Azərbaycan dünya startap reytinqində irəliləyib

13:16 | 03.06.2022
Azərbaycan dünya startap reytinqində irəliləyib

Azərbaycan dünya startap reytinqində irəliləyib

Global Startup Ecosystem Reytinqinə görə Azərbaycan 2022-ci ildə 4 pillə irəliləyərək 85-ci yerə qalxıb. Bu barədə dünyanın qlobal startap ekosistem xəritəsi və araşdırma mərkəzi olan "StartupBlink” təşkilatının rəsmi saytı məlumat yayıb.

Bakı isə şəhərlərarası reytinqdə 12 pillə irəliləyib. 2021-ci ildə isə əvvəlki illə müqayisədə Azərbaycan 19 pillə geriləyib.

Azərbaycandan 43 startap, 11 innovasiya və kovörkinq mərkəzləri barədə məlumatlar da "StartupBlink” təşkilatının bazasına daxil edilib.

Keçmiş sovetlər birliyinə daxil olan ölkələrin də bəziləri cari ildə daha uğurlu nəticələr əldə edə bilib. Məsələn, Gürcüstan 7 pillə, Ermənistan 5 pillə irəliləməklə reytinqdə daha irəlidədirlər. Yalnız Ukrayna, Rusiya və Belarus ötən illə müqayisədə geriləsələr də, reytinqdə Azərbaycandan irəlidədirlər.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, Azərbaycanın reytinqdə 4 pillə irəliləməsi müsbət addım olsa da, qazanılan mövqe potensial imkanlar baxımından yetərli hesab oluna bilməz.

"StartupBlink şirkətinin Global Startup Ecosystem hesabatı hər il hər bir ölkə üzrə ekosistemin müxtəlif sahələrini xarakterizə edən Kəmiyyət , Keyfiyyət və Biznes Mühiti indeksləri əsasında formalaşır. Bu metodologiyada Kəmiyyət indeksinə startapların, Kovorkinq mərkəzlərin, Akselerasiya mərkəzlərin, Startap tədbirlərin ümumi sayı daxildir. Keyfiyyət indeksini ölçmək üçün müxəlif beynəlxalq startap platformalardan əldə olunan məlumatlar, özəl sektorun startap ekosistemə investisiyası, startlarda çalışanların sayı , qlobal startap tədbirləri və s. parametrlərdən istifadə olunur. Biznes mühiti indeksi isə biznesin təşkili üçün mövcud şərtlər, İnternetin sürəti və internet azadlığı, investisiya mühiti, patentlərin sayı, rəqəmsal bankçılıq və s. əsasında müəyyən olunur. Ölkəmizdə startap ekosistemin inkişafına cavabdeh dövlət qurumları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət)  və Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir", - o bildirib. 

Azərbaycanda da 2019-cu ildən mikro və ya kiçik sahibkarlıq subyektlərinə "Startap” şəhadətnaməsi verilməsi məsələsi gündəmə gəlib. 2021-ci ilin mayından etibarən "Startap” şəhadətnaməsinin verilməsinə başlanılıb. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə "Startapın müəyyən olunması meyarları” təsdiq edilib. Azərbaycan dünyada startap meyarlarını müəyyənləşdirmiş və bunu müvafiq qərarla təsdiq etmiş ölkələr sırasındadır.

"Startap” şəhadətnaməsi vergi ödəyicisi olan mikro və yaxud kiçik sahibkarlıq subyektlərinə verilir. Müraciət edən mikro və yaxud kiçik sahibkarlıq subyektlərinin təsisçiləri arasında orta və (və ya) iri sahibkarlıq subyekti olarsa, bu zaman həmin təsisçilərin hüquqi şəxsdə payının 49%-dən çox olmaması zəruridir. "Startap” şəhadətnaməsi gəlir və yaxud mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, eləcə də şəhadətnamə almış digər startap məhsulu və yaxud xidməti ilə eynilik təşkil etməyən məhsul və xidmətlər üçün verilir.
 
"Startap” şəhadətnaməsi sahibkarı 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edir. Bununla bağlı olaraq, sahibkarlara artıq gəlir əldə edən və aktiv böyümə mərhələsində olan layihələr üçün "Startap” şəhadətnaməsinin alınması tövsiyə olunur.
Şəhadətnamə startaplara vergi güzəşti tətbiq etməklə, onların əldə etdiyi gəliri layihənin inkişafına yönəltməyə imkan yaradır. "Startap” şəhadətnaməsi həmçinin, startapa yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışını asanlaşdırır.

"Startap” şəhadətnaməsini İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) verir. Agentlik indiyə qədər 19 sahibkarlıq subyektinə şəhadətnamə verilib. Şəhadətnamə almış layihələr baytarlıq üçün ağıllı cihaz, maliyyə texnologiyaları, sığorta, logistika xidməti, ödəniş aqreqatoru, elektron ticarət və digər yeni və ənənəvi sahələrə innovativ həlləri tətbiq edən layihələri əhatə edir. "Startap” şəhadətnaməsi almış sahibkarların layihələrinin 80 %-i onlayn, 20 %-i elektron cihaz və mexaniki qurğulara əsaslanan məhsul və xidmətlərin təqdim edilməsini nəzərdə tutur.
 
"Startap” (Start-up) ingilis dilindən tərcümədə "başlamaq”, "işə salmaq” mənalarını verir və əvvəllər hər hansı bir işə yeni başlayana deyilirdi. Müasir dövrdə startap dedikdə yeni bir innovativ ideyanın reallaşdırılması və yaxud daha əvvəldən mövcud olan hər hansı bir biznes proseslərin tam fərqli formatda təqdim olunması və yaxud özündə innovativliyi səciyyələndirən sahibkarlıq fəaliyyəti başa düşülür.

İlk dəfə start up anlayışı 1939 cu ildə ABŞ-ın Kaliforniya ştatında yerləşən Santa-Klare vadisində yaranıb. Həmin il Stendford Universitetinin tələbələri William Hewlett və David Packard kiçik və yeni hesab edilən layihələrinə Start Up adını verdilər.  Startap termini isə ilk dəfə 1973-cü ilin avqustunda Forbes və 1977-ci ilin sentyabrında Business Week jurnallarında istifadə edilib.
 
Ləman Qasımova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM