Avropa Şurası Platforması Azərbaycanda jurnalistlərin təqibi ilə bağlı məruzə hazırlayıb

14:55 | 05.03.2024
Avropa Şurası Platforması Azərbaycanda jurnalistlərin təqibi ilə bağlı məruzə hazırlayıb

Avropa Şurası Platforması Azərbaycanda jurnalistlərin təqibi ilə bağlı məruzə hazırlayıb

Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Media Nümayəndələrinin Təhlükəsizliyi Platforması "Avropada mətbuat azadlığı: axını dəyişdirməyin vaxtıdır” adlı illik hesabat dərc edib.

Avropa Şurasının tərəfdaşları olan beynəlxalq jurnalist təşkilatları tərəfindən hazırlanmış 100 səhifəlik hesabat martın 5-də Yunanıstanın Saloniki şəhərində keçirilən mətbuat konfransında təqdim olunub.

Hesabatda Azərbaycanda jurnalistlərin təqib olunması faktları da öz əksini tapıb.

Jurnalistlərin telefonlarına  casusluq məqsədilə casus proqramların (Pegasus) yazıldığı ölkələr sırasında Azərbaycanın da adı (Fransa, Yunanıstan, Türkiyə, Macarıstan, İspaniya ilə birlikdə) qeyd edilib.

Həmçinin, "nümayişləri işıqlandırarkən” jurnalistlərə polisin hücumu ilə bağlı 8 hadisə dəhesabatda qeyd olunub.

Azərbaycanın adı  "jurnalistlərin öldürülməsinə görə cəzasızlıq” bölməsinə də daxil edilib.  Buna misal olaraq jurnalist Elmar Hüseynov və publisist Rafiq Tağının üstü açılmamış qətllər nümunə gətirilib.  

"Azərbaycanda jurnalistlər işlərini yerinə yetirərkən qısamüddətli həbslərə məruz qalırlar. O cümlədən, 2023-cü ilin yayında Gədəbəy rayonunun Söyüdlü kəndində yerli əhalinin etirazlarından sonra. Eyni zamanda polis əraziyə girişi məhdudlaşdırıb və jurnalistlərin işinə mane olub",  -  hesabatda bildirilib. 

Hesabatda Azərbaycanda jurnalistlərin "işlərinə görə qisas almaq məqsədilə” inzibati həbs hallarına da toxunulub. 

Hesabatda "xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə həbs olunan "Abzas Media” jurnalistlərinin işindən də bəhs edilib.

Avropa Şurası ölkələrində həbsdə olan 55 jurnalist və bloggerlərin adı olan  siyahıya Azərbaycandan 16 jurnalistin adı  daxil edilib. 

Siyahıda Ərşad İbrahimov (dunyaninsesi.az saytı), Aslan Qurbanov (blogger), Əvəz Zeynallı (Xural.tv), Əziz Orucov (Kanal-13), Elnarə Qasımova (Abzas Media), Elnur Şükürov (Səda TV) ), Hafiz Babalı (Turan agentliyi), İbrahim Şükürov (azerinfo.az saytı), Məhəmməd Kekalov (Abzas Media), Nərgiz Absalamova (Abzas Media), Osman Nərimanoğlu (Demokratik.az saytı), Polad Aslanov (xeberman.com saytı), Rəşad Ramazanov (blogger), Sevinc Vaqifqızı (Abzas Media), Ülvi Həsənli (Abzas Media), Şamo Emin (Kanal 11) adları salınıb.

Hesabat müəllifləri Azərbaycan və Türkiyəni "Avropa Şurasının Jurnalistlərin Təhlükəsizliyi Platforması ilə dialoqa qayıtmağa” çağııb. 

N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM