ATƏT-də Azərbaycana qarşı mina terroru haqqında hesabat təqdim olunub.
Bu gün ATƏT-in ənənəvi "İnsan ölçüsü” üzrə Varşava konfransında Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə mina təcavüzünün insan haqlarına təsiri mövzusunda tədbir keçirilib.
Tədbirin moderatoru Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov 30 ilə yaxın davam edən işğal nəticəsində ölkəmizin ərazisinin onda bir hissəsinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə minalarla çirkləndirildiyini, bu ərazilərdə 1,5 milyondan çox minanın basdırıldığını diqqətə çatdırıb.
44-günlük müharibənin bitməsindən sonra da Azərbaycan ərazilərində Ermənistan tərəfindən yeni minalar basdırılmasını qeyd edən natiq bunu rəsmi İrəvanın sülh ritorikasında riyakarlığın göstəricisi kimi dəyərləndirib. Ermənistanın bu qeyri-qanuni fəaliyyəti nəticəsində təkcə son 2 ildə 300-dən artıq azərbaycanlının mina terrorunun qurbanı olduğunu vurğulayan E.İskəndərov, yalnız məhdud miqyaslı anti-terror əməliyyatı nəticəsində Qarabağda mina terroruna son qoymaq üçün tam şərait yarandığını qeyd edib.
Tədbirdə çıxış edən ANAMA-nın idarə rəisi Ramil Əzizov işğaldan sonra Qarabağda görülən mina təmizləmə işlərindən danışaraq, indiyə qədər 2636 hektar ərazidə 30 minə yaxın piyada əleyhinə, 17 mindən çox tank əleyhinə minanın aşkar edilərək zərərsizləşdirildiyi haqda məlumat verib, bu irimiqyaslı mina təmizləmə əməliyyatlarının əsasən, Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirdiyini vurğulayıb.
2018-ci ildə "Minadan azad Cənubi Qafqaz” regional kampaniyasını təsis etmiş, LİNKS Avropa Fondunun icraçı direktoru Denis Sammut öz çıxışında mina təmizləmə sahəsində regional əməkdaşlığın, qarşılıqlı etimadın yaranması üçün tarixi imkan yaratdığını bildirib. O, Avropa İttifaqını bu sahədə bölgəyə, xüsusilə, Azərbaycana irimiqyaslı mina təmizləmə işində əməli dəstək göstərməyə çağıraraq, bunun beynəlxalq tərəfdaşların regionda dayanıqlı sülhün təmin edilməsinə xidmət edəcəyini qeyd etdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !