Dövlət qəzeti: Təşvişə və ajiotaja ciddi səbəb yoxdur

13:09 | 24.02.2015
Dövlət qəzeti: Təşvişə və ajiotaja ciddi səbəb yoxdur

Dövlət qəzeti: Təşvişə və ajiotaja ciddi səbəb yoxdur

"Azərbaycan” qəzeti ölkədə manatın ucuzlaşması və bundan sonrakı proseslərlə bağlı məqalə hazırlayıb. 

Oxu.Az xəbər verir ki, "Təşvişə və ajiotaja ciddi səbəb yoxdur” başlığı ilə yayımlanan məqalədə bildirilir ki, son bir neçə gündür manatın dollara və avroya nisbətdə məzənnəsinin dəyişməsi və bununla bağlı ilk növbədə istehlak bazarında gözlənilən qiymət dəyişiklikləri əhali arasında ən çox müzakirə olunan mövzudur.

Həmin məqaləni təqdim edirik:

"Bu da təsadüfi deyil. Artıq neçə ildir sabit maliyyə şəraitində yaşamağa öyrəşmiş sıravi vətəndaş üçün Mərkəzi Bankın bəyanatı gözlənilməz idi. 

Lakin son vaxtlar dünyada baş verən iqtisadi, maliyyə, hərbi-siyasi hadisələri və onların nəticələrini ardıcıllıqla, diqqətlə izləyənlər fəsadların gec-tez Azərbaycana da gəlib çıxacağını görürdülər. Ən azından o səbəbə ki, xüsusən Avropanın enerji təhlükəsizliyinin təminatında əsas dövlətlərdən birinə çevrilən Azərbaycan dünya iqtisadiyyatına çoxşaxəli tellərlə inteqrasiya olunub və ölkəmizin həmin hadisələrin nəticələrindən tam kənarda qalması, sadəcə, mümkün deyil.

Amma yaxın-uzaq ətrafımızda baş verən hadisələrin başlandığı ilk gündən Prezident İlham Əliyevin Azərbaycan hökuməti qarşısında qoyduğu ilk vəzifə gözlənilən həmin fəsadları minimuma endirmək olmuşdur. "İstisna edilmir ki, gələcək illərdə bölgədə gərginlik daha da artacaq. Çünki bu vaxta qədər görmədiyimiz təhlükələr meydana çıxır. İstisna olunmur ki, böhranla, iqtisadi, maliyyə böhranı ilə bağlı bizi qarşıda daha da böyük sınaqlar gözləyə bilər. Ancaq biz bütün bu çağırışlara hazır olmalıyıq...” 

Bu sözləri Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda səsləndirmişdir və adətən praqmatik qərarları ilə hadisələri qabaqlayan dövlət başçısının bu ehtiyatlı xəbərdarlığı təsadüfi deyildi. Bununla Prezident hökumətə xüsusən neftin ucuzlaşması ilə müşayiət edilən sınaqlardan maksimum sığortalanmaq üçün lazımi tədbirlər görməyi tapşırırdı.

Bu tapşırığa ilk reaksiya verən Azərbaycan Mərkəzi Bankı (AMB) oldu. AMB-nin İdarə Heyəti bu il fevralın 16-dan etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar verdi. Bu o demək idi ki, AMB məzənnə siyasətini ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirməyi məqsədəuyğun hesab etmişdir. Sözügedən qərarla əlaqədar AMB-nin yaydığı məlumatda daha sonra bildirilirdi: "Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcək. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcək”.

Bundan bir neçə gün sonra, daha dəqiq desək, fevralın 21-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti növbəti qərar verdi. Bu qərarla həmin tarixdən 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən olundu. Qərarın milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul olunduğunu bildirən AMB bəyan etdi ki, manatın məzənnəsinin korreksiyası həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib.

İlk baxışdan AMB-nin son qərarı valyuta bazarında radikal addım sayılsa da, əslində bəyanatında sadalanan bütün müddəaların reallaşması üçün qaçılmaz idi. Adi bir misal: son günlərədək Azərbaycan manatı dünyanın ən bahalı valyutalarından hesab olunurdu. Bu, bir tərəfdən Azərbaycan vətəndaşı kimi hər birimizdə qürur hissi doğursa da, digər tərəfdən ölkəmizin ixrac potensialını zəiflədirdi. Çox sadə bir səbəbdən. Məsələn, Azərbaycandan 100 manata alınan hər hansı məhsul idxalçıya 125 ABŞ dollarına başa gəlirdi. Onun üstünə digər xərcləri gələndən sonra isə həmin məhsulun qiyməti təxminən 150 dollaracan qalxırdı ki, bu da xarici bazarlarda qiymət sarıdan rəqabətə davam gətirmirdi. 

Manatın məzənnəsinin dəyişdirilməsinin zəruriliyini doğuran başqa mühüm səbəb ölkənin tədiyyə balansının və beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığının təmin edilməsidir. Burada söhbət ilk növbədə Azərbaycanın valyuta ehtiyatının qorunmasından gedir. Heç kəsə sirr deyil ki, istənilən valyuta nəinki ətrafda baş verən bütün hadisələrə, hətta adi bir şaiəyə çox həssas və ani reaksiya verir. Elə Azərbaycan Mərkəzi Bankının qeyd etdiyimiz 16 fevral tarixli məlumatından sonra əhalinin sərəncamında olan manatı kütləvi şəkildə dollara çevirməsinin səbəbi də bunun nəticəsi idi. Bu fakt ölkə əhalisinin bir tərəfdən heç də kasıb olmadığını üzə çıxarsa da, digər tərəfdən AMB-nin valyuta ehtiyatını azaldırdı. Valyuta ehtiyatının azalması isə ölkənin beynəlxalq ödəmə qabiliyyətinin zəifləməsi deməkdir ki, buna da yol vermək olmazdı. İndi budur, artıq əhali dollarını manata çevirməyə başlayıb. Deməli, AMB-nin timsalında həyata keçirilən tədbirlər hədəflənən nəticələri verir.

O ki qaldı manatın dollara nisbətdə ucuzlaşmasının daxili istehlak bazarında qiymətlərə təsirinə, onu da kritik hesab etmək olmaz. Əvvəla, hələ Azərbaycanda neft hasilatının və neftin qiymətinin "pik” vaxtında qeyri-neft sektorunun inkişafı istiqamətində maksimum tədbirlər görülmüşdür və həmin tədbirlər günü bu gün də davam edir. Xüsusən ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin edilməsi üçün aqrar sektor daha çox diqqət mərkəzində saxlanılır. Bunun nəticəsidir ki, bu gün Azərbaycan bir çox ərzaq məhsulları, məsələn, mal əti ilə 87, qoyun əti ilə 97, quş əti ilə 98, yumurta ilə 100, süd və süd məhsulları ilə 76, üzümlə 98, kartofla 90, bostanla 100, meyvə və giləmeyvə ilə 120, tərəvəzlə 103, şəkərlə 170, bitki yağları ilə 77 faiz özü-özünü təmin edir. Ona görə də əsas ərzaq məhsullarının qiymətlərinin sıçrayışla bahalaşması gözlənilmir. Dolların bahalaşmasını bəhanə edib qiymətləri süni artıranlara qarşı isə hökumətin müvafiq qurumları ciddi mübarizə aparmağa söz verib. 

Rəsmi məlumatlar göstərir ki, əhali ilə banklar arasında da elə bir təşviş doğuracaq problem yaşanmayacaq. Əhalinin banklardakı əmanətlərinin xeyli hissəsinin xarici valyuta, banklardan götürdükləri kreditlərinsə çox hissəsinin manat olması belə bir ehtimalı kifayət qədər azaldır.

Ümumən götürəndə ölkə əhalisi bu məzənnə dəyişikliyini dövlətin öz büdcəsini qorumaq, öhdəliklərini tam yerinə yetirmək üçün zəruri addım kimi qəbul edir. Bu əhali ötən əsrin 90-cı illərinin əvvəllərində 1500 faizlik inflyasiya da görüb, təxminən son 10 il milli valyutanın sabit qaldığını da. Bütün hallarda da təmkinini itirməyib, dövlətinə sədaqət nümayiş etdirib. Dörd bir yanımızın od tutub yandığı indiki zamanda isə bu təmkin və sədaqət daha zəruridir. Xüsusən də təşvişə və ajiotaja elə bir ciddi səbəb yoxdursa...”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM