Azərbaycan və Əlcəzair energetika sahəsində əməkdaşlığa başlayıb

16:14 | 29.11.2022
Azərbaycan və Əlcəzair energetika sahəsində əməkdaşlığa başlayıb

Azərbaycan və Əlcəzair energetika sahəsində əməkdaşlığa başlayıb

Azərbaycan və Əlcəzair arasında neft və qaz sahəsində əməkdaşlığına dair sənəd imzalanıb. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov məlumat verib. 
 
"Əlcəzairin energetika və mədən naziri Mohamed Arkab ilə məhsuldar görüşümüz oldu. Ölkələrimizin neft və qaz sahəsində əməkdaşlığına dair sənəd imzaladıq. Azərbaycan və Əlcəzairin dost münasibətləri enerji ilə möhkəmlənir",  -  Pərviz Şahbazov tvitter hesabında yazıb.
 
Nazir imzalanan sənədin detalalrı barədə məlumat verməyib. 
 
O həmçinin bidirib ki, Əlcəzairin "Sonatrach" şirkətinin baş direktoru Taufik Hakkar Azərbaycanın təcrübəsinə və SOCARofficial
ilə geniş əməkdaşlığa maraq ifadə edib.
 
Əlcəzair 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. Azərbaycanla Əlcəzair arasında diplomatik əlaqələr isə 1994-cü il aprelin 22-də qurulub. 2016-cı ildə bu ölkədə Azərbaycanın səfirliyi açılıb. Əlcəzairin isə Azərbaycanda diplomatik ofisi 2015-ci ildə fəaliyyətə başlayıb və 2019-cu ildə isə Əlcəzairin səfirliyi təsis edilib.

İki ölkə arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlıq həyata keçirilir. Əlcəzair Prezidenti Abdelkader Bensalah 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana səfər edib.

Hər iki ölkənin parlamentləri arasında da dostluq əlaqələri mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Əlcəzair parlamentlərarası işçi qrupu, eyni zamanda, Əlcəzair parlamentində Əlcəzair-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.

Afrika qitəsinin ən zəngin dövlətlərindən biri olan Əlcəzair illik 113,6 milyard dollarlıq ümummilli məhsulu ilə qitənin ən böyük beşinci iqtisadiyyatına malik ölkəsidir.
 
Azərbaycanda xidmət, ticarət və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən 5 Əlcəzair şirkəti qeydiyyatdan keçib. 1995-2022-ci illərdə Əlcəzairdən Azərbaycana 504,9 min ABŞ dolları investisiya qoyuluşu həyata keçirilib. 2021-ci ildə Azərbaycanın Əlcəzair ilə ticarət dövriyyəsinin həcmi 1.373,2 min ABŞ dolları, o cümlədən idxalın həcmi 1.363,7 min dollar, ixracın həcmi isə 9,5 min dollar təşkil edib, xarici ticarət saldosu isə mənfi 1.354,2 min dollar olub.
 
2022-ci ilin yanvar-sentyabrında isə ticarət dövriyyəsinin həcmi 865,75 min ABŞ dolları, o cümlədən idxalın həcmi 845,94 min dollar, ixracın həcmi 19,81 min dollar təşkil edib, xarici ticarət saldosu isə mənfi 826,13 min ABŞ dolları olub.
 
N.Təbrizli







www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb