Rasim Əliyevi unutmamaq üçün... - KÖŞƏ

13:58 | 21.08.2015
Rasim Əliyevi unutmamaq üçün... - KÖŞƏ

Rasim Əliyevi unutmamaq üçün... - KÖŞƏ

Orxan Aslanlı

Jurnalistika – elə də asan sənət deyil. Həm dağ boyda məsuliyyəti, həm də ölüm qədər təhlükəsi var. Baxmayaraq, çoxları bu gün bu sənətə primitiv yanaşırlar. Gah "filankəs 1-2 cümlə yazıb, adını jurnalist qoyub” deyirlər, gah "əlinə kamera götürən hər adam jurnalist deyil” bəyan edirlər, gah da bütün qələm əhlini təhqir edərək "zurnalist” adlandırırlar. Kimisi də əlində "reket” sözündən yapışıb kimə gəldi daş tullayır. Amma daha başa düşmürlər ki, ya reket var, ya da jurnalist. Onların bir-birinə heç bir dəxli-filanı yoxdur.

Kiminsə dərdi başından aşanda, problemini yoluna qoymaq istəyəndə jurnalist yadına düşür, elə ki, hər şey yoluna düşdü, vəssəlam, bu sənətin hörməti-izzəti yoxa çıxır, bu sənətin adamları da günü-gündən ucuz tutulur. 

Jurnalist üçün hər yer müharibə zonası kimidir. Təsəvvür edin, jurnalist adi bir kənddən, kəndlilərin yaşam tərzindən fotosessiya, reportaj hazırlamağa gedir. Bu zaman o, arvadını döyən kişiyə, yaxud övladını kötəkləyən ataya rast gəlir. Heç bir müdaxilə eləmədən, "bu da bir kənd həyatının mənzərəsidir” niyyəti ilə o anları kameraya köçürür. Bu zaman zalım ər, yaxud qəddar ata fotonu çəkənin kim olduğunu soruşmadan, heç nə aydınlaşdırmadan jurnalisti döyə, təhqir edə, hətta öldürə də bilər. Bu kimi situasiyalar çox-çoxdur. Bəlkə elə tək bu səbəbdən – jurnalistikanı müharibə sənəti, jurnalistləri də qələm döyüşçüləri adlandırırlar. 

İndiyə kimi düşmən gülləsindən ölən əsgərlərimizi iki qrupa bölürlər: müharibə zamanı həlak olan şəhidlərimiz, atəşkəs dövrünün şəhidləri. Məncə, gələcəkdə jurnalistika tarixini qələmə alanlar da ölən jurnalistləri iki qrupa böləcəklər – müharibə zamanı həlak olan jurnalistlərimiz -( Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev, Osman Mirzəyev, Fəxrəddin Şahbazov); dinc dövrdə qətlə yetirilən jurnalistlərimiz – (Elmar Hüseynov, Rafiq Tağı, Alim Kazımov).

Avqustun 9-da bu sıraya daha biri daxil oldu – bizim iş yoldaşımız, son 8 ayda bir yerdə deyib-güldüyümüz, vaxtımızın çoxunu bir yerdə başa vurduğumuz, qısa vaxtda xətrini çox istədiyimiz Rasim Əliyev futbolçulardan birini tənqid etdiyinə görə döyüldü, ağır fiziki təzyiqlərdən sonra xəstəxanada vəfat etdi.

Bu gün  Rasim Əliyevin qətlə yetirilməsindən 12 gün ötür. Kimlər üçünsə çox qısa zaman kimi görünə bilər, amma bu müddət onun ailəsi, sevdikləri, əzizləri üçün aylara, hətta illərə bərabər oldu. Bu 12 günü ağır edən həm də haqsız münasibət oldu - bu vaxt ərzində Rasimə "haqsız idi, nə işi vardı futbolçu ilə” deyənlər də oldu, Rasimin Cavid Hüseynova qarşı dediklərini pisləyənlər də oldu, Cavidin tərəfini tutub, hətta Cavidin zaminə buraxılması üçün imza toplayan "həmkarlarımız da”. Dəyişməyən fakt o idi ki, Azərbaycan jurnalistikası bir üzvünü, bir ailə yeganə oğul övladını, bir bacı tək qardaşını, bir qız əhd-peyman bağladığı sevgilisini itirdi. 

Belə bir atalar məsəli var, "Ölü arxasınca danışmazlar”. Amma deyəsən Cavidə "haqq” qazandıranlar bu məsəli heç xatırlamırlar da... Özlərini kiminsə gözündə qaldırmağa cəhd etdilər, ləyaqət və şərəflərini unudub imzalarını dünya malına satdılar. Amma buna baxmayaraq, heç nə alınmadı. Çünki Rasim Əliyevin ölüm hadisəsinin araşdırılmasına dövlət başçısı birbaşa nəzarət edirdi. Məgər yenidən bu məsələ ilə bağlı prezidentə müraciət etməyin mənası var idimi? 

Rasim haqqında yazılası, deyiləsi o qədər söz var ki, bir iş yoldaşı olaraq hər gün düşünür, çək-çevir edir, xatirələr yada düşür, eyni zamanda mediada bu hadisə ilə bağlı yazıları, sosial şəbəkədəki müzakirələri oxuyur, izləyirəm. Nə qədər cəhd eləsəm də, bu haqsızlığı beynimdən çıxara bilmirəm. Ən ağırı isə Rasimi geri qaytarmaq mümkün olmayacaq. Onu birdəfəlik itirdik. 

Onu hər hansı qəzada, faciədə itirmədik, ona arxadan, namərdcəsinə vurulan ağır zərbənin gücündən itirdik. Təəssüf ki, hələ də bir çox həmkarlarımız anlamır, yaxud da anlamaq istəmirlər ki, Azərbaycan jurnalistikası Rasimin arxadan aldığı zərbə ilə bir daha namərdcəsinə vuruldu. Mən bunu simvolik olaraq belə qəbul edirəm. Fikrimcə, əksər həmkarlarım da mənimlə razılaşar. 

Rasimin qətlə yetirilməsi o demək deyil ki, o artıq bizimlə deyil. Rasim haqqı axtara-axtara haqsızlığın qurbanı oldu və bununla da tarixin silinməz səhifəsinə düşdü. Bir sözlə, Rasim özü tarix yazdı.  

Qeyd edək ki, 2015-ci ilin ilk yarısında dünyada artıq 71 jurnalist qətli qeydə alınıb. Yəni, ötən ilə nəzərən 7 faiz çox. Öldürülən jurnalistlər 24 fərqli ölkədən olub. 

Jurnalistlərin öldürülməsini pisləyən və bu peşə sahiblərinin təhlükəli həyatının olmasını yadda saxlamaq üçün 1997-ci ildən etibarən Türkiyədə 6 aprel "Öldürülən Jurnalistlər Günü” olaraq anılır. Təklif edərdim ki, ölkəmizdə də bu cür anım günü keçirilsin. 

Təklif edərdim ki, istənilən ayın istənilən bir gününü "Öldürülən Jurnalistlər Günü” kimi qeyd olunması üçün seçim edək. Nə Elmar Hüseynovun öldürüldüyü 2 mart, nə Rafiq Tağının öldüyü 23 noyabr, nə Alim Kazımovun vəfat etdiyi 19 iyun, nə də Rasim Əliyevin qətlə yetirildiyi 9 avqust tarixlərinə toxunulmasın. Çünki bu günlər o ölən jurnalistlərin tək-tək yada salınması, xatirəsi günləridir. Tamam ayrı bir gün seçək və o gün öldürülən bütün jurnalistlər yad olunsun. Yaddaşımız təzələnsin, unutqanlığımız aradan qalxsın. Daha sonra başqa işlər də görmək mümkündür – fond yaratmaq, onların xatirəsinə abidə ucaltmaq və s.

Heç olmasa, bu məsələdə bir-birimizə dəstək olaq, ən azından buna cürətimiz çatsın... 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür