Ölkə mətbuatında Azərbaycan qazının 2020-ci ildə Avropaya çatdırılacağı deyilsə də "Qaz OPEK"-in baş katibi Səid Məhəmməd Adeli bununla sensassiyalı açıqlama ilə çıxış edib: ən tezi 2022-2025 –ci illər. Bundan başqa S.M.Adeli TANAP-ın tikintisi məsələsinə də münasibət sərgiləyib və bu tikinti işlərinin çox yavaş aparıldığını vurğulayıb.
Azərbaycan qazı Avropaya nə vaxt çatdırılacaq? Ölkə mətbuatında bu cür məlumatın verilməsinin səbəbi nədir? Azərbaycan qazı Avropaya çatdırıldıqdan sonra Rusiya ilə əlaqələr hansı səviyyədə olacaq? Ölkə mediasında TANAP-da işlərin tez bir şəkildə həyata keçirildiyi söylənilsə də, "Qaz OPEK”-in baş katibi niyə bu cür çıxış edib? Bu və ya digər sualları cavablandırmaq üçün ANN.Az xəbər portalının əməkdaşı iqtisadçı ekspert Oqtay Haqverdiyev və Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabana müraciət edib.
Oqtay Haqverdiyevin qənaətincə, Azərbaycan qazının Avropaya çatdırılması layihəsi iki hissədən ibarətdir: "Birincisi, 2020-ci ilə kimi olan 16 milyard kubmetr qazın ötürülməsinin (bu 16 milyardlıq hissənin 6 milyardı Türkiyəyə veriləcək, 10 milyardı isə Avropa ölkələrinə ötürüləcək) yekunlaşması. İkinci hissə isə 2025-ci ilə kimi davam edəcək və görülən işin həcmi 30 milyard kubmetr qaz həcminə çatdırılacaq. Ola bilsin, xarici mətbuat bu məsələnin yekun həlli olaraq 2025-ci il kimi göstərməyi daha məqsədəuyğun hesab edib. Əlbəttə ki, tam gücü ilə bu boru xəttinin işləməsi 2025-ci il ildə həyata keçəcək.”
Onun sözlərinə görə, Azərbaycan qazının Avropada xüsusi çəkisi 2-3 faiz təşkil edir: "Hətta gələcəkdə, yəni 2022-2025-ci illərdə də bu faizin qalxma ehtimalı gözlənilmir. Avropa ən çox qazı Rusiya, Qətər və Noveçdən alır. Buna görə də Azərbaycanın bu ticarətdə xüsusi çəkisi o qədər böyük deyil və onların bizdən hər hansı asılılığı olacaq fikrini səsləndirmək də düzgün deyil. Ya da belə bir iddia irəli sürmək düz deyil ki, Azərbaycan Rusiya ilə rəqabətə girəcək. Əlbəttə yox. Rusiyanın təbbi ehtiyatları yüz dəfələrlə Azərbaycanın ehtiyatlarından çoxdur. Yəni Azərbaycan xaricə qaz ötürməsi məsələsində Rusiya ilə rəqabət aparacaq gücdə deyil. Çünki Rusiya artıq neçə illərdir ki, Avropa ilə öz əlaqələrini qurub. Heç bir dövlət uzun müddət əməkdaşlıq etdiyi digər dövlətlə əlaqələrini birdən-birə kəsməz. Yəni bazar iqtisadiyyatında vəziyyət belədir”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "Facebook” sosial şəbəkəsin də məsələyə bu cür münasibət bildirib. Onun fikrincə, Azərbaycan KİV-lərinin cəmiyyət qarşısında ən böyük günahı məlumatların təhrif edilməklə çatdırılmasıdır: "Qazla bağlı bir informasiyanı bizim yerli KİV-lərdən birinə istinadən paylaşmaq istəyirdim...son anda orijinalla müqayisə etmək qərarına gəldim və gördüm ki..."Qaz OPEK"-in baş katibinin TANAP-la bağlı dediyi fikirlərini ixtisarla veriblər. Məsələn, o, bəyan edir ki, TANAP hələlik çox yavaş templə tikilir (пока строятся очень медленно). Bunlar isə yazırlar ki, TANAP tikilir və sair cümlələr. Məntiqlə yanaşsaq, TANAP-ı qovhaqovla tikməyin heç bir mənası yoxdur: axı onun o biri başı - TANAP-dan qazı qəbul edəcək hissə - TAP belə çıxır ki, 2022-ci ildə hazır olacaq. TANAP-la Türkiyəyə qaz verilməsi isə 2019-da başlanacaq. Onda hər şeyi tələsmədən görmək olar”.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !