Oxu.Az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, Braziliyanın "Flamenqo” komandasından ispaniyalı mərkəz müdafiəçisi Pablo Mari mövsümün sonunadək icarəyə götürülüb.
Qeyd edək ki, "Malyorka”nın yetirməsi olan 26 yaşlı futbolçu həmçinin İspaniyada "Ximnastik”, "Jirona” və "Deportivo” klublarının formasını geyinib. 2016-cı ilin avqustun 15-də İngiltərənin "Mançester Siti” klubuna transfer olsa da, ona Premyer Liqada oynamaq imkanı verilməyib və icarəyə göndərilib.
Hollandiyanın NAK klubunda komandanın kapitanı olmuş Pablo Mari ötən ilin iyulun 11-də 1,3 milyon avroya "Flamenqo”ya transfer edilib. O, bu klubla 2019-cu ildə Braziliya çempionu olub və Libertadores Kubokunu başı üzərinə qaldırıb.
2019-cu ilin Braziliya A Seriyasının rəmzi komandasına seçilmiş futbolçunun Riu di Janeyru klubu ilə müqaviləsi 2022-ci ilədəkdir. "Arsenal” yayda onun bütünlüklə transfer hüquqlarına yiyələnmək səlahiyyətinə malikdir.
Bundan başqa, "Arsenal”ın transfer pəncərəsinin son günü olan sabah daha bir transferi reallaşdırması gözlənilir. Klub "Sauthempton”un portuqaliyalı sağ cinah müdafiəçisi Sedrik Suarisi mövsümün sonunadək icarəyə götürəcək. Bundan "Sauthempton” 5 milyon funt qazanc əldə edəcək.
Portuqaliya millisinin 28 yaşlı futbolçusunun müqaviləsi yayda bitir. "Arsenal” məhz yayda bu futbolçunu sərbəst şəkildə heyətinə qata biləcək.
www.anews.az