimi məsələlərlə bağlı heç bir irəliləyiş yoxdur: "Mən də BALANS Milli Animasiya Studiyamızda çalışıram. Artıq təxminən uşaqların maarifləndirilməsi ilə bağlı 30 seriyaya yaxın animasiyamız hazırdır. Bildiyiniz kimi, bu sahə Azərbaycanda yox səviyyəsindədir və biz çalışırıq ki, animasiya sahəsini inkişaf etdirək. Animasiya sahəsi elədir ki, burada çalışanlar gərək şirkətin zövqünü də bilsin. Ona görə də əsas işçi qüvvəmiz köhnə ANS-çilərdir. Təbii ki, yeni əməkdaşlar da götürüb, yetişdiririk və bu sahə, eləcə də kino sahəsi ilə bağlı təhsil almaları üçün xaricə göndəririk. Hələ ki xəbərlə bağlı kurslarımızı dayandırmışıq, ancaq nəzərdə tuturuq ki, gələcəkdə bu işə də başlayaq. ANS kanalının bərpası məsələsi ilə bağlı isə yenilik yoxdur. Hazırda kanalların çoxunda əsas işçi qüvvəsi keçmiş ANS-çilərdir. Lakin kanalımız bərpa olunursa, geri qayıtmağa hazırdırlar. ANS hər birimiz üçün həyat tərzi olub. Bizim sosial şəbəkələrdə səhifələrimiz var ki, orada da sadə vətəndaşlar xeyli sayda rəylər yazır, ANS-in nə zaman bərpa olunacağını soruşurlar. Ümid edirik ki, ANS-in fəaliyyəti bərpa olunacaq. Hələ ümidimiz ölməyib”.
Xatırladaq ki, MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən dayandırılması barədə qərar qəbul edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !