Son günlər avtomobillərin yanma halları artıb. Növbəti belə hadisə ötən gün Bakının Xətai rayonunda baş verib.
Belə ki, "Hyundai” markalı avtomobil yol kənarındakı maneəyə çırpılandan sonra yanmağa başlayıb. Yanğın söndürülsə də, maşına ciddi ziyan dəyib, "Hyundai Accent” yararsız hala düşüb.
Ümumiyyətlə, son zamanlar avtomobillərin anidən alışıb-yanması halları tez-tez baş verir. Bu hal təkcə Azərbaycanda yox, xarici ölkələrdə də baş verir. Əsasən, Koreya istehsalı olan "Hyundai”, "KİA”, "Geely” markalı avtomobillərin alışması hadisəsi daha çox qeydə alınır.
Nəqliyyat vasitəsinin yanması onun sahibi üçün böyük yükdür. Əgər adi qəzada avtomobili təmir etdirmək mümkündürsə, yanmış maşınlarda bu, mümkün deyil. Avtomobili zibilxanaya atmaqdan başqa çarə qalmır. Yanmış avtomobilin ehtiyat hissələrinin satışı da mümkün olmur, onu, sadəcə, "metalloma” vermək olar.
Bəs avtomobillər nədən alışır?
Avtomobil ustaları Oxu.Az-a bildirir ki, maşında bir neçə səbəbdən yanğın baş verə bilər. Mühərrikdə elektrik naqillərində nasazlıq yaranması əsas səbəblərdəndir:
"Bəzi avtomobillərdə elektrik naqilləri kustar üsulla izolyasiya edilir. Yəni elektrik naqillərində zəif izolyasiya, yaxud yüksək davamlılığı olmayan materialdan istifadə edilir.
Nəticədə gərginlik çox olan elektrik naqillərində yanğın baş verir. Nadir hallarda mühərrikdə alışma elektrik paylayıcı cihazların nasazlığından meydana gəlir. Bu da daha çox Koreya istehsalı olan avtomobillərdə müşahidə edilir”.
Mütəxəssislər sürücülərə elektrik cihazlarına mümkün qədər az müdaxilə etməyi və yalnız zavodun tövsiyəsinə uyğun olan işıq cihazlarını quraşdırmağı tövsiyə edir.
"Avtomobildə yağ sızıntılarının olmamasına diqqət yetirmək lazımdır. Axmış yağ elektrik, yaxud cilovlanmış hissələrə toxuna, meydana çıxan yanğın böyük maddi itkiyə səbəb ola bilər”.
Ekspertlərin sözlərinə görə, avtomobillərdə əlavə olaraq əyləc sistemi də yoxlanılmalıdır, çünki burada baş verən qızmalar da yanğına səbəb ola bilər.
"Bəzən "Hyundai” markalı avtomobillərdə keyfiyyətsiz məhsullardan istifadə olunur. Bunun nəticəsində avtomobildə hansısa cihazlar saz işləmir, bu da alışmaya və qəzaya səbəb olur”.
Maşın ustaları qeyd edirlər ki, hərəkətsiz halda mühərriki uzun müddət işləyən avtomobil alışmaya meyillidir.
"İstehsalçılar avtomobillərə işlək halda olan avtomobilin qapılarını bayırdan kilidləmək funksiyası qoymurlar. Bu, məhz alışma təhlükəsizliy üçündür. Kimin avtomobilində belə funksiya varsa, deməli, elektrik sisteminə müdaxilə edilib. Elektrik sisteminə müdaxilə edilən avtomobil isə çox asanlıqla yanmağa məhkumdur”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !