Rüstəm Qasımov
Tarixdə ilk dəfə keçiriləcək "Bakı-2015" Avropa oyunları ərəfəsində Azərbaycana gələn turistlərin sayı hər gün durmadan artır. Çoxları Odlar Yurduna ilk dəfədir gəlir, ancaq bəziləri artıq ölkəmizdə olublar və yenə də gəlmək fikrindədirlər.
Belə səyahətçilərdən biri polşalı turist Tereza Malikdir. O, hər il Azərbaycana gəlir və vətənimizin gözəlliklərindən doymaq bilmir. Terezanın sözlərinə görə, o, ilk dəfə Azərbaycana 2012-ci ildə işlə bağlı gəlib. Malikin həmin dövrdəki səfəri Azərbaycanda keçirilən "Avroviziya - 2012" musiqi yarışması ilə əlaqədar olub. Azərbaycanın musiqi müsabiqəni yüksək səviyyədə keçirməsindən vəcdə gələn xanım ölkəmizin mədəniyyətinə və təbiətinə heyran olub, onun ən çox xoşuna gələn isə azərbaycanlıların turistlərə olan istiqanlılığı və onları doğmaları kimi qəbul etmələri olub. Ondan sonra Tereza Azərbaycana hər il səfər edir.
Bakıya səfərləri zamanı o, paytaxtımızda keçirilən mədəni tədbirlərə, simfonik musiqi konsertlərinə, Azərbaycan dövlət teatrlarında baş tutan tamaşalara, biletlərə və digər tədbirlərə baş çəkir.
Tereza Azərbaycana etdiyi sonuncu səfərində Azərbaycanın qədim və gözəl şəhərlərindən olan Gəncəni ziyarət edib, Mingəçevirdə Kür çayında olub, sonra dağlara səfər edib, Azərbaycanın yüksək dağlıq zonası olan Daşkəsəndə olub, Zaqalı və Xoşbulaq kəndlərinə baş çəkib.
O, avtomobil yollarını bütünlüklə örtən qoyun sürülərinin başındakı azərbaycanlı çobanlarla da söhbət etməyə imkan tapıb
Tereza təkcə təbiət və incəsənət həvəskarı deyil, o həmçinin əsl qurmandır və Azərbaycan milli mətbəxini çox sevir. O, daimi oxucularımızdan biri kimi, Azərbaycanın regionlarında çəkdiyi şəkilləri bizə təqdim edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !