Avropa İttifaqı Azərbaycana 2,75 milyon Avro yardım edəcək

14:26 | 03.05.2024
Avropa İttifaqı Azərbaycana 2,75 milyon Avro yardım edəcək

Avropa İttifaqı Azərbaycana 2,75 milyon Avro yardım edəcək

Avropa İttifaqının minalarla mübarizəyə yönəlmiş təşəbbüsü çərçivəsində bu il Azərbaycana 2 milyon avro vəsait ayırmaq planlaşdırır. Bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Piter Mixalko bildirib.


"Bundan əlavə, Avropa İttifaqına üzv ölkələr - İtaliya, Almaniya, Fransa, Xorvatiya, Hollandiya və Litva tərəfindən Azərbaycana minalardan təmizləmə istiqamətində  maliyyə dəstəyi göstəriləcək. Ümumilikdə Aİ və ona üzv ölkələr 2,75 milyon avro  yardım etmək niyyətindədirlər", - Mixalko Avropa Minalardan Təmizləmə Qrupunun tədbirində deyib.

Səfir vurğulayıb  ki, 2020-ci ildən Aİ əhəmiyyətli dərəcədə artan ehtiyaclara cavab olaraq minalarla mübarizədə Azərbaycanın ən böyük beynəlxalq donoru olub.

"Avropa İttifaqı bütün dünyada humanitar minatəmizləmə sahəsində dünya lideridir. Azərbaycanda minalarla mübarizə Aİ-Azərbaycan əməkdaşlığının əsas prioritetlərindən biridir. Aİ minalarla bağlı məlumatlılığın və texniki potensialın artırılması, eləcə də minalardan zərərçəkənlərə yardım daxil olmaqla əsas minalarla mübarizə fəaliyyətlərində  fəal iştirak edir.,” o əlavə edib.

Mixalko həmçinin qeyd edib ki, Aİ ölkədə ilk qadınların minatəmizləmə komandasının yaradılmasında aparıcı rol oynayıb.

Apreldə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 141 tank əleyhinə və 191 piyada əleyhinə mina, o cümlədən 2502 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
 
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyindən verilən məlumata görə, 6038,9 hektar ərazi minalardan təmizlənib.
 
Rəsmi Bakı işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə işlərinin 90%-nin ölkənin daxili resursları hesabına edildiyini bildirib. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM