Avtobus sürücüləri qayda-qanunu niyə veclərinə almır? - AÇIQLAMA

11:26 | 13.12.2013
Avtobus sürücüləri qayda-qanunu niyə veclərinə almır? - AÇIQLAMA

Avtobus sürücüləri qayda-qanunu niyə veclərinə almır? - AÇIQLAMA

Baş verən sərnişin avtobusu qəzalarında günahkar kimdir?
Son illərdə Bakıda sərnişin avtobuslarının ağır qəzalar törətməsi barədə məlumatlar səngimək bilmir. Əgər biz ölkədə avtobus qəzaları nəticəsində həlak olanların sayını hesablasaq, ağlagəlməz rəqəmlə qarşılaşa bilərik. İstər rəsmi, istərsə də qeyri-rəsmi şəxslər problem ətrafında danışsalar da, bəziləri çıxış yolları göstərsələr də, problem elə problem olaraq qalmaqdadır. Qəzalara səbəb nədir? Yüksək sürət, təcrübəsizlik, yoxsa dayanacaqdan kənarda saxlamaq? 
ANN.Az-a açıqlamasında Sosial Hüquqların Monitorinq Mərkəzinin rəhbəri Azad İskəndərli baş verən qəzaların səbəbləri, ümumiyyətlə sərnişin nəqliyyatında olan problemlər haqqında danışıb. 
A.İskəndərli açıqlamasında bildirib ki, problemi yaradan səbəblər çox olsa da, Dövlət Yol Polisi onlarla bağlı heç bir tədbir görmür: 
“Hesab edirəm ki, bütün problemlər vətəndaşların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmtahan Qeydiyyat idarəsində sürücülük vəsiqəsi alarkən başlanır. Çünki, həm sizə, həm də bütün ölkə ictimaiyyətinə bəllidir ki, sürücülük vəsiqələri vətəndaşlara hansı hallarda və nə cür verilir. İkincisi, avtobuslara sürücü kimi işə götürülən şəxslər arasında profilaktiki tədbirlər keçirilmir. Sürücülər arasında sərnişinlərlə ünsiyyət qaydalararı haqqında belə maarifləndirmə aparılmır. Və ən nəhayət, səbəblərdən biri də odur ki, sürücülər arxalarındakı "day-day patronlar"ına söykənərək belə bir, mən deyərdim ki, qeyri-insani hərəkətlər edirlər. Dövlət Yol Polisi əməkdaşları qətiyyən onlarla bağlı heç bir tədbir görmür. Mən sizdən soruşuram şəhərdə bir dəfə də olsun görmüsünüzmü ki, DYP əməkdaşları bir avtobusu saxlayıb tənbeh etsinlər? Xeyr, görə bilməzsiniz. Niyə? Bax bunun niyəsi qaranlıq məqamlarla doludur. Mən hesab edirəm ki, sürücülərin yol hərəkəti qaydalarını veclərinə almaması, sərnişinlərin həyatını təhlükə qarşısında qoyması məhz mənim yuxarıda qeyd etdiyim problemlərlə birbaşa bağlıdır. Hətta son olaraq onu da qeyd edim ki, avtoqəza törətdikdən sonra onların cəzasız qalması və yaxud da həddindən artıq yüngül cəza alması da bu böyük amillərdən birisi hesab oluna bilər” – deyə A.İskəndərli bildirib.
ANN.Az portalı qarşı tərəfin mövqeyni dərc etməyə hazırdır
Seymur
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM