Azərbaycan jurnalistlərinin VII qurultayı keçiriləcək.
Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, Şuranın İdarə Heyətinin iclasında qurumun sədri Əflatun Amaşov bildirib ki, Şuranın Nizamnamə tələblərinə uyğun olaraq qurumun İdarə Heyətinin üzvləri qurultay üzrə Təşkilat Komitəsinin tərkibinə daxil edilirlər. İclasda qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.
Müzakirələrdən sonra ölkə jurnalistlərinin VII qurultayının mart ayının 10-da keçirilməsi barədə qərar qəbul edilib. Qərara əsasən Şuraya üzv gündəlik qəzetlər və informasiya agentlikləri qurultayda 2, həftəlik və aylıq qəzetlər, bölgə nəşrləri, jurnallar, jurnalist təşkilatları və internet informasiya saytları isə 1 nümayəndə ilə iştirak edəcəklər.
Məlum olduğu kimi, Şuraya üzv təşkilatlar üzərindəki əsas məsuliyyət quruma üzvlük haqlarının ödənilməsidir. İclasda qəbul olunan qərara görə, üzvlük haqlarını ödəməyən üzv təşkilatların qurultayda iştirakına yol verilməyəcək.
Qurultayda Mətbuat Şurasının 17 əsas və 5 ehtiyat üzvü seçiləcək. 17 əsas üzvdən 8-i jurnalistləri, 6-ı ictimaiyyəti, 3-ü isə internet informasiya resurslarını, ehtiyat üzvlərdən 2-i jurnalistləri, 2-i ictimaiyyəti, 1-i internet informasiya resursların təmsil edəcək.
Təşkilat Komitəsi tərəfindən üzv təşkilatlara anketlər təqdim ediləcək. Üzv təşkilatlar anketlərə ümumilikdə 17 namizəd adı daxil edəcəklər ki, bunlardan 8-i jurnalist, 6-ı ictimaiyyət nümayəndəsi, 3-ü isə internet informasiya resursu təmsilçisi olacaqdır. Anketlər toplandıqdan sonra 24-ü jurnalistlərdən, 18-i ictimaiyyət nümayəndələrindən və 9-u internet informasiya resurslarından olmaqla ən çox səs toplamış 51 namizədin adı səsvermə bülleteninə daxil ediləcəkdir. Qurultayda İdarə Heyətinin tərkibi də məhz həmin 51 nəfərin içərisindən seçiləcək. Ən çox səs toplamış 8 jurnalist, 6 ictimaiyyət nümayəndəsi, 3 internet informasiya resursu təmsilçisi MŞ-nin İdarə Heyətinin tərkibini təşkil edəcək.
Qurultayda eyni zamanda Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının 3 nəfər əsas, 1 ehtiyat üzvdən ibarət tərkibi də seçiləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !