"APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib.
Sədr qeyd edib ki, dənizdə külək potensialı daha çoxdur. Bu potensialdan istifadə etmək və düzgün yönəltmə üçün kifayət qədər çox pul xərcləməmək - ən vacib məsələlərdən biridir: "Dünya təcrübəsində, istər Şimal dənizində, istər Baltik dənizində, istər Atlantik okeanın sahil məntəqələrində külək stansiyaları qurulub. Orta hesabla bir külək stansiyasının qiyməti 4 milyon avrodan yuxarıdır. Xəzər dənizində güclü şimal, şimal-qərb küləkləri mövcuddur. Ona görə də biz analizlər apardıq və bu analizlərin nəticəsində qərara gəldik ki, Azərbaycan ilk olaraq neft hasilatında öz sözünü deyib və bildiyiniz kimi, neft daşları ilk dəfə Azərbaycanda qurulub. Bu məsələni araşdırandan sonra biz belə bir layihə ilə çıxış etdik ki, Pirallahı rayonunda Pirallahı adasında yeni enerji təchizatına da ehtiyac olacaq. Pirallahı adası ilə yaxın bir ərazidə, təxminən 20 kilometr aralıda Çilov adası yerləşir. Burada da 2-3 minə yaxın əhali yaşayır. Bunların da adadan adaya birləşməsi kater və vertolyotlar vasitəsi ilədir. Hava stabil olmayanda ciddi problemlər yaranır insanların təminatı ilə... Biz fikirləşdik ki, iki işi birləşdirsək, çox böyük bir sosial məsələni həll edərdik. Digər tərəfdən qiymətləri aşağı salardıq”, - deyə A. Bədəlov bildirib.
A. Bədəlov qeyd edib ki, bu istiqamətdə işlərin aparılması üçün müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb.
"Müvafiq qurumlarla müşavirə keçirdik, bir marşrut seçdik. Biz fikirləşdik ki, SOCAR-ın texniki bazası hesabına biz bunu qura bilərik. Bu estakadanı qurandan sonra, birləşdirilmiş platformalarda külək stansiyalarını yerləşdirə bilərik. Təxminən 2-2,5 milyon manata layihəni reallaşdıra bilərik”, - deyə sədr qeyd edib.
Onun sözlərinə görə, estakada vasitəsilə stansiya qurulması dünya təcrübəsində yoxdur.
"Hal-hazırda layihənin texniki-iqtisadi əsaslandırılması yekunlaşdırıb. Biz bu layihəni Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşdırırıq. Yaxın günlərdə layihə Nazirlər Kabinetinə təqdim olunacaq”, - deyə o qeyd edib.
A. Bədəlov əlavə edib ki, ilkin hesablamalara görə, layihənin dəyəri 450 mln. manat civarındadır: "Qiymətlərin bir az da aşağı salınması üçün dəqiqləşdirmələr aparılır. Layihə 3 hissədən ibarət olacaq. Birinci mərhələdə külək stansiyaları inşa olunacaq, ikinci mərhələdə yol- estakada çəkiləcək. Sonuncu mərhələdə isə enerjinin ötürülməsi üçün orada şəbəkə yaradılacaq. Burada vacib məsələ ondan ibarətdir ki, bu layihə ilə bağlı təcrübəni və qiyməti öyrənmək üçün Fransa, Almaniya, ABŞ və bir çox ölkələrə müraciət etmişdik. Adətən belə layihələr 900 mln. 1 mlrd. manat civarında başa gəlir. Biz yolun da çəkilməsi ilə birlikdə bu qiyməti iki dəfə aşağı salmışıq. Dəniz küləyindən istifadə etməklə xərclənən vəsaiti 10 il müddətinə qaytarmağı düşünürük”.
Layihənin icrası 2017-2018-ci illərdə tam yekunlaşacaq.
Bizi sosial şəbəkələrdə izləyin !