“Azərbaycan Türkiyə ilə birgə anti-terror mübarizəsində iştirak etməlidir” - AÇIQLAMALAR

14:25 | 05.08.2015
“Azərbaycan Türkiyə ilə birgə anti-terror mübarizəsində iştirak etməlidir” - AÇIQLAMALAR

“Azərbaycan Türkiyə ilə birgə anti-terror mübarizəsində iştirak etməlidir” - AÇIQLAMALAR

"Bu gün üçün daha önəmli məsələ PKK və onun arxasında dayanan qüvvələrdir” - bu sözləri ANN.Az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirib.
 
 
Deputat PKK terrorçularının Bakı-Tbilisi-Qars-Ərzurum kəmərinin partladılmasından sonra Azərbaycanla Türkiyənin münasibətlərinin hansı formada davam edəcəyindən söz açıb.
 
 

Asim Mollazadə hesab edir ki, Türkiyənin bütün müttəfiqləri, ölkənin terror hücumlarından müdafiə etmək üçün dəstək göndərməli, daim onlara kömək etməlidirlər: "PKK terrorçularının bu hücumundan sonra Azərbaycan maraqlarına çox ciddi zərbə dəyib. Buna baxmayaraq Türkiyə ilə ən yaxın müttəfiq və qardaş ölkə olduğu üçün Azərbaycan onlarla birgə anti-terror mübarizəsində iştirak etməlidir”. 

Hazırda daha önəmli məsələnin  PKK və onun arxasında dayanan qüvvələr olduğunu dilə gətirən A.Mollazadə terrorçu qruplaşma ilə bağlı yüksək səviyyəli araşdırma aparmağı lazım bilib: "Türkiyə dövləti ən əvvəl bunu araşdırmalıdır ki, PKK-nın arxasında kim dayanır. Təbii olaraq , PKK üzvləri bundan sonra həm Türkiyə, həm də Azərbaycana qarşı çıxacaq.  Bu səbəbdən də hər iki dövlət bu məsələlərdə çox diqqətli olmalı, ortaq mövqeləri qorumalı, müttəfiqlərlə həmişə birgə olmalıdırlar”. 

Azərbaycanın Türkiyə terrorçularına qarşı hansı kömək, dəstək göndərmək məsələsinə münasibət bildirən deputat əslində Türkiyənin bu köməyə ehtiyacı olmadığını vurğulayıb: "Türkiyə kifayət qədər güclü dövlətdir, tam əminliklə deyə bilərik ki, bu proseslərdə özünü və mütəffiqlərini müdafiə etmək imkanlarına malikdir”.   
 
 
 

ANN.Az-a açıqlamasında hüquqşünas Ələsgər Məmmədli PKK terrorçularının Azərbaycana qarşı düşmənçilik münasibətlərinin hələ 1992-1993-cü illərdən özünü göstərdiyini deyib: "Hələ o illərdə PKK terrorçuları Türkiyə -Naxşıvan sərhədindən keçən Azərbaycan avtobuslarını saxlayıb onları yoxlayırdılar.  Hətta bəzən avtobusdan insanları çıxarıb onları özləri ilə aparırdılar.  Bu həmin terrorçulardı ki, indidə yenidən Azərbaycana qarşı olan nifrətlərini biruzə verirlər. Türkiyə PKK problemi artıq 30 ildən çoxdur ki, davam edir. PKK-nın kürd milliyyəti və kürdlərlə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq kürdlər PKK terroçularını daim dəstəkləyirlər. Bir sözlə demək olar ki, PKK Türkiyəni parçalamaq üçün hazırlanmış bir terror layihəsidir”. 

PKK-nın Bakı-Tbilisi-Qars-Ərzurum kəmərinin partlatmasının əsas səbəblərindən söz açan hüquqşünas bildirib ki, bu kəmərin Türkiyə ərazisindən keçən hissəsində PKK-nın daha çox üzvləri məskunlaşıb: "Bu səbəbdən də Azərbaycanı çox ciddi şəkildə təhlükələr gözləyir. Çünki heç kim siğortalamır ki, bu partlayışları PKK bir daha törətməyəcək. Azərbaycan bu kəmər vasitəsilə qazını dünya bazarına çıxardır. Bu kəmərdə tez-tez bu cür partlayışların baş verməsi daha böyük təhlükələrin yaranmasına və həmçinin iqtisadi-ticari əlaqələrin zəifləməsinə təsir göstərə bilər”.   
 
Hüquqşünas daha sonra bildirib ki, Türkiyədəki sonuncu seçkilər zamanı Azərbaycandan HDP-yə daha çox səs verilib: "Bu çox düşündürücüdür ki, niyə məhz həmin partiya Azərbaycanda daha çox səs topladı? Bu PKK dayaqlarının və tərəfdarlarının izlərinin olduğuna işarədirmi?  Bu səbəbdən də ölkəmizdə olan bu şəxslərin araşdırılıb tapılması və ölkədən çıxarılmasını vacib hesab edirəm. Çünki həmin şəxsləri Azərbaycanda olmasının özü böyük bir təhlükə mənbəyi deməkdir”.

Orxan Aslanlı



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM