Avrokubokların "play-off" mərhələsinin cavab qarşılaşmalarının ilk oyun günündən sonra UEFA reytinqi açıqlanıb.
anews.az Apasport.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasında keçirilən 5 görüş siyahıda bir sıra dəyişikliklərə səbəb olub.
Bu dəyişikliklər Azərbaycandan da yan ötməyib. Ölkəmiz 1 pillə geriləyib.
Buna Şotlandiyanın 4 addımlıq sıçrayışı səbəb olub. "Seltik”in Çempionlar Liqasının qrupuna düşməsi Böyük Britaniya təmsilçisini 22-ci sıraya qaldırıb. Belarus, Bolqarıstan və İsveç kimi geriləyən Azərbaycan isə 23-cü sıraya enib.
Cari mövsümdəki qazancımız 2,875-dir. "Qarabağ” hamıdan çox - 1,125, artıq mübarizəni dayandıran klublarımızdan "İnter” 0,750, "Zirə” 0,625, "Qəbələ” 0,375 xal əldə edib.
Son 5 mövsümə əsasən hesablanan reytinq xalımız 17,625-dir. Hazırda ölkəmiz 22-ci olan Şotlandiyadan yalnız əlavə göstəricilərdə geri qalır.
Bu gün Danimarkada "Kopenhagen”lə görüşəcək "Qarabağ” mərhələ adlasa, ən azı mövqeyimizi qaytarmaq mümkün olacaq. Qələbə və ya heç-heçə ilə keçiləcək mərhələ isə 21-ci yerə qədər irəliləmək üçün də yetərli ola bilər.
12-ci pilləyə yüksələn Yunanıstan Avstriya və Çexiyanın hərəsini 1 pillə geri salıb. Sloveniya isə Lixtenşteyni arxada qoyub.
Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir – 90,141 xal.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !