Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan qadınlarının siyasi iştirakçılığı" mövzüsunda dinləmə keçirilib.
ANN.Az xəbər verir ki, tədbirin təşkilatçısı Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı layihə haqqında məlumat verib. O, qeyd edib ki, ölkənin 85 rayonu üzrə icra hakimyəti başcısının qadın müavinlərinin sayı artırılaraq 78-ə çatıb. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlkinə nisbətən 35 faizə qalxıb. Milli Məclisə 5-ci çağırış seçkilərində ilkin nəticələrə görə 125 millət vəkilindən 21-i qadındır.
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinini nümayəndəsi Vüqar Səlimov müstəqillik qazandıqdan sonra Azərbaycan qadınlarının ictimai-siyasi həyatda rolunun daha da artdığını bildirib. O, 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını, elə həmin il Milli Məclisdə "Gender bərabərliyi" aktının qəbul olunduğunu qeyd edib: "Dövlət tərəfindən atılan bu addımlar ölkədə qadınlara verilən yüksək qiymətin göstəricisidir".
O, statistik göstəriciləri xatırladaraq əlavə edib ki, 2015-ci ildə dövlət qulluqçusu ad qazanmış qadınları sayı 28,5 faiz təşkil edib: "Milli Məclisdə təmsil olunan qadın sayı 16,8 faiz olub. 2014-cü ilin statistikasına nəzər saldıqda görərik ki, bələdiyyə seçkilərində 35 faiz qadınların aktivliyi olub".
Məlahət İbrahimqızı çıxışı zamanı 1 noyabr seçkisində yenidən deputat adını qazanan və yeni millət vəkili seçilən həmkarlarını təbrik edib: "Yaxınlaşmaqda olduğumuz Avropada ən çox gənclərə önəm verilsə də bizim ölkədə gənclərlə yanaşı qadınlara da daha çox dəyər göstərilir. Azərbaycanın qəhrəman qadınları, qızları var. Salatın Əsgərova, Gültəkin Əsgərova və digər adlarını sadalamadıqlarım. Bu kimi qadınlarımız Azərbaycanın adını daima ucaldır və ölkəmizdə qadınlara verilən qiyməti onların əldə etdiyi uğurları unutmadığmızı bir daha göstərir".
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşib. "Qadınların nüfuz və səlahiyətlərinin artması sahəsində ictimai dinləmələrin təşkili" lahiyəsi çərçivəsində 5 ictimai dinləmə- seminarın keçirilməsi nəzərdə tutulub: "Məişət zorakılığı və erkən nikahlara qarşı mübarizə"; "Qadınların siyasi iştirakçılığı"; "Sahibkar qadınlar"; "Qadınların nüfuz və səlahiyyətlərinin artması və gender bərabərliyi"; "Qadın mövzusu KİV və sosial mediada".
Tədbirdə Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, siyasi partiyaların qadın təşkilatlarının üzvləri, millət vəkiləri, qadın ictimai birliklərinin nümayəndələri iştirak ediblər.
Orxan Aslanlı
Bizi sosial şəbəkələrdə izləyin !