"Verilən subsidiya balın hazırlanma xərclərindən azdır" - Arıçılarla söhbət - FOTOLAR

11:15 | 28.10.2021

"Verilən subsidiya balın hazırlanma xərclərindən azdır" - Arıçılarla söhbət - FOTOLAR

Bal yarmarkasında iştirak üçün ayrılan stendə 270 manat pul ödənilib. 2019-cu il ilə müqayisədə  balın hazırlanması və satışa çıxarılmasına xərclənən vəsait artıb. Kənd Təsərrüfatı Nazirliyinin arıçılara ayırdığı subsidiya isə xərclənən məbləğin yanında çox azdır. Nazirlikdən hər arı ailəsinə görə 10 manat ayrılır, amma bir arı ailəsinin xərci bu məbləğdən bir neçə dəfə artıqdır.

Bu sözləri anews.az-a müsahibəsində Şəkidən Bakıya bal yarmarkasında iştirak üçün gələn Fatma Lətifova bildirdi. 


Fatma Lətifova da daxil olmaqla  20 oktyabrdan təşkil olunan arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkasında  250 arıçı iştirak edir. Noyabrın 7-ə kimi davam edəcək bu yarmarkaya 120 ton bal və bal məhsulları gətirilib. 

Aqrar Tədarük və Təchizat ASC-nin baş mütəxəssis Qalib Bəhrəmovun sözlərinə görə,ümumilikdə şan məhsulu ilə birlikdə 120 ton məhsul satışa çıxarılıb. 
Buradakı 250 arıçının hər birinə satış üçün maksimum 400 kiloqram(kq) bal və 30 arı şanına icazə verilib:

"Azərbaycanda 21 mindən artıq arıçı olduğu üçün müəyyən limitlər var. Bunlar elektron sistemdə qeydiyyatdan keçmiş, hökumətdən subsidiya alan arıçılardır. Onların hamısını bir yerə yığıb yarmarka keçirmək mümkünsüzdür. Yarmarkalar tariximizdə ilk dəfə 2019-cu ildə ən çox - 370 arıçı yarmarkada iştirak etmişdi. İndiki pandemiya şəraitini nəzərə alaraq, sosial məsafə və gigiyena qaydalarına riayət olunmalıdır. Ən azı 25 arı yeşiyi olan arıçılar seçilib. 400 kiloqramdan artıq məhsul satışa çıxarıla bilməz. Əgər 25 arı ailəsinin hərəsini 10 kiloqramdan hesablasaq, 250 kiloqram edir. Ötən il satış olmadığına görə həmin məhsulu da hesablayırıq. Bu, maksimum dəstəkdir. Qiymətləri isə fermerlər özləri sərbəst müəyyənləşdiriblər. Nazirlik bu məsələyə qarışmır. Meşə, çəmən, şabalıd, yaylaq, region balı istəyənlər var. Məhsula görə qiymətlər fərqlidir", - deyə baş mütəxəssis məlumat verdi. 



Şəki- Zaqatala iqtisadi rayonundan gələn 68 yaşlı Fatma Lətifova yarmarkaya 400  kiloqram bal gətirib və bu müddətdə 20 kq məhsul sata bilib : 

"Şəkidə həyat yoldaşım ilə birlikdə 200 arı ailəsinə qulluq edirik  və həmin ailələrdən bu il 1 tondan çox bal  götürə bildik. Lakin balın əldə edilməsi asan proses deyil. Həyat yoldaşım ilə birlikdə fevralda evdən çıxırıq, yalnız həftədə bir dəfə evə gələ bilirik. Geriyə qalan müddətdə arıların yanında oluruq. Balın bir kiloqramının ərsəyə gəlməsinə xərclənən məbləğ 12 manatdan çox edir. Bu xərclərə arının saxlanılma, balın əldə edilmə, qablaşdırma, daşınma, eləcə də sərgiyə qoyulmasına verdiyimiz pullar daxildir. Yarmarkada iştirak üçün  120 manat məhsulların yoxlanılmasına, 150 manat isə məhsulların nümayişi üçün masaya verdik. Əvvəl bankaları verirdilər. İndi vermirlər, balları yığmaq üçün qabları özümüz alırıq. Bu da bizim xərclərimizin artmasına səbəb olur. Hazırda satdığımız Şəki balının bir kiloqramı  istər Bakıda, istərsə də rayonda  qiyməti  25-30 manat arası dəyişir", - deyə satıcı bildirdi.

Fatma Lətifova aldıqları subsidiyanın onları qane etmədiyini bildirdi:

"Hər arı ailəsinə 10 manat yardım edilir. 200 arı ailəsinə görə ildə bir dəfə 2000 AZN alırıq. Bu da bizə sərf etmir. Çünki pandemiyadan sonra 
qiymətlərdə artım müşahidə olundu, bu da bilavasitə bizim xərclərimizi artırdı. Düzdür, bu yardımın edilməsinin müəyyən köməkləri olur, amma daha çox yardım ayrılması və ya qiymətlərin aşağı salınması şərtdir" ,- deyə arıçı əlavə etdi. 
 



Ermənistan  işğalından azad edilmiş Kəlbəcər və Laçın yaylaqlarına 2021-ci ildə pilot layihə çərçivəsində 4068 arı ailəsinin köçürülməsi təmin edilib. Bu arı ailələrinin 531-i Laçın yaylaqlarına köçürülüb. Həmin yaylaqlarda arıçılıq təsərrüfatına cəlb olunan Elşən Behbudov  armarkada 50 kiloqram  Laçın balını satışa çıxarıb. Onun sözlərinə görə, alıcılar Qarabağ balına xüsusi diqqət göstərir: 

"Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə iyulun 6-dan sentyabrın 6-a kimi  2 arıçı və 2 köməkçi  Laçında olduq. Özümüzlə apardığımız arı ailələrindən ümumilikdə 400 kiloqram yaylaq-çəmən  balı götürdük. Balın 1 kiloqramı 50 manatdır. Relyefini və gec getdiyimizi nəzərə alsaq, bu il Qarabağ balının digər ballardan az olması və qiymətinin baha olması normal haldır.  Ümumiyyətlə, Qarabağ balına tələbat çoxdur. Bu müddət ərzində 25 kiloqram bal satmışam.  Gələn il apreldə gedəcəyik və düşünürəm ki, qiymətdə və məhsulun miqdarında fərq olacaq. Laçında arıçılığın inkişafı üçün böyük potensial mövcuddur. Bölgənin bitki örtüyü ehtiyatlarının arıçılığın inkişafı baxımından dəyərləndirilməsi davam edir",- deyə  Elşən Behbudov məlumat verdi. 

Elşən Behbudov ayrılan subsidiyanı qənaətbəxş hesab edir: 

"Əvvəllər yardım edilmirdi, amma indi hər arı ailəsinə uyğun təyin edilən məbləğ ilə bir çox xərclər qarşılanır və gəlirləri artırır", - deyə arıçı bildirdi. 


 
40 ildən çoxdur arıçılıqla məşğul olan  Sabir Musatafayev isə alıcılara Kəlbəcər balı təklif edir. Onun  sözlərinə görə, Kəlbəcər balını digərlərindən fərqləndirən 28 illik həsrətdir: 

"İyunda Kəlbəcərə köç etdik. 2 ay ərzində 2 dəfə bal süzümü edə bildik. Cökə, çəmən və yaylaq balı satıram. Yarmarkaya 400 kiloqram balla qoşulmuşam. Girdiman çayı, Ağsu-İsmayıllı zonasının və Kəlbəcərin balını gətirmişəm. Kəlbəcər balını 40 manatdan satıram, demək olar ki, bitmək üzrədir. 200 kiloqram gətirmişdim, 100 kiloqramı artıq satılıb”,- deyə arıçı bildirdi. 
 


5 il sonra yenidən yarmarkada iştirak edən İmamverdi Hüseynəliyev alıcıların az olmasından narazıdır. Onun sözlərinə görə, əsas müştəriləri rayondadır:

"Bakıda müştərilərin bol olması üçün daimi şəkildə yarmarkada iştirak etmək şərtdir. Mən isə sadəcə maraq üçün 5 günlük gəlmişəm. Alıcılar əsasən cökə balına üstünlük verir. Bu balın qiyməti də 25-30 manat arasıdır”, - deyə arıçı  İmamverdi Hüseynəliyev söylədi.  
 
Gəncəli arıçı Sahib Verdiyev (şərti ad, red.) yarmarkaya 300 kq süzülmüş, 100 kq pətək balı gətirdiyini dedi:
 
"Gədəbəy, Samux balı 25 manat, pətək balının satış qiyməti 30 manatdır. Ötən illərdə 25 manat idi. Bu il bahalaşdırmışıq. Çünki xərclərimiz artıb”, - deyə arıçı bildirdi. 

Yarmarkada ən çox bal satan Ramin Məmmədov adlı Gədəbəyli arıçı idi. Arıçı yarmarka başlayan gündən bu günə kimi 120 kiloqram bal satmışdı:

"Yarmarkaya 400 kiloqram bal gətirmişdim və məhsulun üçdə bir hissəsini artıq satmışam. Gətirdiyim məhsulun yarısı təzə baldır, digər yarısı isə keçən ildən qalıb. Amma müştərilər xarlanmış bal almağa üstünlük verir.  Bal götürüldüyü çiçəkdən və saxlanmaq şəraitindən asılı olaraq gec ya tez qatılaşıb, xarlanır. Balın kristallaşması (xarlanması) təbii prosesdir və balın keyfiyyətinə mənfi təsir göstərmir. Cökə, yonca, akasiya, pambıq, günəbaxan balı tez - götürüldükdən 6 ay müddətində; qaratikan, biyan, zeytun, tütün və s. balı isə gec - 1 ildən çox müddətdə xarlanır. İsti şəraitdə saxlanan bal gec, soyuqda saxlanan isə tez xarlanır. İstər təzə, istərsə də xarlanmış balın qiyməti 35-40 manat arası dəyişir",- deyə arıçı əlavə etdi. 
 


Arıçı  Məhəmməd Qomurov isə alıcıların bol olduğunu bildirdi. Onun sözlərinə görə,  Balakəndə 15 manata satdığı balı Bakıda 30 manata sata bilir:

"Pandemiya dövründə Bakıya bal gətirə bilmədik. Məhsul əlimizdə qalsa da,  bunun mənə maddi ziyanı çox olmadı. Çünki bal elə qidadır ki, qaldıqca gözəlləşir. Balların növləri də fərqlidir. Hər növ balın da öz alıcısı olur. Adətən el arasında belə bir fikir formalaşıb ki, "may balı” orqanizm üçün daha faydalıdır. Amma mən deyərdim ki, müalicəvi bal əsasən avqust ayında süzülən baldır. "May balı” zəif baldır. Bu termin bizə ruslardan qalıb. Çünki onlarda ildə bir dəfə mayda çiçəkləmə dövrü olur. Amma bizim Azərbaycanın bölgələrində bu proses avqust ayına kimi davam edir. "May balı” bir az zərif, rəngi şəffaf, ətirli, yüngül, duru baldır. Çünki bal yetişmədiyindən tərkibində suyun faizi yüksək olur. "May balı”nın əsas tərkibi meyvə ağaclarından yığılan nektardır. Bu bal kosmetik məqsədlər üçün daha yaxşı bal sayılır. Yaşlı insalara, körpə uşaqlara "may balı” vermək daha məqsədəuyğundur. Məsələn, uşaqlara birdən-birə ağır bal vermək olmaz. Onların rasionuna zərif və yüngül "may balı” əlavə etmək daha münasibdir ki, yavaş-yavaş bala öyrəşsinlər ", - deyə  Məhəmməd Qomurov məlumat verdi. 


Quba-Qusar, Şamaxı bölgəsindən olan arıçıların əksəriyyəti şabalıd balını tərifləyirdi. Arıçılar şabalıd balını 40, may balını 35 manata satışa çıxarıb:

"Şabalıd balı acı olsa da, çox xeyirlidir, ənənəvi balın dadından seçilir, amma qiyməti ondan da bahadır. Ötən il bu balı 35 manata satışa qoymuşduq. Bu il isə qiymətlər artıb və arıları saxlamaq baha başa gəlir. Onlar tez xəstələnir deyə dərmanları vaxtında alınmalıdır. Çəkilən xərclər də təbii olaraq balın qiymətinə təsir edir”,- deyə Şərif Məmmədov ( şərti ad red.) bildirdi.  O subsidiyaların artırılmasının tərəfdarı olduğunu vurğuladı. 

Arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçılarından biri də Füzulidən  olan arıçı Telman Musayevdir.Telman Musayevin sözlərinə görə, təmiz bal istehsal etmək üçün arının yaşadığı ərazidə nektar mənbəyi olmalıdır. Digər tərəfdən balın keyfiyyəti təbiətdən və hava şəraitindən də asılıdır. Balın ətri, rəngi və tərkibi arının yaşadığı ərazidən asılı olaraq dəyişə bilər: 

"Dünyadakı bütün xəstəliklərin 60 faizi bal ilə müalicə edilir.  Bal haqqında bizim bölgədə deyirlər ki, balı qaydasında yeyərsən xeyir verər, isidib yeyərsən, ziyan olar. Balı günəş şüaları altında saxlamaq olmaz. Onu 14 dərəcə temperaturda saxlamaq daha məsləhətdir. Balın qaymağı çox faydalı arı məhsuludur. Arılar yığdıqları nektarı altıbucaqlı mum yuvaya, yəni şana yığır, bala çevriləndən sonra şanını mumla suvayaraq üzərinə pərdə çəkir, yəni "möhür” vururlar. Bal qaymağı məhz pətəyin üstündəki "möhür”dən, yəni suvaqdan hazırlanır. Müalicəvi əhəmiyyəti var. Nəfəs yollarını təmizləyir, astma və damaq xəstəliyinə qarşı, uşaqlarda vitamin çatışmazlığı zamanı istifadə olunur. Onun qəbulu orqanizmdə maddələr mübadiləsini sürətləndirir. Bal şəkərli diabetin müalicəsində də müsbət təsir göstərir. Şəkəri onunla əvəz etməklə xəstəliyin yaranma riskini azalda bilərsiniz.Balın tərkibindəki C vitamini koroner ürək xəstəliyi riskini azaldır.Təbii balın müntəzəm istifadəsi qan təzyiqini normallaşdırır, xolesterol səviyyəsini aşağı salır və damarlarda qan laxtalanmasının qarşısını alır. Balın başqa bir tətbiq sahəsi ağız boşluğu xəstəliklərinin müalicəsidir. Bal stomatit, halitoz və diş əti xəstəliklərinin əlamətlərini aradan qaldırır. Lövhə, ağız xorası və diş əti iltihabından qurtulmaq üçün istifadə olunur",- deyə arıçı söylədi.

Azərbaycan Arıçılar Assosiasiyasının mətbuat katibi, "Balçı” MMC-nin əməkdaşı Elvin Bayramlı isə verilən subsidiyanın az olmadığını bildirdi. Onun sözlərinə görə,  assosiasiya olaraq subsidiya ilə bağlı nazirliyə müraciət ediblər. Nazirlik arı ailələrinə qulluq, balın hazırlanması və satışı xərclərini hesablayaraq bir arı ailəsinə 10 manat verməyə qərar gəlib: 

"2 mərtəbə pətəkli, güclü 1  arı ailəsini 300 manata almaq olar. Arı ailəsini aldıqdan sonra onun xərcləri azalmaqdadır. Pətəyin müalicə xərci 5 manatdır. Buraya onun gənədən qorunması daxildir. Digər xərclərə daşınma daxildir. Bu isə maksimum 30 manat təşkil edə bilər. Lakin nəzərə almaq lazımdır ki, arı ailələri tək-tək yox birlikdə daşınır, bu da daşınma xərclərini azaldır. Yarmarkada bal satışı üçün yaradılan vəziyyət ilə də razıyam. Yarmarkada iştirak ödənişlidir, iştirak haqqı 150 AZN-dir. Bu məbləğə satış üçün yer və lazımi ləvazimatlarla təmin olunma, yarmarkanın marketinq işlərinin aparılması, loqistika, anbar işinin təşkili və digər xidmətlər daxildir. Hər nümunənin laboratoriya xərci isə 20 manatdır. Yəni bir bidonun yoxlanılmasına 20 azn ödəmişəm. Yarmarkada iştirak etmiş arıçıların bal məhsulları anbara daxil olduqdan sonra keyfiyyət yoxlanışı üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən istehsalçının iştirakı ilə nümunələr götürülüb. Analiz üçün götürülmüş nümunələrin nəticələri 3 gündən gec olmayaraq təşkilat komitəsinə bildirilib və yalnız nümunələri qida təhlükəsizliyi standartlarına uyğun olan istehsalçıların məhsullarının satışına icazə verilib. Nümunələrin nəticələri müsbət olmayan bal məhsullarının satışına icazə verilməyib. Ballarımı sərgilədiyimiz masaları isə püşk atma ilə müəyyən edirik ki, bu da tam ədalətli formadır. Təbii ki, banka, qapaq kimi lazimi vəsaitlərin alınmasını sərfəli təşkilin yolları da mümkündür. Məsələn, hər hansı satıcı ilə əməkdaşlıq edib topdan almaq mümkündür" , - deyə "Balçı” MMC-nin əməkdaşı bildirdi. 

Onun sözlərinə görə, alıcılar qiymətin baha olduğunu düşünür:

"Mənə bəzən alıcılar deyir ki, qiymətlər keçən illərdən bahadır. Amma mən belə düşünmürəm. Nisbətən qiymət artımı normaldır, çünki pandemiya dövründə bahalaşma hər sahədə özünü göstərdi. Hazırda balın qiyməti 25-30 manat arası dəyişir", - deyə arıçı bildirdi.  
 

 
Müşahidələr göstərir ki, yarmarkada balın qiyməti 25-60 manat arası dəyişirdi. Bal məhsulları isə 18-40 manat arasında dəyişirdi. 
 
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilən və subsidiyaların verilməsində vahid mexanizmi tənzimləyən "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə hər təqvim ilində 10 (on) manat məbləğində subsidiya verilir. Reqlamentə əsasən, arıçı fermerlər EKTİS-də arı ailələrinin (pətəklərinin) qeydiyyatını həyata keçirir və hər il aprelin 30-dək həmin ailələrin mövcud vəziyyəti barədə məlumatları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi
(EKTİS) yeniləyir. EKTİS-də mövcudluğu təsdiqlənmiş arı ailələrinin (pətəklərinin) sayına əsasən subsidiya müraciəti (elektron bəyannamə) formalaşır və fermerin kabinetinə göndərilir. May ayı ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən  seçmə üsulla monitorinqlər təyin ediləcək. Monitorinqlər rayonlarda Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən yerində müşahidə üsulu ilə keçirilir. Monitorinq zamanı fermerin bəyannaməsində göstərilən məlumatlardan fərqli hallar müəyyən edildikdə, fermerin bununla əlaqədar  subsidiya məbləği azaldılır və azalma elektron kabinetində əks olunur.  Əgər fermer monitorinqin nəticəsinə 15 gün ərzində etiraz edərsə, onda situasiya fermerin iştirakı ilə DAİM-in mütəxəssisi tərəfindən yerində müşahidə aparmaqla qiymətləndirilir, nəticə aktlaşdırılaraq EKTİS-ə daxil edilir. Arıçılıq sahəsində subsidiyalar 2020-ci ildən etibarən tətbiq edilməyə başlanıb və 2023-cü ilə qədər davam etdirilməsi nəzərdə tutulub.

 Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmli subsidiya verilməsinin fərdi xarakter daşımasının tərəfdarıdır:

"Azərbaycanda arıçılıq müxtəlif bölgələrdə var. Həmin bölgələrin iqlimi, relyef şəraiti nəzərə alınmaqla subsidiya təyin olunmalıdır. Məsələn, daşınma xərcləri çox olan bir arıçı üçün 10 azn çox azdır. Lakin yaylaq ərazisinə yaxınlıqda yaşayan arıçı üçün bu məbləğ yetərli hesab oluna bilər. Təklif edirəm ki, genişmiqyaslı araşdırmalar aparılsın, subsidiya qaydaları dəyişilsin", -  deyə ekspert bildirdi. 

2021-ci ilin yanvar-iyul ərzində ölkəyə 78.7 ton və ya 401.0 min ABŞ dollar dəyərində təbii bal idxal edilib. Ötən ilin eyni dövründə 54.6 ton və ya 200.6 min ABŞ dolları dəyərində təbii bal idxal edilib. Bu il idxal edilən balın 26.4 tonu Rusiyadan , 23.7 tonu İrandan, 21.9 tonu Türkiyədən gətirilib.  Ölkədən bal ixracı isə cüzi həcmdə olmaqla 2020-ci ildə 0.29 ton və ya 5.61 min ABŞ dolları, 2021-ci ilin ilk 7 ayında isə 0.10 ton və ya 2.13 min ABŞ dolları təşkil edib. 2020-ci ildə ölkədə bal istehsalı 6647.2 ton olub. Bal ilə özünütəminetmə səviyyəsi isə 98.2 faiz təşkil edib. 
 


 
Anews.az paytaxtdakı ərzaq mağazalarıda balın qiymətləri ilə maraqlanıb. İri supermarketlərdə balın bir kiloqramı 27 manatdan başlayaraq 70 manata kimi dəyişir. Bal məhsullarının isə qiymətləri fərqlidir. Əgər məhsulun tərkibində balın miqdarı azdırsa qiymət nisbətən aşağıdır. Lakin tərkibində bal çox olan məhsulların qiyməti 25 manatdan başlayaraq artıb. Müşahidələrimiz göstərir ki, hazırda bazarda balın 1 kiloqramının orta satış qiyməti 25 manat, mumun - 14 manat, vərəmumun(propolis) - 135,6 manat, güləmin - 127,2 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 7,0 manat olmuşdur.
 
Bu il bal və bal məhsullarının qiymət ortalaması barədə Dövlət Statistika Komitəsinin rəsmi məlumatı yoxdur.   Komitənin 2020-ci il məlumatlarına görə isə 32340 təsərrüfatda mövcud olan 596,7 min arı ailəsindən 6647,2 ton bal, 157,6 ton mum, 14,6 ton vərəmum, 14,7 ton güləm və 366,1 kq arı südü əldə olunmuşdur. Balın 1 kiloqramının orta satış qiyməti 24,9 manat, mumun - 12,7 manat, vərəmumun - 131,6 manat, güləmin - 127,2 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 5,0 manat olmuşdur.
 
Bakı sakinləri arasında apardığımız sorğu nəticəsində məlum oldu ki, respondentlərin böyük qismi qiymətlərin sabit qaldığını düşünür. Sorğuda iştirak edən 30 respondetin yalnız 10-u qiymətlərin baha olmasından narazıdır.  Digər 20 alıcı isə qiymətlərdə kəskin fərqin olmadığını, bal və bal məhsullarının həmişə baha olduğu qənaətindədir. 

Azərbaycan Rusiyanın bal ixrac etdiyi ölkələrin siyahısında doqquzuncu yerdədir. Rusiyadan bal ixrac olunan ölkələrin sayı 17-dən 31-ə çatıb. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Rusiyadan bal idxalını 5,32 dəfə artıraraq 23 tona çatdırıb. Bu barədə RİA Novosti-yə Rusiya Kənd Təsərrüfatı Bankından ("Rosselxozbank" ) məlumat verilib. "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli fərmanına əsasən, hər bir arı ailəsinə görə subsidiya məbləği müəyyən edilib və bu subsidiya hər il aparılmış monitorinqlərə uyğun olaraq arıçılıqla məşğul olan fermerlərə verilir. Subsidiya mexanizmi tətbiq edildikdən sonra ölkədəki bütün arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və elektron məlumat bazasının yaradılması həyata keçirilib. Bunun təsiri nəticəsində 2021-ci il yanvar ayının 1-nə ölkəmizdə arı ailələrinin sayı 596 min 700-ə çatıb. Orta məhsuldarlıq təxminən 10-12 kiloqram təşkil edir.
 








 

 
Ləman Qasımova
 


İSTİQAMƏT: 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
 

 












www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM