AP Lavrovun Balidə xəstəxanaya yerləşdirildiyini bildirib. Nazir özü bunu inkar edib

14:53 | 14.11.2022
AP Lavrovun Balidə xəstəxanaya yerləşdirildiyini bildirib. Nazir özü bunu inkar edib

AP Lavrovun Balidə xəstəxanaya yerləşdirildiyini bildirib. Nazir özü bunu inkar edib

Rusiya xarici işlər naziri Sergey Lavrov İndoneziyanın Bali adasına gəldikdən sonra xəstəxanaya aparılıb. Bu barədə Associated Press agentliyi bazar ertəsi səhər üç İndoneziya rəsmisinə istinadən xəbər verib.  

Agentliyin İndoneziya hökumətindəki iki mənbəsinin məlumatına görə, Lavrovun ürəyində problem yaranıb.  Lavrovun xəstəxanaya yerləşdirilməsi rəsmi olaraq açıqlanmayıb.

AP-nin Lavrovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərindən sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova nazirlə hər şeyin qaydasında olduğunu bildirib. 
 
"Sergey Viktoroviçlə İndoneziyada xəbər lentlərini oxuyuruq və gözlərimizə inana bilmirik. Bildirirlər ki, o, xəstəxanaya yerləşdirilib. Bu, əlbəttə ki, saxta xəbər yaymağın ən yüksək səviyyəsidir", - o, teleqram kanalında yazıb.

Daha sonra Zaxarova eyvanda oturan Lavrovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərləri "siyasi oyun” adlandırdığı və Qərb jurnalistlərini "dürüst olmağa” çağırdığı video yayımlayıb.
 
"Artıq 10 ilə yaxındır ki, prezidentimizin xəstə olduğu deyilir”, - Lavrov videogörüntüdə bildirib. .

Bali qubernatoru Reuters Xəbər Agentliyinə bildirib ki,  rusiyalı nazir həqiqətən xəstəxanaya gedib. 
 
Onun sözlərinə görə, o, bazar günü o xəstəxanada olub və müayinə olunub, bundan sonra xəstəxanadan "sağlam vəziyyətdə” çıxıb. Lavrovun özü və Rusiya Xarici İşlər Nazirliyi bu mesajı şərh etməyib.

Sergey Lavrov çərşənbə axşamı Balidə açılacaq G20 sammitində Rusiya nümayəndə heyətinə rəhbərlik edir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM