Ermənistan neçə illərdir ki, Azərbaycan torpaqlarının işğal etməsi ilə bağlı faktları gizlətmək istəyirdi
"Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti ilə bağlı çox ciddi qərar qəbul edib. Ermənistan rəhbərliyi bütün beynəlxalq təşkilatlarda bəyan edir ki, Azərbaycanın torpaqlarının işğal etməyib. Avropa Məhkəməsinin bu qərarı ilə Ermənistanın iddiaları puç oldu".
Bunu "Report"a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamnetlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
O bildirib ki, Avropa Məhkəməsinin qəbul etdiyi qərarın çox ciddi siyasi nəticələri də olacaq: "Bu qərarla bütün dünyanın bildiyi fakt hüquqi müstəvidə təsdiqləndi. Ermənistan neçə illərdir ki, Azərbaycan torpaqlarının işğal etməsi ilə bağlı faktları gizlətmək istəyirdi. Amma hamı görür ki, bu alınmır, çünki yalan ayaq tutsa da, yeriməz. Yavaş-yavaş da olsa, Azərbaycanın haqq sözü, obyektiv mövqeyi öz yerini tutur. Azərbaycan kimdənsə qeyri-adi heç nə xahiş etməmişdi. Sadəcə, ölkəmiz bu məsələyə obyektiv yanaşılmasının tərəfdarıdır. Obyektiv yanaşma olanda haqq-ədalət öz yerini tutur".
Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını aciqlayib. Qərarına əsasən, öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub.
"Çıraqov və başqaları Ermənistana qarşı" iş 2005-ci ilin aprelində baxılmaq üçün Avropa Məhkəməsinə təqdim olunub. 1992-ci ildə Ermənistanın işğalı nəticəsində Azərbaycanın Laçın rayonunda doğma torpaqlarını tərk etmək məcburiyyətində qalan və evlərinə qayıda bilməyən məcburi köçkünlər məhkəməyə şikayət veriblər. Şikayət 2005-ci ilin aprelində verilib və məhkəmə onu icraata qəbul edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !