Asim Mollazadə Riqa sammitini şərh etdi: “Azərbaycan çox istəyir ki…”

12:47 | 21.05.2015
Asim Mollazadə Riqa sammitini şərh etdi: “Azərbaycan çox istəyir ki…”

Asim Mollazadə Riqa sammitini şərh etdi: “Azərbaycan çox istəyir ki…”

"Ermənistan hər zaman olduğu kimi Avropaya inteqrasiyadan qaçaraq öz sahibinin qucağına qayıtmaq yolunu seçdi” - bu sözləri ANN.Az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı, tibb elmləri doktoru Asim Mollazadə deyib. O, bugün Riqa şəhərində keçiriləcək  IV Şərq Tərəfdaşlığı Sammitinin necə nəticələnəcəyini və hansı gözləntilərin olduğunu şərh edib. 

Deputatın sözlərinə görə, Riqa sammitinin əsas mövzusu Ukrayna ilə,  onun ərazisinin işğalı ilə bağlıdır: " Elə sammitin gündəliyini təşkil edən mövzular da Ukrayna ilə əlaqədar müvafiq sənədlərin müzakirəyə çıxarılacağından xəbər verir”.

Partiya sədri Asim Mollazadə Azərbaycan prezidenti İlham Əliyevin Riqa sammitində iştirak etməməsinin səbəbindən danışarkən qeyd edib ki, bu, Avropa Parlamentində Azərbaycana qarşı təşkil olunan tədbirlə bağlıdır: "Bu tədbir təxirə salınmadığına görə Azərbaycan prezidenti bu sammitə qatılmamaq qərarını verib”. 

Azərbaycan-Avropa Birliyi əməkdaşlığından söz açan A.Mollazadə strateji əməkdaşlıq  mövzusuna toxunub: "Azərbaycanın Avropa Birliyi ilə enerji sahəsində müvafiq sazişi artıq imzalanıb. Bu saziş Azərbaycan və Avropa arasında mühüm rol oynayır və oynayacaqdır. Bundan başqa Azərbaycan Avropa ilə təhsil, mədəniyyət, səhiyyə  və digər sahələrlə bağlı məsələlərdə hər zaman əməkdaşlığa hazırdır. Sadəcə olaraq Azərbaycan çox istəyir ki, Avropa Birliyi məhz beynəlxalq hüququ normalara və hüququn aliyiliyə arxalansın”. 

Ermənistanın Riqa sammitindəki gözləntilərinə toxunan partiya sədri  hər zaman olduğu kimi bu ölkənin Riqa sammitində də beynəlxalq ictimaiyyətin fikrini tamamilə səhv istiqamətə yönəltmək istəyəcəyini, öz işğalçı siyasətini, beynəlxalq  hüquq pozuntularını beynəlxalq qurumların, eləcə də Avropanın gözündən yayındıraraq ört-basdır etməyə çalışacağını vurğulayıb: "Onların əsas siyasi məqsədləri hamını aldadaraq özlərini dünya ölkələrinə yaxşı göstərməyə, nümayiş etdirməyə hesablanıb. Bu ölkə hər hansı siyasi fəaliyyətləri zamanı dara düşdükdə son məqam kimi Avropaya inteqrasiyadan qaçaraq öz sahibinin qucağına qayıtmaq yolunu seçdi. Ermənistanın Avrasiya İqtisadi Birliyinə, Gömrük İttifaqına qoşulmasından sonra gözlənilənin əksinə olaraq bu ölkə ilə bağlı müsbət fikirlər söylənilməyə başlanılıb. Fikrimcə, bu məsələlərdə hüququn aliliyi gözlənilməli, Avropanın bir sıra strukturları bu haqda ciddi düşünməlidirlər.” 

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM