Xarici ekspertlər İlk Avropa Oyunlarının açılış mərasimini London və Soçi olimpiyaları ilə müqayisə edərkən açıq şəkildə "Bakı 2015”in daha mükəmməl və daha innovativ olduğunu etiraf etdilər. ANN.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.
O qeyd edib ki, artıq olimpiya hərəkatına və idman leksikonuna yeni bir anlayış - "Azərbaycan standartı” anlayışı daxil edildi: "Yəqin bundan sonra keçiriləcək bu kimi mötəbər tədbirlərin təşkilatçıları üçün Azərbaycanın rekordunu və əldə etdiyi yüksək nəticələri təkrarlamaq və ya ondan önə keçmək o qədər də asan olmayacaq. Dünyanın hər yerində Azərbaycanın bu təqdimatı təqdir edildi və alqışlandı. Hətta Azərbaycanı sevməyən və ölkəmizə qarşı xoş niyyətdə olmayanlar belə açılış mərasimi haqqında xoş sözlər deməyə məcbur oldular”.
A.Quliyevin sözlərinə görə, birinci Avropa Oyunları artıq ölkəmizə dividentlər gətirməkdədir. Məhz bu tədbirin nəticəsidir ki, bütün dünya Azərbaycanı yaxından tanımağa və onunla maraqlanmağa başlayıb: "Hamı gördü ki, Azərbaycan gənc dövlət olmasına baxmayaraq, bu cür məsuliyyətli beynəlxalq tədbirlərə ev sahibliyi etmək gücündədir. Avropalılar ölkəmizin stabil inkişafının və ictimai-siyasi sabitliyinin şahidi oldular. Bizim qədim mədəniyyətimiz, dadlı mətbəximiz, qonaqpərvərliyimiz, millətindən və dinindən asılı olmayaraq hər kəsin dostluq və sülh şəraitində yaşaması, o cümlədən sivil və dünyəviliyimiz ölkəmizi xaricilərə daha da sevdirdi və yaxınlaşdırdı. Bütün bunlar, əlbəttə, bizə Azərbaycanı şərqin və qərbin ən yaxşı nümunələrini özündə əks etdirən və Avropanın bir parçası olan müasir bir ölkə kimi təqdim etməyə imkan verdi. Əminəm ki, hazırda Bakıda olan qonaqlar və ya televiziya vasitəsilə Oyunları xaricdən seyd edənlərin böyük əksəriyyəti Azərbaycanla bundan sonra da maraqlanacaq və buraya gəlmək istəyəcəklər”.
A.Quliyev bildirib ki, ermənilər və onların havadarları ölkəmiz və xalqımız haqqında uzun müddət mənfi rəy yaratmağa çalışıblar və indi də bu çirkin işlərindən əl çəkmirlər: "Bizim dünyanın müdafiə etdiyi Ermənistan kimi düşmənimiz və Dağlıq Qarabağ kimi problemimiz var. Ona görə də indiyə kimi əleyhimizə olan təbliğatın tam əksinə olaraq xalqımızın haqq etdiyi müsbət təqdimatı baxımından da bu tədbirin əvəz olunmaz əhəmiyyəti var. Təsadüfi deyik ki, təşkilat komitəsi açılış mərasimində I Avropa Oyunlarının məşəlini stadiona gətirməyi iki dəfə paralimpiya oyunları çempionu, Qarabağ müharibəsi əlili İlham Zəkiyevə həvalə etdi, Qarabağ şikəstəsi və sarı gəlin xalq mahnısını səsləndirdi. Bununla dünyaya incə və eyni zamanda açıq şəkildə "Qarabağ” mesajı vermiş oldu. Bunun isə xalqımızın birliyi və torpaqlarımızın işğalı ilə heç zaman barışmayacağımızı dünyaya bir daha anlatmaq baxımından çox mühüm əhəmiyyəti var”.
A.Quliyev bu tədbirin Azərbaycana gələcək investisiyaların həcminin daha da artmasına, iqtisadiyyatın və xüsusilə turizmin inkişafına müsbət təsir edəcəyini də söyləyib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !