"AZAL avqust ayından etibarən yeniliklərini davam etdirir. Yeni xidmətlər əsasında yeni "Embraer” tipli təyyarələr aşağı büdcəli səfərləri yerinə yetirməyə başlayıb. İnanırıq ki, bu turizmin inkişafına dəstək rolunu oynayacaq. Əfsuslar olsun ki, Azərbaycanda turizm düzgün anlaşılmır, yalnız turist olaraq vətəndaşların xaricə aparılması başa düşülür və Azərbaycan Hava Yollarına da bu səbəbdən müraciət edirlər” -
ANN.Az xəbər verir ki, bu sözləri AZAL-ın sərnişindaşıma şirkətinin direktoru Eldar Hacıyev "Caspian European Club”-da keçirilən biznes-forumda deyib.
Şirkət direktoru qeyd edib ki, AZAL-a Azərbaycana turist gətirmək üçün müraciət edən turizm şirkətləri çox məhdud saydadır: "Demək olar ki, yox dərəcəsindədir. Təbii ki, mən Mədəniyyət və Turizm Nazirliyini, Turizm Assosiasiyasını, həm turizm işində çalışan, turizm şirkətlərini bizim yeni xidmətlərdən istifadə etməyə dəvət edirəm. AZAL hazırda "Bakı- İstanbul-Bakı” istiqamətində hər gün, bir tərəfə cəmi 99 avro qiymətində (bütün vergilər daxil) səfərlər yerinə yetirir. Hesab edirəm ki, bu da bu gün üçün cazibədar qiymətlərdən biridir. Oktyabr ayının sonundan başlayaraq "Bakı- Moskva – Bakı” və "Bakı- Dubay- Bakı” istiqamətində də bu tipli səfərləri yerinə yetirəcəklər. Bundan əlavə bizim yerinə yetirdiyimiz klassik reyslərlə əlaqədar olaraq Azərbaycana turist gətirmək istəyən şirkətlər bizə müraciət edərlərsə və özəl şərtlər irəli sürərələrsə, böyük məmnuniyyətlə həmin şirkətlərin yanında olacayıq”.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !