Asim Mollazadə: “Azərbaycanın strategiyası insan resurslarını zənginləşdirməkdir”

17:54 | 12.06.2015
Asim Mollazadə: “Azərbaycanın strategiyası insan resurslarını zənginləşdirməkdir”

Asim Mollazadə: “Azərbaycanın strategiyası insan resurslarını zənginləşdirməkdir”

ANN.Az xəbər portalı Demokratik İslahatlar partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadənin Nensi Perlmanın aparıcısı olduğu "Nensi Şou” televiziya verilişindəki müsahibəsini təqdim edir. 

Haqqında bəhs olunan söhbət ətraf mühitə antropogen təsirlərdən və Yer Kürəsindəki həyata təsir edən ekoloji problemlərin həll edilməsi mövzusu ətrafında olub. Ekologiyanın istiqaməti və ekoloji təhlükəsizlik xalqa, insanlığa və bütün dünyaya təsir baxımından çox vacib əhəmiyyətə malikdir. 

N.P: Xoş gördük! Mənim bugünki qonağım doktor Asim Mollazadədir. O, həkim, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Azərbaycan Avroatlantik mərkəzinin rəhbəri, həmçinin Azərbaycan parlamenti olan Milli Məclisin deputatıdır. Xoş gəlmisiniz. Həmsöhbət olduğumuza görə çox şadam. 

A.M.: Çox təşəkkür edirəm.  

N.P.: Azərbaycan gözəl təbiəti, çoxlu iqlim qurşaqlarıyla seçilən çoxmillətli ölkədir. O, Xəzərin sahilində yerləşir. Siz bu ölkənin Avrasiya ölkəsi kimi unikal yerləşimini necə xarakterizə edərdiz? 

A.M.: Azərbaycan tarixən "Odlar Yurdu” adlandırılan ölkədir. Dünyada neftin çıxarılmasına Azərbaycanda başlanılıb. Bizim neft sənayemiz 1847-ci ildən etibarən inkişaf etməyə başlayıb. Qeyd etmək istəyirəm ki, bizdə bu prosesə ABŞ-dan əvvəl başlanılıb. ABŞ-da ilk neft quyusu 1858-ci ildə Pensilvaniya ştatında qazılıb. Enerji resursları, xüsusilə neft və qaz Azərbaycanın inkişafında əhəmiyyətli rol oynayıb. ABŞ-ın da yardımıyla Azərbaycan Türkiyə və Gürcüstan vasitəsilə Xəzər dənizini Aralıq dəniziylə birləşdirən boru kəmərləri çəkə bildi. Hazırda Azərbaycan Avropa və dünyanın enerji təhlükəsizliyində böyük rol oynayır. Bu, bizim üçün vacib məsələdir, çünki bunun sayəsində Azərbaycan İsrailə, bizim Yaxın Şərqdəki müttəfiqimizə neft çatdırmaq imkanına malik oldu.

N.P.: Azərbaycan nefti İsrailin idxal etdiyi neftin yarısını təşkil edir. Bu məsələ barəsində nə deyə bilərsiniz?

A.M.: Bizim İsrailə lazım olandan daha çox neftimiz var, ancaq eyni zamanda, bu neft ABŞ-ın regiondakı çox əhəmiyyətli müttəfiqinin, yəhudi dövlətinin təhlükəsizliyinə qarantdır. Bununla yanaşı, ABŞ-ın Avropadakı digər müttəfiqləri də Azərbaycandan neft və qaz alırlar. Və bu situasiyada biz Avropanı öz enerji resurslarıyla şantaj edən bəzi dövlətlərin monopoliyasının qarşısını almış oluruq. 

N.P.: İsrail yəhudi dövlətidir, Azərbaycan isə əhalisinin əksəriyyəti müsəlman olan dünyəvi dövlətdir, ancaq hər iki tərəf bir-birinə çox isti münasibət bəsləyir və bu əlaqələr hər il daha da güclənir. Yəhudi və müsəlmanların əməkdaşllığı - bu, çox maraqlı faktdır... 

A.M.: Biz çox məhsuldar şəkildə əməkdaşlıq edir və birlikdə işləyirik. Azərbaycan və yəhudi xalqları tarix boyunca dostluq və anlayış içində yaşayıblar. Böyük imperiyalar müharibə edəndə, kiçik ölkələr əziyyət çəkirlər, biz belə problemlər yaşamışıq. Azərbaycanda iki min ildən çoxdur ki, mövcud olan yəhudi icmasının qədim tarixi var. Eyni zamanda, Avropadakı XIX və XX əsrlərdə baş verən qırğınlardan sonra Aşkenazi yəhudiləri Azərbaycana gəlib və burada yaşamağa başlayıblar. Burada onlar dinclik və qardaşlıq mühiti tapdılar. Bəlkə də buna görədir ki, Azərbaycan və İsrail arasında olan körpünün dayaqları konkret şəxslərin, ailələrin, tarixi uzun illər əvvələ gedib çıxan güclü dostluqların fəaliyyəti üzərində qurulub. 

N.P.: Azərbaycana səfər edəndə, məni ən çox heyrətləndirən milli abidələri, kilsələr də daxil olmaqla min illik tarixi abidələri qorumaq və saxlamaq üçün ölkə rəhbərliyinin necə ciddi səylə çalışması oldu. Bundan başqa, Azərbaycanda zərdüştlük abidələri daxil olmaqla, məbədlər və digər dini abidələr bərpa edilir...

A.M.: Sizin dediklərinizin hamısı həqiqətdir. Bəli. Biz hesab edirik ki, Azərbaycanın ən vacib strategiyalarından biri ölkəmizi tamamilə multikultural mərkəzə çevirməkdir. Biz fəxr edirik ki, XX əsrin ən böyük şəxsiyyətlərindən biri II İohan Pavel bizə gözəl katolik kilsəsi hədiyyə edib. Yeri gəlmişkən, bu, Azərbaycandakı üçüncü katolik kilsəsidir. Ölkəmizdə müəyyən sayda katolik icması yaşayır, onların əksəriyyətini polyak və irland icmaları təşkil edir. Bu, bizim üçün fəxrdir ki, Azərbaycanda yevangeliya kilsələri fəaliyyət göstərir. Ölkəmizdə həmçinin alman icması mövcuddur. Azərbaycanda mövcud olan bütün rus provaslav kilsələri dövlət tərəfindən təmir edilib. Azərbaycan dünyəvi ölkədir, bunda görə də burada din dominantlıq eləmir. Bizdə din və siyasət bölünüb. Ancaq bununla belə, dövlət dini qurupları dəstəkləməyə çalışır. Bu, bizi çoxrəngli, çoxmillətli və tolerant ölkə edir. 

Katoliklər və yəhudilər daxil olmaqla, müxtəlif dini konfesiyyaların nümayəndələri bizimlə birgə qardaşlıq şəraitində yaşayırlar və ölkəmizin, xalqımızın, mədəniyyətimizin inkişafına töhfə verməyə davam edirlər. Məsələn, Azərbaycandakı yəhudi icması vətənimizin çiçəklənməsi və inkişafı üçün töhfə verib və verməkdə davam edir. Yəhudi xalqının bəzi nümayəndələri hətta Azərbaycandan kənarda yaşasalar da, Azərbaycan mədəniyyəti ilə əlaqələri kəsmirlər, onlar ABŞ-da, İsraildə Azərbaycanın səfirləri olur, diplomatik missiyalarda çalışırlar. İsraildə "Aziz” adlı böyük Azərbaycan-İsrail təşkilatı fəaliyyət göstərir, Azərbaycan dilində bu söz "Əziz” mənasını verir. Məhz buna görə bu təşkilat ölkəmiz və xalqlarımız üçün bu qədər əhəmiyyətlidir. 

Mən Tel-Əvivdə bu təşkilatın konqresində iştirak etmişəm və İsrailin müxtəlif dövlət nümayəndələriylə görüşmüşəm. Bizi Knessetdə dəstəkləyən nümayəndələr var, onlar xalqlarımız arasındakı dostluğu yüksək qiymətləndirir və dəstəkləyirlər. Bu, bizim üçün vacib amildir. Balaca ölkələr mürəkkəb bölgələrdə yerləşirlər. Buna görə də, dəyərlərimizin, ümumi təhlükəsizliyimizin, ümumi enerjimizin qorunması üçün, biz ilk növbədə ABŞ-ın tərəfdaşları olmağa çalışırıq, çünki hər iki dövlət, İsrail və Azərbaycan ABŞ-ın etibarlı və sadiq dostlarıdır.  

N.P.: Azərbaycan öz bölgəsində mədəniyyəti qorumağa və mühafizə etməyə çalışır. Bu strategiyanın reallaşdırılması üçün Böyük İpək Yolunun bərpası planı mövcuddur. Bu, çox maraqlı təşəbbüsdür. Mən hər zaman düşünmüşəm ki, İpək Yolu Çində yerləşir. Bəs, əslində o həqiqətən haralardan keçirdi? 

A.M.: İpək yolu Çindən Avropaya qədər və əksinə keçirdi, əgər siz tarixə müraciət etsəz, məşhur italyan səyyahı Marko Polonun xatirələrində onun Çinə səfəri zamanı Azərbaycandan keçdiyini görə bilərsiniz. Məhz Çində də o, ipəyi tapdı. Məhz buna görə, bu yol Böyük İpək Yolu adlanırdı, Çin ipəyi Azərbaycandan keçib Avropa bazarına çatdırılırdı.  

Bu gün Azərbaycan bu ticarət sisteminin bərpasına böyük həcmdə investisiya yatırır. Hər şeydən əvvəl bu, nəqliyyat dəhlizidir. Azərbaycan Avropanı Türkiyə, Gürcüstan, Qazaxıstan vasitəsilə Çinlə birləşdirən dəmiryolu inşa edib. Azərbaycanda müxtəlif layihələr çərçivəsində avtomobil yollarının və nəqliyyat qovşaqlarının tikintisi həyata keçirilir, bunun sayəsində Çin və Avropa avtomobilləri Azərbaycan ərazisi vasitəsilə əlaqə yarada bilərlər. 

Eyni zamanda, Xəzər dənizinin şərq sahilində Azərbaycan yeni terminal, yeni liman, yeni taxıl, neft və qaz terminalı tikib. Bu terminallar Mərkəzi Asiya ölkələrinin və Çinin mallarını Avropaya daha tez, ucuz və etibarlı şəkildə çatdırması üçün əla imkandır, ona görə ki, NATO-nun üzvü olan Türkiyənin və Gürcüstanın müttəfiqi olan Azərbaycan bu ölkələrlə birlikdə İpək yolunun təhlükəsizliyinin bərpası üçün birlikdə işləməyə çalışır. 
 
N.P.: Demək olar 70 il Azərbaycan Sovet İttifaqının bir hissəsi olub və təxminən 20 il əvvəl SSRİ dağılanda, 1900-cı illərin əvvəlində o, yenidən müstəqil oldu. Xəzərin sahilindəki Azərbaycan Rusiya, Gürcüstan, Ermənistan və İranla həmsərhəddir. Azərbaycan çox gözəl bir regionu Dağlıq Qarabağ təəssüf ki, hazırda Ermənistanın işğalı altındadır. Bu region barədə danışardız və nəyə görə azərbaycanlılar üçün bu tarixi Azərbaycan ərazilərinin qaytarılması bir nömrəli məsələdir? 


A.M.: Möhtəşəm təbiəti olan Qarabağ Azərbaycanın gözəl dağlıq regionudur. Ancaq bununla yanaşı, Qarabağ Azərbaycan xalqı üçün Azərbaycan mədəniyyətinə görə əhəmiyyətlidir, məhz Dağlıq Qarabağ Azərbaycan mədəniyyət və incəsənətinin beşiyidir. Azərbaycan musiqisinin bir çox dahiyanə bəstələri, Azərbaycan incəsənətinin, poeziyasının nümunələri burada yaranıb.  

Rusiyanın himayəsi altında olan Ermənistan isə Dağlıq Qarabağa ərazi iddiları irəli sürür və bu gün də Azərbaycan ən gözəl ərazilərini qəsb etməklə, işğal altında saxlayır. Bu fakt bütövlükdə regiona mənfi təsir edir, onun tam gücüylə inkişafına mane olur. Münaqişə nəticəsində Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Bu tarixi Azərbaycan ərazisində qədim dövrlərdən bizim ulu babalarımız yaşayıblar. Sonralar bu ərazilərə ermənilər yerləşdirildi, etnik təmizləmə yoluyla tarixən bölgədə yaşayan insanlar yurd-yuvalarından zorla çıxarıldı. Erməni tərəfinin apardığı etnik təmizləmə çox zorakı olub. Onlar çox sayda qadın və uşağı qətlə yetiriblər. Təkcə Xocalı şəhəri bir gecənin içində tamamilə dağıdılmış, uşaqlar, qadınlar və qocalar da daxil olmaqla, yüzlərlə insan xüsusi qəddarlıqla öldürülmüşdü. Vandalizm nəticəsində səssiz-səmirsiz yoxa çıxan qurbanları da unutmaq olmaz. Bir çox əcnəbi və amerikalı jurnalistlər bu vəhşiliklərə öz gözləriylə şahid olublar. Xocalı qətliamı XX əsrin ən faciəli hadisələrindən biridir, bu, təkcə bu günahsız azərbaycanlılara deyil, bütün insanlığa qarşı cinayət idi. 


N.P.: Azərbaycanın digər qonşu ölkələrlə birlikdə Xəzər dənizinə çıxışı var. Buna görə də, resurs mənbəyi olan dəniz digər qonşularla birlikdə bölünməlidir. Sizin fikrinizcə, hansı ölkələr və beynəlxalq sazişlər Xəzərin vəhşi təbiətini qorumağa, həmçinin onun zavodlar və şəhərlərin çirkindən təmiz qalmasına yardım edə bilər? 


A.M.: Hər şeydən əvvəl, Azərbaycanın neft mənbəyində işləyən beynəlxalq konsorsiuma ciddi nəzarətimiz var. Azərbaycanın neftçıxarma işində böyük təcrübəsinin olduğunu nəzərə alsaq, hazırda biz Xəzər dənizində reallaşdırılan bütün elmi araşdırmaların sayəsində Xəzərin akvotoriyasının çirklənməsinin qarşısını mümkün qədər almağa çalışırıq.  

Bunu etməkdə əsas səbələrdən biri də odur ki, Xəzər asetrin kimi çox qiymətli balıqların məskəni olan unikal su hövzəsidir, bu balıqların kürüsü dünya bazarında çox məşhurdur. Bu səbəbdən Azərbaycan və digər Xəzəryanı ölkələri Xəzər dənizinin və təbiətinin qorunması üçün çalışmalarını gücləndirmək qərarına gəliblər. Neft sənayesinə ciddi nəzarət edilməsinə də səbəb budur. Və hal-hazırda Azərbaycan özünün maliyyə imkanlarından istifadə etməklə, hələ Rusiya imperiyası və SSRİ dövründə çirklənən neftli bölgələrin təmizlənməsinə çalışır. Hazırda biz neftli bölgələrin təmizlənməsi üçün böyük layihə üzərində işləyirik.  

N.P.: Mən şəxsən özüm bu dəyişikliklərin şahidi olduğumu deməliyəm. 1980-cı illərin sonunda, sizin ölkəniz hələ Sovetlərin tərkibində olanda, mən Azərbaycana səfər etmişdim, respublikanın ərazisində torpağı hədsiz çirkləndirən çox sayda neftlə çirklənmiş ərazilər və neft buruqları vardı. Neftin yerdə yayıldığını görmək dəhşətli idi. Ancaq Azərbaycana 2014-cü ildəki səfərimdə öz gözlərimə inanmadım. Hər şey köklü şəkildə dəyişmişdi. Dənizin suyu və neftli bölgələrin yaxınlığındakı digər su rezervləri təmiz görünürdü. Yeri gəlmişkən, neft buruqlarının olduğu ərazi indi əvvəlkindən daha təmizdir. Bu  onu göstərir ki, Azərbaycan maksimal şəkildə neft artıqlarını təmizləməyə çalşır. Siz flora və faunanın qorunması üçün analoji addımları atırsız. Mən həm də bilirəm ki, Azərbaycanda möhtəşəm şəlaləri və gölləri olan çox sayda dağlıq rayonları var. Ölkənizdə həmçinin minillərlə yaşı olan və qayaüstü təsvirlərlə zəngin Qobustan var. Bununla yanaşı, odlar yurdunda ölkənin adını aldığı, unikal bir yer var – "Yanar dağ”. Burda dağların yamacında yanan alovları görmək mümkündür. Azərbaycan bu ərazilərin mühafizəsi üçün lazımi addımları atırmı? 

A.M.: Biz sadaladıqlarınızın hamısını qorumağa çalışırıq. Azərbaycanın əsas strategiyalarından biri iqtisadiyyatımızın hərtərəfli inkişafıdır. Biz enerji resurslarından əldə etdiyimiz maliyyə resurslarını iqtisadiyyatın digər sahələrinə yönləndirməyə çalışırıq. Orqanik kənd-təsərüfatı yaratmaq bizim əsas məqsədlərimizdən biridir. Turizmin inkişafı biznesin digər vacib sferasıdır. Azərbaycanda təxminən 7 iqlim qurşağı var. Məhz bu səbəbdən müasir turizm infrastrukturu yaratmaq üçün böyük məbləğdə vəsait xərclənir, yeni otellərin, dağxizək və mineral sularla bol olan digər kurortların yaradılması da bura daxildir. Həmçinin bizdə elə bir unikal kurort var ki, orda məhz neftdən istifadə edilir. Tərkibi neftdən ibarət olan bu unikal maddə təbii müalicəvi maddələrlə zəngindir və bir çox xəstəliklərin müalicəsində istifadə edilir. 

N.P.: Naftalan?

A.M.: Bu çox unikal vasitədir və çox gözəl nəticələr verir. Naftalan neftinin bir çox xəstəliklərin müalicəsində istifadə olunduğunu bilən müxtəlif ölkələrdən olan insanlar Azərbaycana gəlirlər. Bu ağ neft ortopediya sahəsində vacib əhəmiyyətə malikdir, dəri xəstəliklərinin müalicəsində də ondan istifadə edilir. Qeyd etmək lazımdı ki, müalicə prosesi qısa zamanda effektli nəticə verir. 

N.P.: Söhbətimiz zamanı siz qeyd etdiz ki, Azərbaycanda neft sənayesinin inkişafının dərin kökləri var. Bu sahədə Nobel və qardaşlarının və sonradan onların təsis etdiyi Nobel mükafatının bütün dünyada oynadığı rolu xüsusi qeyd etmək lazımdır.  Bu, nə zaman baş verib? 

A.M.: Bu, XX əsrdə baş verib. Azərbaycana gələrkən, onları əsasən nadir ağac növləri maraqlandırırdı. Nobel ailəsi rus ordusu üçün tüfəng hazırlayırdı. Lənkəranda olanda onlar dəmirağac adlanan ağacı tapdılar. Ancaq sonradan Bakıya qayıdanda onlar Azərbaycanın neftlə zəngin olduğunu gördülər və enerji resursları ilə maraqlanmağa başladılar, bu həmin dövr idi ki, ilk mühərrik işə düşmüşdü və dünya yanacaqla maraqlanırdı. 

N.P.: Biz 1847-ci ildən danışırıq? 

A.M.: Biz onlarında Azərbaycana gəldiyi tarixdən, 1843-cü ildən danışırıq. 1847-ci ildə onlar qazma işinə başladılar, bununla da Azərbaycanda neftçıxama sənayesinin əsası qoyuldu. O cümlədən ilk tankerin və ilk boru kəmərinin əsası Azərbaycanda qoyuldu. 

N.P.: Azərbaycan neftin vacibliyini və dəyərini etiraf etsə də, eyni zamanda digər ölkələri enerji resurslarıyla təmin eləsə də, ölkə rəhbərliyi başa düşür ki, enerji resursları mənbələrini inkişaf etdirmək lazımdır, axı neft tükənməz deyil.

A.M.: Biz bu istiqamətdə çalışmağa davam edirik. Bizim külək enerjisi və günəş enerji sistemləriylə bağlı bir neçə layihəmiz var. Hazırda Azərbaycanda alternativ enerji məsələləriylə məşğul olan dövlət komitəsi yaradılıb və bəzi layihələr var. Bunlardan biri külək enerjisidir. Bunlara nail olmaq üçün mən deyə bilərəm XX əsrin əvvəli və XXI əsrin sonunda neft sənayesinin inkişafı Azərbaycan xalqının qarşısında inkişaf üçün yeni hüdudlar açdı. Neft gəlirləri istedadlı Azərbaycan gənclərinin təhsil üçün ən yaxşı Avropa, Rusiya universitetlərinə göndərilməsinə şərait yaratdı.  Məhz bu səbəbdən Şərqdə ilk dünyəvi respublikanın yaradılması ideyası bizim torpaqlarımızda həyata keçmişdi. Bir daha qeyd edim ki, Azərbaycanın strategiyası neft gəlirləri hesabına insan resurslarını zənginləşdirməkdir. Gənc azərbaycanlıların ən yaxşı ABŞ və Avropa universitetlərində oxuması üçün ölkəmizdə şərait yaradılıb. Biz Azərbaycanın müasir dövlət kimi inkişaf etməsi üçün insan resurslarından istifadə etməyə çalışırıq. Hər bir müasir dövlətin ilk növbədə yaxşı təhsil almış mütəxəssislərə ehtiyacı var. 

N.P.: Bu çox yaxşıdır ki, insan və təbii resurslar arasındakı vacib əlaqəni etiraf edirsiniz. 

A.M.: Əlbəttə. Bu, bizim neft strategiyamızın vacib hissəsidir.  

N.P.: Bu gün Azərbaycanın necə inkişaf etdiyini amerikalıların bilməsi üçün, ölkənin daha da sarsılmaz olması üçün, özünün rəngarəngliyini təkcə ekosistem kimi deyil, insan amili baxımından da qorunması üçün aparılan işlərdən danışdığınız üçün mən sizə təşəkkürümü bildirmək istəyirəm. Mənim proqramımda (Nancy Show) iştirak etməyə razılıq verdiyiniz üçün də minnətdaram. 

A.M.: Mən də sizə öz təşəkkürümü bildirirəm. Və amerikalı dostlarımıza, yoldaşlarımıza bildirmək istəyirəm ki, biz Amerikanı sevirik. Biz məhz Amerikada əldə edilən təcrübə və bilikləri paylaşırıq və qiymətləndiririk – bu, azadlıq və demokratiyadır. Bu, bizim  üçün çox vacibdir. Bu gün Azərbaycan müasir, demokratik, dünyəvi və multikultural dövlətin yaradılması istiqamətinə irəliləyir. 

N.P.: Çox maraqlı söhbət üçün təşəkkür edirik. 

A.M.: Təşəkkürlər. 
 
Tərcümə: Emin


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM