Yollar, məbədlər sadəcə gecə gəzintiləri, bir-neçə saatlıq açılışlar üçün deyil, gəlin bunu unutmayaq...
İki gün əvvəl Bakıda I Avropa Oyunlarının məşəlinin yandırılmasının möhtəşəm açılışı oldu. Qürurverici idi - gecənin qaranlığında göydə parlayan fişənglərin, divarlarda gəzən ultra-bənövşəyi şüaların, əllərdə gəzdirilən məşəllərin fonunda tarixi Atəşgah məbədi... 47 gün ərzində bütün ölkəni gəzib-dolaşacaq, oyunların açılışı mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək 660 millimetrlik hündürlüyə malik məşəl məhz buradan alovlandırıldı.
Atəşgah məbədinə çatana qədər Bakının Bülbülə, Əmircan, Suraxanı kimi qəsəbələrindən keçmək lazım olur. Açılışa hazırlıq məqsədilə yol boyu yerləşən evlərin, idarələrin, zavod binaların üzlükləri yenilənib, Tofiq Bayram adına park təmir olunub. Bəs bir az qəsəbələrin içərisinə doğru irəlilədikdə nələr görmək olar? Abadlaşdırma, təmir, kosmetik işlərin görülməsi ancaq gözgörəsi yerlər - yol qıraqları, prezidentin, qonaqların gəlib-getdiyi ərazilər üçün nəzərdə tutulub? Qəfil qonaqlardan biri yol azsa, qəsəbədaxili yollarla irəliləsə, təsadüfən əlində fotokamera olsa, zibilliklərin, sınıq-salxaq, tövləyə oxşar evlərin şəkillərini çəksə, daha sonra onu sosial şəbəkələrdə, xarici mətbuatda dərc etdirsə, onda bəs nə olar? Bunu bizim məmurlar heç fikirləşirlərmi?
Bugünlərdə redaksiyamıza həmin ərazidə yaşayan qəsəbə sakinlərindən biri məktub yollayıb və ANN.Az-ın əməkdaşını üzüyola baxmayan ərazilərinin nə vəziyyətdə olmasını işıqlandırmağa dəvət edib. Fotoreportyorumuz Atəşgah məbədinə gedən yolun kənarında yerləşən əraziyə baş çəkib və qəsəbə sakininin məktubunda qeyd olunduğu kimi "şok" mənzərələrlə qarşılaşıb.
Həmin fotoları oxucularımıza təqdim edirik.
Fotoların müəllifi Fərqanə Novruzovadır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !