“Azərbaycan daşınmaz əmlak məsələləri ilə bağlı keçirdiyi islahatlara görə ilk onluqdadır” – Sədr müavini

11:05 | 23.09.2015
“Azərbaycan daşınmaz əmlak məsələləri ilə bağlı keçirdiyi islahatlara görə ilk onluqdadır” – Sədr müavini

“Azərbaycan daşınmaz əmlak məsələləri ilə bağlı keçirdiyi islahatlara görə ilk onluqdadır” – Sədr müavini

"Əgər mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxışların verilməsi 2005-2009-cu illərdə 30-20 gün, 2010-2012-ci illərdə isə 18-14 gün arasında dəyişirdisə, 2013-cü ildən etibarən bu müddət 7 günə, əmlak barədə digər arayışların verilməsi isə 1 günə endirilib" - bu sözləri Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi"nin başa çatması ilə əlaqədar ictimai təqdimat mərasimində deyib.

ANN.Az xəbər verir ki, sədr müavini daşınmaz əmlakın qeydiyyatında məmnunluq səviyyəsini müəyyən etmək məqsədilə layihə çərçivəsində 2013 və 2014-cü illərdə bütün ölkə üzrə müştəri məmnunluğu sorğularının keçirildiyini deyib. Onun sözlərinə görə, sorğuların nəticələrinə əsasən 85-90 faiz sorğu iştirakçılarının qeydiyyat prosesindən razı olduqları məlum olub.

Rafiq Cəlilov əlavə edib ki, ümumilikdə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron və 3 onlayn xidmət istifadəyə verilib. Onlayn xidmətlərin tətbiqi ilə qeydiyyat prosedurları 4-dən 1-ə endirilib.

Daşınmaz əmlakın kadastrı və elektron kadastr məlumat bazasının yaadılması istiqamətində bir sıra nailiyyətlərin əldə edildiyini deyən komitə sədrinin müavini ölkənin bütün ərazisinin elektron kadastr xəritələrinin hazırlanması istiqamətində işlərin aparıldığını vurğulayıb: "Respublikanın 3,5 mln ha ərazisində inzibati ərazi vahidlərinin sərhədlərinin müəyyənləşdirilməsi, bələdiyyə xəritələrinin hazırlanması işləri icra edilir. Belə ki, bu proses 1,8 mln ha ərazidə artıq yekunlaşıb”. 

Sədr müavini daşınmaz əmlakın qeydiyyatı layihəsi nəticəsində daşınmaz əmlakın qeydiyyat prosesi əhəmiyyətli dərəcədə sadələşib və qeydiyyata cəlb olunan əmlakların sayının artdığını bildirib: "2015-ci il ərzində 140 minə yaxın daşınmaz əmlak qeydiyyata alınıb ki, bu ötən il qeydə alınan göstərici ilə müqayisədə 10 faiz çoxdur. Layihənin effektiv icrası və daşınmaz əmlakın qeydiyyatında əldə olunan nəticələr beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hər il dərc olunan "Doing Business" hesabatlarında Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə ön sırada yer alır. "Doing Business 2015" hesabatında Azərbaycan daşınmaz əmlakın qeydiyyatında həyata keçirdiyi islahatlara görə reytinqdə ilk onluğa daxil olub".


Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM