Ölkəmizdə innovasiyaların inkişafına dəstək layihələrini
uğurla davam etdirən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir mühüm
addım atır. Bank özünün İnnovasiya Mərkəzini yaradır. IBA İnnovasiya Mərkəzi
adı altında yaradılan mərkəz informasiya texnologiyaları sahəsində seçilmiş sahibkarlıq
layihələrinə inkubasiya və akselerasiya mərhələlərində kömək göstərəcək. Belə
bir mərkəzin formalaşdırılmasında məqsəd Azərbaycanda startap ekosisteminin
inkişafına kömək göstərməkdir. Mərkəz artıq ilk inkubasiya proqramına qəbul
elan edib.
Qeyd edək ki, inkubasiya prosesi erkən mərhələdə
olan startapların böyüməsinə dəstəyi, startap layihələrinin icrasında ortaya
çıxa biləcək problemlərin həllinə yardımı nəzərdə tutur. FinTech həlləri
mövzusunda elan edilmiş bu proqramda komandalar öz innovativ ideyalarını təqdim
edə biləcəklər. İdeyalara məhdudiyyət olmasa da, kiçik və orta sahibkarlıq fəaliyyətinə
fayda gətirəcək həllərə xüsusi üstünlük veriləcək.
Mühüm aktuallığa malik ideyalar təqdim etmiş
komandalara öz ideyalarını hazır məhsula çevirmək üçün İnnovasiya Mərkəzində münbit
şərait yaradılacaq. Startap layihələrinin həyata keçirilməsi üçün onlara bir
sıra xidmətlər, o cümlədən mentor, kouçinq, texniki dəstək göstəriləcək. Rezidentlərlə
müntəzəm iş üçün xarici ölkələrdən startapların inkişafı üzrə beynəlxalq təcrübəyə
malik peşəkar mentorlar, məsləhətçilər və sahibkarlar dəvət ediləcək. Mərkəzin
ilk rezidentləri sırasında bankın martın əvvəlində reallaşdırdığı 1-ci IBA
Regional Hakatonunda iştirak edərək uğur qazanmış komandaların da olması nəzərdə
tutulur. Proqrama 16 iyun tarixinə qədər buradan müraciət etmək olar: https://ibainnovation.az/az
Azərbaycan Beynəlxalq Bankının yaratdığı İnnovasiya
Mərkəzinin əsas üstünlükləri seçilən ideyalara investisiya qoyulması, komandalar
üçün sırf bankçılıq sahəsində lazımi infrastrukturun təmin edilməsi, bankın məlumat sisteminə inteqrasiya
(OpenAPI) imkanının yaradılması, maliyyə resurslarına əlçatanlıq, ən mühümü isə
innovativ həllər üçün real tələbin formalaşdırılmasıdır.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri
Abbas İbrahimov IBA İnnovasiya Mərkəzinin xüsusilə kiçik və orta sahibkarlığa
faydalı olacağını bildirib: "Azərbaycan
Beynəlxalq Bankı olaraq biz kiçik və
orta sahibkarlığın dəstəklənməsinə, o cümlədən bu sahədə FinTech həllərinin tətbiqinə
mühüm önəm veririk. IBA İnnovasiya Mərkəzi sahibkarlıq həllərinin
formalaşmasına kömək göstərəcək. Bu Mərkəz həm innovativ ideyaları, həm onları
reallaşdıra bilən istedadları, həm də lazımi şəraiti bir araya gətirəcək. İnanırıq
ki, belə bir mərkəzin yaradılması ölkəmizdə innovasiya ekosisteminin inkişafına
təkan verəcək”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !