20 yanvar 2015-ci il tarixində Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin Avropa İttifaqı - Azərbaycan əlaqələrinin müzakirəsinə həsr olunmuş iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Avropa İttifaqı yanındakı Missiyasının rəhbəri Fuad İsgəndərov və Azərbaycan Respublikası Milli Məclisinin üzvü Asim Mollazadə iştirak və çıxış ediblər.
İclasa sədrlik edən Böyük Britaniyalı deputat Səccad Kərim qanlı 20 yanvar faicəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı vermiş və belə hüzünlü bir gündə Avropa Parlamentariləri qarşısında Avropa İttifaqı – Azərbaycan əlaqələrinin müzakirəsinə dair iclasda iştirak etdiyi üçün Azərbaycan Səfirinə öz təşəkkürünü bildirib.
Səfir Fuad İsgəndərov bu qanlı faciə ilə bağlı verilən başsağlığına görə minnətdarlığını bildirmiş və faciədən ötən 25 il ərzində Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinin ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri olduğunu vurğulamışdır. Daha sonra Səfir Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığın son illər ərzində inkişafı, əldə olunmuş nailiyyətlər, münasibətlərdə diqqət cəlb edən çatışmazlıqlar və bu münasibətlərdən Azərbaycan tərəfinin gözləntiləri ilə bağlı məruzə ilə çıxış etdi.
Millət vəkili Asim Mollazadə Azərbaycan və bütünlükdə Şərq Tərəfdaşlığı ölkələrində mövcud olan münaqişələr, region ölkələrinin üzləşdiyi qaçqın problemini dilə gətirmiş və Avropa İttifaqını münaqişələrin və onlardan irəli gələn problemlərin həllində daha fəal olmağa səsləmişdir. Millət vəkili Azərbaycanın həm nəqliyyat qovşağı, həm də enerji sahəsində mühüm tərəfdaş kimi Avropa İttifaqı üçün əhəmiyyətinin günbəgün artdığına diqqət çəkib.
İclas Avropa Parlamentinin üzvləri tərəfindən böyük maraqla qarşılanmış və bir sıra deputatlar tərəfindən Avropa İttifaqı – Azərbaycan əlaqələrinə dair Azərbaycan tərəfinin tutduğu mövqeni dəstəkləyən çıxışlar edilmiş və Azərbaycanın Avropa İttifaqının strateji tərəfdaşı olduğu vurğulanıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !