Antalyada sakin olan 40 min rus Ankara və Moskva arasındakı düşmənçiliyin gələcəyindən narahatdır
Antalyadakı Shemall ticarət mərkəzinin foyesində türk və rus məktəblərinin milli geyimli şagirdləri eyni mahnıları oxuyurdular.
AzadlıqRadiosunun müxbiri Frud Bezhan yazır ki, bu hadisə Antalyada dekabr ayında keçirilən Dostluq və Sülh Festivalının çərçivəsində baş verib.
Suriya-Türkiyə sərhədində Rusiya təyyarəsinin vurulmasnın ardınca Moskvadakı türk icmasının yaşadığı bir sıra xoşagəlməz halların burada da təkrarlana biləcəyindən narahat olan "antlayalı ruslar” bu tədbirə can yanğısı ilə qatılıblar.
Rusiya icmasında bir çoxları Moskva-Ankara mübahisəsinin səngiyəcəyinə ümidlər etsə də, bu düşmənçilyin daha uzun müddət sürəcəyindən dərin narahatlıq da var.
"Sülh” adlı küçük
"Biz bir böyük ailə kimiyik, - deyir festivalın təşkilatçısı Larisa. O bir türklə evlidir, iki uşağı var. Bildirir ki, Türkiyədəki rusların heç bir ciddi problemi yoxdur.
Larisa deyir ki, iki xalq arasında münasibətlər illər ərzində inkişaf edib və bir anda məhv ola bilməz.
Irina Balcı bulvar boyunca iti ilə gəzir. Rusiya İncəsənət və Mədəniyyət Assosiasiyasına səkkiz ildir ki, rəhbərlik edən İrina "Antalya doğma evimdir” deyir.
Dörd uşaq anası deyir ki, ruslar türk icmasına, əsas etibarilə qarışıq nikahlarla inteqrasiya olunublar.
Onu Antalya ilə ilə həm də eşq macərası bağlayır. Bu Aralıq sahilində istirahət edərkən, bir yerli gənclə sevişiblər… O vaxtdan bəri Antalyadadır.
Bu harmoniyanın simvolu kimi təzəcə aldığı küçüyə də Mira adı qoyub, yəni rusca "sülh”.
"Rus vətəndaşlarımız"
Burada yaşayan başqa türklərin də gəlmə ruslara münasibəti mehribandır.
"Ruslar bizim vətəndaşlarımız və dostlarımızdır” – deyir Əcnəbilərlə Mədəniyyət Həmrəyliyi Assosiasiyasının direktorlarından biri olan Emel Çakmak. Bu təşkilat gəlmələrin türk icmasına inteqrasiyasına yardım göstərir.
Antalyadakı bir çox ruslar türkcə danışa bilirlər. Onlardan burada turizm sənayesində çalışanlar, biznes quran, ev alanlar da az deyil. Qarışıq ailələrdən olan uşaqlar adətən rus və türk dillərinin tədris edildiyi beynəlmiləl məktəblərə gedirlər.
Bununla belə, buradakı ruslar nə qədər inamlı görünsələr də, bəzən şəxsi söhbətlərində narahatlıqlarını da dilə gətirirlər.
"Onlar deyirdilər: "Axmaq ruslar, rədd olun burdan Rusiyaya. Elə düz edib sizin təyyarəni Misirdə vurublar. Sizə nifrət edirik” – deyə nəql edir 29 yaşlı rus Alina.
O Antalyanın şəhər ticarət mərkəzində bir qrup yeniyetmə türkdən eşitdiyi bu acıqlı sözləri unuda bilmir.
O deyir ki, rəfiqələrindən birini türk kişilər təhqir edib, hələ döyməklə də hədələyiblər.
Lakin türkdə ərdə olan olan bir qız anası Alina əlavə edir ki, belələri azlıq təşkil edir.
Bir külfət, iki dövlət
O deyir ki, əksinə, təyyarə insidenti baş verəndən bir çox tanış türklər ona ürək-dirək verir, xoş sözlərlə dindirirlər.
Üzdən cəsarətli qadın təsiri bağışlayan Alina deyir kİ, indi Rusiyaya getməkdən də çəkinir. Qorxur ki, orada da türk soyadına görə onunla pis davransınlar. O həm də ehtiyat edir ki, Rusiyaya getsə, onu geri qayıtmağa qoymaya bilərlər.
Onun narahatlıqlarını buradakı başqa soydaşları da bölüşürlər.
Antalyaya 13 il əvvəl Moskvadan köçmüş Svetlana deyir ki, Rusiyadakı valideynlərindən narahatdır.
O bilir ki, Türkiyə və Rusiya arasındakı vizasız gediş-gəlişin dayandırılması onun qohum-qardaşı ilə görüşlərinə əngəl yarada bilər.
Svetlana ikili vətəndaşlıq statusunun gələcəyindən də nigarandır. Qorxur ki, iki ölkədən biri onları seçim qarşısında qoya bilər.
"Amma mənim qızım üçün daha çətin olacaq – deyib 9 yaşlı Marqaritanı qucaqlayır, - Çünki onun iki vətəni var”. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !