Mədəniyyət və Turizm Nazirliyi "2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası” hazırlayıb.
Nazirlikdən verilən məlumata görə, "2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası” layihəsi Azərbaycanda turizm sənayesinin mövcud vəziyyəti, inkişaf potensialı, turizmin inkişafında hökumətin rolu, maraqlı tərəflər arasında potensial əməkdaşlıq formaları, bu əməkdaşlıqların uğurla qurulması metodları və bir sıra digər mühüm elementlər haqqında məlumat və tövsiyələri əks etdirən sənəddir.
Azərbaycanı cəlbedici və uğurlu turizm məkanına çevirmək üçün dövlətin turizm siyasətinin dörd əsas strateji prinsip üzərində qurulmasını tövsiyə edən strategiya sənayenin inkişafı üçün əlverişli iqtisadi mühitin yaradılması, turizm məhsulunun müxtəlifliyi, sənaye standartlarının təkmilləşdirilməsi və ictimai marağın qorunması şərti ilə sənayenin inkişafı üçün zəruri stimullaşdırma, planlaşdırma, koordinasiya, araşdırma və statistik köməyin təmin edilməsinə dair müxtəlif təkliflər təqdim edir.
Bununla yanaşı, sənəd institusional strukturun təkmilləşdirilməsi, infrastruktur inkişafının gücləndirilməsi, turizm təcrübəsinin müxtəlifliyi və marketinq və kommunikasiya sistemində peşəkarlığın artırılması olmaqla 4 əsas inkişaf istiqaməti haqqında geniş məlumat və dövlətin ölkədə turizmin daha əsaslı inkişafı üçün bu sahələrdə hansı məqsədlərə nail olmağa çalışmalı olduğu haqqında müvafiq tövsiyələr verir.
Qeyd edək ki, "2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası” təsdiq edilməsi məqsədilə aidiyyəti quruma göndərilib və hazırda razılaşdırılma mərhələsindədir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !