"Seçki qanunvericiliyi son parlament seçkilərindən bəri dəyişməz qalıb, tövsiyələr nəzərə alınmayıb, siyasi partiyalara qoyulan yeni tələblər onların qeydiyyatı üçün əlavə məhdudiyyətlər yaradıb. Bu seçkilər siyasi plüralizmin olmadığı məhdud siyasi və hüquqi mühitdə keçirilib ki, bu da seçki prosesinə xələl gətiib", - ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri və koordinatoru Maykl Krid deyib.
O həmçinin bildirib ki, hakim partiya üzvlərinin seçki komissiyalarında üstünlük təşkil etməsi və müstəqil yerli müşahidəçilərin girişinə qoyulan məhdudiyyətlər demokratik seçkilərin əsasını təşkil edən şəffaflıq prinsiplərinə ziddir.
Seçkilərdə iştirak etmək üçün 6,4 milyon seçici qeydə alınıb. Bu, seçki yaşına çatmış vətəndaşların sayından təxminən 1,2 milyon azdır və bu, seçici reyestri məlumatlarının dəqiqliyinə dair suallar yaradır.
Seçkilərdə yeganə pozitiv hal avropalı müşahidəçilərin fikrincə, qadın namizədlərin əvvəlki seçkilərdən daha çox olması olub.
"Həqiqi seçim və iştirakın olmaması əhali arasında ümumi siyasi apatiyaya səbəb olub", - ATƏT Parlament Assambleyası nümayəndə heyətinin rəhbəri Lüsi Potuçkova deyib.
"KİV-in işində məhdudiyyətlərin həyəcanlı tendensiyası, qeyri-hökumət təşkilatlarına təzyiqlər, o cümlədən özbaşına həbslər siyasi diskursu pozur. Mühüm islahatlar və dəyişikliklər olmasa, bu problemlər ölkədə demokratiyaya və qanunun aliliyinə xələl gətirməyə davam edəcək", - o deyib.
Qanun mülki və beynəlxalq müşahidəçilərin seçkiləri müşahidə etməsinə icazə versə də, mülki müşahidəçilərin böyük əksəriyyəti hakim partiya tərəfindən təyin edilib ki, bu da müstəqil müşahidəçilərin seçki prosesinə girişini məhdudlaşdırıb. Eyni zamanda, tanınmış mülki müşahidəçi qrupları qeydiyyata alınmayıb və maliyyədən məhrum edilib, bəzi görkəmli üzvlər isə həbsdədir.
"Təəssüf ki, bu seçkilərdə əsl siyasi plüralizm yox idi, çoxsaylı namizədlər ciddi maneələrlə üzləşdilər, seçki komissiyaları bir çox mülki müşahidəçinin işini mümkünsüz etdi" , - ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkiləri müşahidə missiyasının rəhbəri Ditmir Buşati bildirib.
"Prosesin effektivliyinə baxmayaraq, bu vəziyyət seçkilərin demokratik standartlara uyğun keçirilməsinə imkan verməyib", - o əlavə edib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !