“Ayasofiya məscidinin muzeyə çevrilməsi barədə Atatürkə istinad edilən müvafiq sərəcamdakı imza saxtadır”. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) MHP-dən olan millət vəkili, “Türk Tarix Qurumu”nun sabiq prezidenti Yusuf Halaçoğlu deyib.
Halaçoğlu, başqaları tərəfindən hazırlanan sərəncamda Atatürk imzasının təqlid edildiyini bildirib. Millət vəkili faktın polis idarəsi tərəfindən də təsdiqləndiyini deyib.
Mustafa Kamal paşaya Atatürk soyadının 24.11.1934-cü il tarixdə verildiyini deyən Yusuf Halaçoğlu, Ayasofiyanın muzeyə çevrilməsi istiqamətində verilən sərəncamın 24.11.1934-cü ildə Atatürk adı ilə imzalandığını vurğulayıb. Halaçoğlu bu soyadı almamışdan 3 gün əvvəl Atatürk imzası ilə sənəd imzalamanın mümkünsüz olduğunu deyib.
Qeyd edək ki, 1453-cü ildə Osmanlı padşahı II Mehmet (Fatih) tərəfindən İstanbulun fəth edilməsi ilə Ayasofiya kilsəsi məscidə çevrilib və 482 il bu istiqamətdə fəaliyyət göstərib. 24.11.1934-cü ildə isə Atatürkə istinad edilən sərəncamla muzeyə çevrilib və 1 fevral 1935-ci ildən ibadətə bağlanıb.
Ayasofiyanın muzey kimi qalmasının doğru olmadığını deyən tarixçi millət vəkili qədim məbədin yenidən məscidə çevrilməsi üçün qanun təklifi ilə TBMM-yə müraciət edib.